Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın dəniz nəqliyyatı sistemi Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib

01 Dekabr 2016
 

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində bu strateji sahə davamlı olaraq təkmilləşir, müasirləşir və modernləşir

 

“Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”.

İlham ƏLİYEV

 

Azərbaycan tarixən qədim İpək yolunun keçdiyi və bir-birinə uzaq məsafədə yerləşən dövlətləri ən qısa yolla birləşdirən, ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Ölkəmizin bu sahədəki tarixi rolu indi - qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində daha da artaraq strateji əhəmiyyət kəsb edir. Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də bu sahədə yeni təşəbbüslərin müəllifidir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

 

Dəniz nəqliyyatının inkişaf prosesi Heydər Əliyevin adı ilə bağlıdır

 

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olmasını ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə qiymətləndirirdi. Hələ 1998-ci ildə 32 ölkənin və 13 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunmuş konfransın məhz Bakıda təşkil olunması və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsini əks etdirən “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in də imzalanması məhz ulu öndərin böyük fədakarlığının nəticəsi olmuşdur. Ötən müddət ərzində bu istiqamətdə mühüm genişmiqyaslı layihələr həyata keçirilib.
Təqdirəlayiq haldır ki, ulu öndərin ölkənin tranzit potensialının inkişaf etdirilməsinə yönələn strateji kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması istiqamətində dövlət başçısının təşəbbüsləri nailiyyətlərlə nəticələnir və bu sahəyə yönələn irihəcmli dövlət investisiyaları nəzərdə tutulan işlərin maneəsiz aparılmasına real zəmin yaradır. Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu xətlərinin inşası və yenidənqurulması layihələri, yeni beynəlxalq hava limanlarının tikintisi, müasir avtomobil yolları şəbəkəsinin yaradılması Azərbaycanın tranzit daşımalarında iştirakının miqyasını dəfələrlə artırır.
Azərbaycanın nəqliyyat sektorunu dəniz sferası olmadan təsəvvür etmək çətindir. Dəniz nəqliyyatı tarixi inkişaf yolu keçib və bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb. Müstəqillik qazanıldıqdan sonra, xüsusən isə müasir dövrdə respublikamızda dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır. Bu vacib prosesin həyata keçirilməsində mərkəzi icra hakimiyyəti orqanı funksiyasını daşıyan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ölkə başçısının 6 fevral 2006-cı il tarixli 1271 nömrəli sərəncamına əsasən yaradılıb. Sərəncamda Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə aid edilib. Azərbaycan Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli fərmanı ilə təsdiq edilmiş “Əsasnamə”yə müvafiq olaraq administrasiya Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir.
Ümumiyyətlə, dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulub. Bu normaların effektiv fəaliyyət göstərən bir təşkilatda müzakirə və qəbul edilməsinin vacibliyi nəzərə alınaraq 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının strukturuna daxil olan Beynəlxalq Dəniz Təşkilatı yaradılıb. Azərbaycan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin may ayında Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunub.
Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı kompleksinin inkişafı sahəsində də müstəsna rolunu qeyd etmək istərdim. Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik üzündən, demək olar ki, dağılıb. Bizim ölkəmizdə isə iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahəsindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanılıb. Bu gün də qeyd edilən sahəyə diqqət və qayğı Prezident tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, “ro-ro” tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur ki, bu da ölkəmizin həqiqətən qüdrətli dəniz dövləti olmasını təsdiqləyir. Ümumiyyətlə, hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi möhtərəm Prezidentin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilməlidir.
Həmçinin “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları - Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir. Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

 

Dövlət Dəniz Administrasiyasının beynəlxalq əməkdaşlığı genişlənir

 

