Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qılıncoynatma idman növünə artan maraq bəhrəsini verir

27 Noyabr 2016
 

Elə idman növləri var ki, onlara təkcə bizdə yox, digər ölkələrdə də maraq böyük deyil. Bu səbəbdən belə idman növlərini tanıtmaq, təbliğ  etmək, populyarlığını artırmaq lazımdır. Onlardan biri qılıncoynatmadır. 

Məmnunluqla qeyd etmək istərdik ki, son illər respublikamızda idmana, xüsusilə olimpiya növlərinə maraq xeyli artıb. Dövlətin yürütdüyü uğurlu idman siyasəti sayəsində, o cümlədən qılıncoynatmaya meyil xeyli yüksəlib. Bunu 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyat Uşaq-Gənclər İdman məktəbinin timsalında da söyləmək mümkündür. Məktəbimizdə boks, velosiped və qılıncoynatma növləri üzrə qruplar fəaliyyət göstərir. Hər idman növü yaş qruplarına ayrılıb. 9 yaşdan 18 yaşadək uşaq və gənclər bu olimpiya idman növləri üzrə təlim-məşq keçir. Hazırda  qılıncoynatma ilə məşğul olanların sayı 100 nəfərdən artıqdır. Müqayisə üçün  deyim ki, bu, 10 il əvvələ nisbətən təxminən iki dəfə çoxdur. Bu idman növü ilə məşğul olanların sayı artdıqca əldə edilən uğurlar, nəticələr də yüksəlir. Məktəbimizin yetirmələri  respublika miqyaslı  turnirlərdə və  beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış edirlər. İştirak etdiyimiz yarışların mötəbərliyi, eləcə də  qazanılan medalların əyarı da yüksəlib.

Ötən il Bakıda keçirilən I Avropa Oyunlarında məktəbimizin qılıncoynadanları - Cavanşır Səfərov və Abdulla Həsənov da yarışıb. Elə həmin il idmançılarımız Polşa, Rusiya və Gürcüstanda təşkil olunmuş beynəlxalq turnirlərin hər birində fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı, bayrağımızı ucaltmağı bacarıblar. Cari ildə də həmin ölkələrə səfərlərimiz olub. Türkiyə və İranda da yarışlarda iştirak etmişik. Bu yarışlar gənc qılıncoynadanlarımız üçün  ciddi təcrübə məktəbidir. Beləcə, onlar həm ustalıqlarını artırır, həm də beynəlxalq yarışlarda təcrübə qazanırlar. Pespektivli qılıncoynadanlarımız  - Barat Quliyev, Cavid Cahangirov, Oqtay Bağıyev, Azərin İdriszadə, Ayla Muradzadə, Sara Aydəmirova, Xədicə Şamilova, Tuğay Zeynallı Nazilə Rəhimova, Kənan Məlikzadə, Hikmət Məmmədzadə və Nigar Quliyeva gələcək vəd edən idmançılarımızdır. Ümid edirik yaxın gələcəkdə onlar və digər yetirmələrimiz  qılıncoynatmada olimpiya çempionu olacaqlar. Bunun üçün çalışır, əlimizdən gələni edirik.

Beynəlxalq yarışlarda iştirak müəyyən maliyyə vəsaiti tələb edir. Bəzən çətinliklərlə üzləşsək də, birgə səylərlə problemləri həll etməyə çalışırıq. Təhsil Nazirliyi də bu işdə bizə dəstək verir.

Məktəbdə yüksək əhvali-ruhiyyə hökm sürür. Məşqçi-müəllim heyətinin qayəsi, məqsədi mətin iradəli və yüksək hazırlıqlı, gözü yalnız zirvələrdə olan idmançılar, həmçinin nümunəvi vətənpərvər vətəndaşlar yetişdirməkdir. Valideynlərə də tövsiyəmiz var: uşaqlarınızı  arzularınıza görə deyil, onların qabiliyyəti, istedadı və istəkləri əsasında idman növlərinə yönləndirin. Qılıncoynatma idman növünə də diqqət edin. Bəlkə övladınız məhv bu idman növündə olimpiya çempionu olacaq qədər istedada malikdir.

 

İslam RƏHİMOV,

məşqçi-müəllim