Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2017-ci ilin dövlət büdcəsi layihəsi dünya iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlanıb

02 Dekabr 2016
 

Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsi layihəsi dekabrın 2-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında müzakirə edildi. Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, dövlət büdcəsi layihəsində ölkənin daxili reallıqları, qlobal iqtisadi proseslər nəzərə alınıb. Məqsəd ölkədə mövcud iqtisadi sabitliyi qorumaq, müxtəlif sahələrin inkişafını təmin etmək, sosial-mədəni sahəni diqqətdə saxlamaqdır.

 

Büdcə layihəsində kənd təsərrüfatının kompleks inkişafı nəzərdə tutulur

 

İclasda maliyyə naziri Samir Şərifov 2017-ci ilin büdcə layihəsi barədə məlumat verdi. Onun sözlərinə görə, gələn il üçün dövlət büdcəsinin layihəsi 2017-2020-ci illər üçün ölkəmizin tərtib olunmuş makroiqtisadi göstəricilərinin, habelə dünya iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlanıb. Qlobal maliyyə böhranının davam etməsi və son illər növbəti fazaya keçməsi, 2014-cü ilin ikinci yarısından etibarən dünya enerji bazarlarında neftin qiymətinin kəskin enməsinin mənfi fəsadları ölkə iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şərait formalaşdırıb. Təqdim olunan 2017-ci ilin dövlət büdcəsinin layihəsi bu makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi təlatümləri və reallıqları, habelə ölkəmizin üzləşdiyi strateji çağırışları nəzərə alır, Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi olaraq sosialyönümlü siyasətinin davam etdirilməsi üçün müvafiq maliyyə təminatını yaradır.
S.Şərifov qeyd etdi ki, cari ilin 10 ayı ərzində ölkədə 49, 2 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunmaqla real azalma 3,7 faiz, qeyri-neft sektoru üzrə 6,1 faiz olub. Azalmanın səbəbləri kimi ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda istehsalın 27,4 faiz aşağı düşməsini, eyni zamanda xarici ticarət dövriyyəsinin xeyli daralmasını, yüksək dollarlaşma və kredit portfelinin keyfiyyətinin pisləşməsi nəticəsində bank sisteminin böyük itkilərlə, hətta böhranla üzləşməsi və beləliklə, iqtisadiyyatın kreditləşməsinin ciddi azalmasını göstərmək olar. Belə bir şəraitdə 1998-ci ildən bəri ilk dəfə olaraq tədiyyə balansı kəsrlə üzləşib. Yaranmış makroiqtisadi vəziyyətlə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hökumət tərəfindən cari il həyata keçirilən tədbirlər milli istehsalçıların müdafiəsi və xarici ticarət tərəfdaşlarında gedən devalvasiyalar şəraitində milli valyutanın mübadilə məzənnəsinin tədiyyə balansının reallıqları ilə uzlaşdırılmasına yönəlib.
Bildirildi ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur. Bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 867 milyon manat və ya 5,2 faiz azdır. Gələn il üçün neft sektorundan gəlirlər üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8 milyard 100 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmçinin Azərbaycan vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyaclarını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və mənzil ipotekasının tətbiqi üçün 2017-ci ilin dövlət büdcəsindən 100 milyon manat ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatının aparıcı sahələrinin stimullaşdırılması və kompleks inkişafı, o cümlədən torpaqlardan səmərəli istifadə, pambıqçılığın, tütünçülüyün, taxılçılığın və baramaçılığın inkişafı üçün maliyyə təminatı da büdcədə nəzərdə tutulub.