Dövlət Dəniz Administrasiyası fəaliyyətində Beynəlxalq Dəniz Təşkilatı (BDT) ilə münasibətlərə, eləcə də dəniz nəqliyyatı sahəsi ilə bağlı digər beynəlxalq və regional əməkdaşlığa böyük önəm verir. Qeyd etmək istərdim ki, BDT Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olub, beynəlxalq dəniz gəmiçiliyinin təhlükəsizliyi, mühafizəsi və dəniz mühitinin qorunmasını həyata keçirən beynəlxalq hökumətlərarası təşkilatdır.
BDT 1948-ci ildə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq konfransında “Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyası”nın qəbul edilməsi ilə təsis edilmiş və 1958-ci ildə “Hökumətlərarası dəniz məsləhətləşmə təşkilatı” (IMKO) adı ilə fəaliyyətə başlamışdır. Sözügedən qurumun adı 1982-ci ildən Beynəlxalq Dəniz Təşkilatı adlanır və təşkilata üzv dövlətlərin sayı hal-hazırda 171-dir. BDT-nin rəsmi məqsədi beynəlxalq dəniz gəmiçiliyinə aid istənilən texniki məsələlərdə hökumət tənzimlənməsini və praktika sahəsində hökumətlərin əməkdaşlığını təmin etmək, dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərəliliyi, dənizin gəmilər vasitəsilə çirkləndirilməsinin qarşısının alınması və bu cür çirklənməyə qarşı mübarizə məsələlərində mümkün qədər praktiki baxımdan maksimal normaların hamılıqla qəbul edilməsini təşkil etmək və buna şərait yaratmaq, təşkilatın məqsədi ilə əlaqədar inzibati və hüquqi məsələləri nəzərdən keçirməkdir.
Dövlət Dəniz Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Ölkəmiz bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə BDT ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirməkdədir.
Azərbaycan nümayəndə heyəti cari ilin 21-25 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən baş qərargahında keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci Sessiyasında iştirak edib. Sessiyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, dəniz mühitinin mühafizəsi, gələcəkdə dəniz qəzalarının qarşısının alınması, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu halları ilə mübarizəyə dair ümumi müzakirələr aparılıb. Sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Yanğın Təhlükəsizlik Sistemləri haqqında Məcəllə”yə, “Maye qazları qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə”yə, “Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə”yə, “Dayanıqlılığa dair Beynəlxalq Məcəllə”yə və dəniz nəqliyyatı sahəsi üzrə bir sıra digər mühüm sənədlərə təklif edilən dəyişikliklər nəzərdən keçirilib.
Beynəlxalq konvensiya və məcəllələrə təklif edilən dəyişikliklərdə gəminin konstruksiyası - struktur, otsek və dayanıqlılıq, maşın şöbəsi və elektrik avadanlıqları yanğından mühafizə, yanğın detektorları və yanğının söndürülməsi, xilasedici vasitələr və avadanlıqlar, dəniz təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi tədbirlər, müəyyən tip gəmilərin heyəti üçün xüsusi təlimlər barədə tələblər, xilasedici vasitələrin yerləşdirilməsi, gəmi avadanlıqları, qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı, neft tankerlərinin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı, müəyyən əməliyyatlarda istismar olunan gəmilər və müəyyən tip gəmilər üçün tövsiyə və əlavə təlimatlar, sertifikatların etibarlılıq müddətinin artırılması, şirkətlərin məsuliyyətləri, sertifikatlar və onların təsdiqnamələrinə dair təlimatlar, şirkətlərin, kapitanların və gəmi heyətinin tövsiyə olunan məsuliyyətlərinə dair təlimatlar öz əksini tapıb.
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sessiyanın sonunda Dəniz Təhlükəsizliyi Komitəsinin sədr və sədr müavini vəzifələrinə keçirilən seçkinin nəticələrinə görə, Avstraliyadan olan nümayəndə Bred Qrovs sədr, Argentinadan olan nümayəndə Xuan Karlos Kubisino isə sədr müavini seçilib.
Ölkəmiz 1995-ci ildən BDT üzv olduğu tarixdən etibarən “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (SOLAS-74), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (MARPOL), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” (STCW), “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya” kimi dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulmuşdur. Beynəlxalq konvensiya və protokollardan irəli gələrək dəniz nəqliyyatı sahəsinə dair tələblərin təmin olunması qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir.
Belə ki, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradılması haqqında” Prezidentin 6 fevral 2006-cı il tarixli 1271 nömrəli sərəncamında Azərbaycanda dəniz gəmiçiliyi sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətlərinin Administrasiyaya tapşırılması məsələsi öz əksini tapıb. Dövlət Dəniz Administrasiyası gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycanın dövlət bayrağı altında üzən gəmilər tərəfindən bu konvensiyaların tələblərinin yerinə yetirilməsinə nəzarət işini həyata keçirərək müvafiq sahədə böyük uğurların qazanılmasını təmin edib.
Dövlət Dəniz Administrasiyası tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2011-ci ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində Dövlət Dəniz Administrasiyası tərəfindən verilmiş diplom və sertifikatlar Avropa İttifaqının direktivlərinə uyğun olaraq Avropa İttifaqı tərəfindən tanınmışdır və xüsusi ilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”na daxil edilib.