 

Sahibkarlara göstərilən dəstəyin artırılması üçün sistemli tədbirlər hazırlanır

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə rəhbərlik etdiyi qurumun gələn ilin dövlət büdcəsi ilə bağlı rəyində növbəti il üçün dünya iqtisadiyyatındakı əsas meyillərin, ölkəmizdə formalaşan makromühitin, 2017-ci il üçün proqnozlaşdırılmış makrogöstəricilərin, dövlət büdcəsinin gəlir və xərclərinin büdcə-vergi siyasətinin əsas istiqamətlərinə və bu göstəricilərə adekvatlılığın qiymətləndirildiyini bildirdi. Onun sözlərinə görə, dövlət büdcəsinin bütün parametrləri ətraflı təhlil edilib və qanun layihəsinin qüvvədə olan qanunvericiliyə uyğunluğu araşdırılıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə çıxışında gələn il ölkəmizdə sosial siyasətin diqqət mərkəzində olacağını qeyd etdi. Onun sözlərinə görə, bütün səviyyələrdə dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinə zəruri dəstəyin göstərilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığı ilə rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq məqsədilə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək, idarəetmə strukturunu təkmilləşdirmək, fəaliyyət səmərəliliyini artırmaq və dövlət büdcəsindən asılılığını aradan qaldırmaq üzrə sistemli tədbirlər hazırlanıb həyata keçirilməsinə başlanılır.
S.Həsənova əlavə etdi ki, görülən tədbirlər, manatın ucuzlaşması ilə yerli məhsulların rəqabətqabiliyyətliliyinin bərpası, qeyri-ticari sektora investisiyaların səngiməsi ilə ticari sektora investisiyaların sıxışdırılması amilinin aradan qaldırılması, habelə milli iqtisadiyyat və onun əsas sektorlarının yol xəritəsinə uyğun olaraq beynəlxalq təcrübə də nəzərə alınmaqla hazırlanmış konkret tədbirlər paketi iqtisadiyyatın diversifikasiyasının genişlənməsinə imkan yaradacaq.

 

Gələn ilin büdcəsi beynəlxalq əlaqələr çərçivəsində problemlə qarşılaşmayacaq

 

İclasda Milli Məclisin komitə sədrlərinə çıxış üçün söz verildi. Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirdi ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi təkmil hazırlanıb və gənclər, idman siyasəti ilə bağlı ümumi xərclər azaldılmayıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə vurğuladı ki, gələn ilin büdcə layihəsi müasir çağırışlara cavab verir. Büdcədə təmsil olunan 66 şəhər və rayondan 34-ü özünümaliyyələşmə mexanizminə keçib. Bunu yaxşı bir hal kimi qiymətləndirmək lazımdır.
“Bu gün dünyada gedən iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşmür. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev özünün iqtisadi islahatlar konsepsiyasını ortaya qoyub. 2017-ci ilin dövlət büdcəsi layihəsinə də diqqətlə baxsaq, burada həmin konsepsiyanın əks olunduğunu görərik”. Bunları isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dedi. Onun sözlərinə görə, təqdim olunan büdcə layihəsi beynəlxalq əlaqələr çərçivəsində də hansısa problemlə qarşı-qarşıya qalmayacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə builki dövlət büdcəsi layihəsinin əvvəlki illərlə müqayisədə daha yığcam və konkret olduğunu qeyd etdi. Komitə sədri maliyyə nazirinə onu maraqlandıran bir neçə sual da ünvanladı.
Müzakirələr zamanı deputatlar Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Tahir Kərimli, Cavanşir Feyziyev və Şahin İsmayılov büdcə layihəsi barədə fikir və təkliflərini səsləndirdilər.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova da 2017-ci ilin dövlət büdcəsi layihəsinə münasibət bildirdi. O, layihənin yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, sənədsiz evlərin uçota alınmasının, sənədləşdirilməsinin və onlardan yığılan vergi və rüsumların büdcəyə xeyli miqdarda vəsait gətirə biləcəyini vurğuladı. Təklif etdi ki, məhkumların əməyə cəlb olunması nəinki onları islah edər, həmçinin bu istiqamətdə əlavə gəlir əldə edilməklə məhbusların saxlanılmasında istifadə oluna bilər.
Maliyyə naziri Samir Şərifov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Elgün MƏNSİMOV,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”