 

Dəniz nəqliyyatı qanunvericiliyi beynəlxalq hüquqi standartlara tam cavab verir

 

Dəniz nəqliyyatı sahəsində qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər də xüsusi qeyd edilməlidir. Xatırladım ki, Avropa İttifaqı tərəfindən Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Azərbaycan üzrə Fəaliyyət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında 2 il müddətində “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında Tvinninq layihəsi” həyata keçirilib.
Qeyd edilən layihə çərçivəsində Avropa İttifaqı təcrübəsi və qanunvericiliyi nəzərə alınmaqla hazırlanmış “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilib. Qeyd olunan qanun 18 aprel 2014-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub. 7 fəsil və 29 maddədən ibarət olan adıçəkilən qanun Azərbaycanın dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətlərin tənzimlənməsini, limanların inşası, açılması, bağlanması qaydalarını, limanlarda fəaliyyətin həyata keçirilməsini, o cümlədən xidmətlərin göstərilməsi, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edən normativ müddəaları özündə ehtiva edir.
Həmçinin bu çərçivədə administrasiya tərəfindən hazırlanmış 9 layihədən artıq 7-si (“Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası”, “Gəmi agenti haqqında Əsasnamə”, “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası”, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”, “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”, “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası” və “Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası”) təsdiq olunub. Eyni zamanda adıçəkilən Tvinninq layihəsi çərçivəsində dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə Azərbaycan qanunvericiliyinin “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”ya uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm sənədlər işlənib hazırlanıb.
Qeyd edilən layihənin uğurlu icrasının davamı olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında 2015-ci ilin noyabr ayından əsas məqsədi dəniz nəqliyyatı sahəsi üzrə normativ hüquqi aktların beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarət olan “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq layihəsinin həyata keçirilməsinə başlanılıb ki, bu layihə çərçivəsində dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi ilə əlaqədar gəmi sahibləri və dənizçilər üçün inzibati məsuliyyətin müəyyən edilməsini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi üçün layihə hazırlanıb. Həmin layihə yekunlaşdırılaraq qısa bir zamanda aidiyyəti üzrə təqdim ediləcək.
Azərbaycan Prezidentinin 14 mart 2014-cü il tarixli 338 nömrəli sərəncamına əsasən ölkəmizin ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin 23 may 2014-cü il tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən adıçəkilən Mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil olunması, gəmilərin hərəkətinin idarə edilməsi, gəmilərdə yoxlamaların həyata keçirilməsi, bələdçi xidmətinin göstərilməsi, gəmilərin uzaq məsafədən izlənilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinə aid digər funksiyalar daxildir.
Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinə və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərməkdədir.
Məlumat üçün qeyd etmək istərdim ki, respublikamızda dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasında görülmüş işlər və təşəkkül tapmış mövcud dövlət nəzarət üsulu mütəmadi olaraq ölkəmizə səfərlər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilərək alqışlanmışdır. Dövlət Dəniz Administrasiyası tərəfindən mütəmadi olaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində görülmüş işlər və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması səviyyəsi barədə adıçəkilən təşkilatlara illik hesabatlar təqdim edilir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının müvafiq Qətnaməsinə əsasən 2014-cü ildən başlayaraq həyata keçirilən üzv dövlətlərin audit yoxlaması prosesi çərçivəsində adıçəkilən təşkilatın müstəqil ekspertlərinin yaxın dövrdə növbəti, müfəssəl yoxlama missiyası ilə respublikamıza səfəri planlaşdırılır.
Audit yoxlamasının nəticələri Beynəlxalq Dəniz Təşkilatı tərəfindən rəsmi olaraq dövlətə təqdim olunur və audit yoxlamasının nəticələrində əsas diqqətin dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş dövlət nəzarətinin effektiv və səmərəli həyata keçirilməsinə yönəldiyini nəzərə alsaq, hazırda formalaşdırılmış dövlət nəzarət mexanizmi audit yoxlamasından müsbət rəylə keçilərək respublikamızın dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərinin icrasının, habelə Beynəlxalq Dəniz Təşkilatında, eləcə də beynəlxalq aləmdə dəniz nəqliyyatı sahəsində müsbət imicinin qorunub saxlanılmasının və daha da artmasının qarantı hesab edilməlidir.

 

Nəqliyyat donanmasının yenilənməsi daim diqqət mərkəzindədir

 

Dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından mühüm göstərici olan dəniz donanmasını təşkil edən həmin gəmilərin orta yaş həddinin daha da azaldılması başlıca hədəf kimi müəyyən olunub və ölkəmizin tranzit potensialının gücləndirilməsi məqsədilə donanmanın yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır və bu məsələyə tərəfimizdən xüsusi həssaslıqla yanaşılır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən öz maddi imkanları hesabına ötən 3 ildə quru yük gəmilərinin, neft tankerlərinin, təchizat və sərnişin gəmilərinin alınması ilə donanmanın yenilənməsi istiqamətində mühüm addımlar atılmışdır.
Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda Xəzər dənizində ilk olacaq iki ədəd yeni unikal Ro-Pax tipli bərə gəmisi inşa edilməkdədir. Eləcə də müasir tələblərə cavab verən 7 - 13 min ton arası yükgötürmə qabiliyyətinə malik olan tankerlərin sifarişi nəzərdə tutulub.
Xüsusi olaraq vurğulamaq istərdim ki, quru yük gəmilərinin, tankerlərin, dənizdə neft və qaz əməliyyatlarının aparılmasına xidmət edən ixtisaslaşmış donanma üçün tələb olunan gəmilərin inşa edilməsi üzrə geniş texniki imkanlara malik Bakı Gəmiqayırma Zavodu istifadədə olan gəmilərin müasir standartlara uyğun, daha yeni gəmilərlə yenilənməsi baxımından ümumiyyətlə respublikamızda fəaliyyət göstərən bütün gəmi sahibləri üçün cəlbedici xarakter daşıyır.
Bununla əlaqədar olaraq bildirmək istərdim ki, adıçəkilən zavodda inşası 2017-ci ilin aprel ayına qədər başa çatdırılması planlaşdırılan, regionda analoqu olmayan xüsusi təyinatlı “Xankəndi” gəmisi 2017 - 2027-ci illər ərzində “Şahdəniz-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək. 155 metr uzunluğa, 32 metr enə, 13 metr hündürlüyə malik olacaq gəminin 2,5 metr hündürlüyündə böyük dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası olacaq.
Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malik olan bu sifarişlər yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda ölkəmizdə yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün də çox mühümdür.
Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə gəmiçilik sahəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, habelə regionda ən iri, müasir və güclü potensiala malik milli gəmiqayırma zavodunun tikintisi dəniz nəqliyyatı sahəsinə dövlətimiz tərəfindən göstərilən dəstəyin bariz nümunəsidir.

 

Azərbaycanın dəniz nəqliyyatı infrastrukturu Asiya və Avropa arasında səmərəli, etibarlı, birləşdirici körpüdür

 

Dəniz yolları, digər nəqliyyat xətləri bəşər sivilizasiyasının tarixində həmişə çox böyük rol oynayıb, həyatın bütün sahələrinə öz mühüm təsirini daim göstərib. Şərqlə Qərbi birləşdirən tranzit qovşağı kimi əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan ölkəmiz, eləcə də regionun inkişafı üçün yeni imkanların yaradılması, bu ərazilərdə yaşayan insanların rifahına töhfə verilməsi baxımından nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və etibarlılığının təmin edilməsi çox vacib bir məsələdir.
Bu gün administrasiya tərəfindən regionun lider dövlətinə çevrilən ölkəmiz üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin də qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır.
Xüsusilə vurğulanmalıdır ki, dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsi təhlükəsiz və etibarlı olmasa, bu sahə əcnəbi və yerli yük sahibləri üçün heç zaman cəlbedici ola bilməz. Belə ki, qeyd edilən amil nəqliyyat dəhlizləri ilə tranzit yükdaşımalarının həyata keçirilməsində yük sahiblərinin daim xüsusi diqqət etdikləri məsələdir.
Ölkəmizin ərazisi üzərindən keçən beynəlxalq və regional nəqliyyat dəhlizləri üzrə gəmilərin hərəkətinin optimallaşdırılması, dəniz və digər nəqliyyat növləri arasında nəqliyyat qovşaqlarında yük sahibləri, operatorlar, ekspeditorlar, agentlik və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi, dəniz yollarında naviqasiya təminatının yüksəldilməsi, eləcə də naviqasiya avadanlıqlarının yeni avadanlıqlarla əvəz edilməsi istiqamətində Dövlət Dəniz Administrasiyası tərəfindən müvafiq işlər görülür.
Administrasiya tərəfindən, həmçinin dəniz nəqliyyatının inkişaf etdirilməsi, nəqliyyat donanmasının dünya bazarında qarşıya çıxan rəqabətin tələblərinə uyğunlaşdırılması üçün yeniləşdirilməsi istiqamətində atılan mühüm addımlar dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsinə öz müsbət töhfəsini verəcək.
Fəaliyyətimizdəki uğurlardan danışarkən hazırda Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin, demək olar ki, hamısının elektronlaşdırılması faktını diqqətə çatdırmaq yerinə düşərdi. Hüquqi və ya fiziki şəxslər tərəfindən administrasiyaya ünvanlanan müraciətlər hətta qanunvericiliklə müəyyən edilmiş müddətdən də az bir zamanda əməkdaşlarımız tərəfindən ətraflı şəkildə cavablandırılır və həmin müraciətlərin böyük əksəriyyəti dərhal öz müsbət həllini tapır.
Xüsusilə bildirmək istərdim ki, administrasiya tərəfindən daimi olaraq dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən şirkətlərə qarşılaşdıqları problemlərin nəzəri və praktiki həlli yolları izah edilir və gələcəkdə bu kimi hallarla qarşılaşmamaları üçün qabaqcıl beynəlxalq təcrübə də nəzərə alınmaqla müvafiq tövsiyələr verilir.
Bununla yanaşı vurğulanmalıdır ki, dəniz nəqliyyatı müəssisələri, digər təşkilatlar, eləcə də vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədilə Dövlət Dəniz Administrasiyasında həftənin yeddi günü hər gün 24 saat aktiv olmaqla “Qaynar xətt” rabitə əlaqəsi fəaliyyət göstərməkdədir, eləcə də vətəndaşlarımız administrasiyanın rəsmi internet səhifəsində yaradılmış interaktiv sual-cavab bölməsi vasitəsilə də administrasiyaya aidiyyəti məsələlər üzrə müraciətlər ünvanlaya bilərlər.
Müstəqillik illərində Azərbaycan Respublikasının dəniz nəqliyyatı sistemi Avropa və Asiya nəqliyyat sisteminə intensiv inteqrasiya edərək Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Asiya ilə Avropa arasında birləşdirici körpü rolunu oynayan Azərbaycan dəniz nəqliyyatı infrastrukturunu möhkəmləndirməklə yanaşı, onun davamlı təkmilləşməsini, müasirləşməsini və modernləşməsini təmin edir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycanın dəniz nəqliyyatı və tranziti potensialının artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verəcək.

Qüdrət QURBANOV,
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi