Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sahibsiz kran təhlükə mənbəyinə çevrilib

27 Noyabr 2016
 

Hörmətli redaksiya!

Bərdə şəhərində, internat məktəbin həyətində illərdən bəri unudulmuş qaldırıcı inşaat kranı artıq təhlükə mənbəyinə çevrilib. Məktəb müəllimlərinin, şagirdlərin, eləcə də bura gəlib-gedən hər kəsin həyatı üçün bu, kifayət qədər ciddi təhlükədir. Külək əsəndə yırğalanan kranın aşmaq ehtimalı zaman keçdikcə artır: baxımsız qalan metal konstruksiya ətraf mühitin təsiri altında öz dayanıqlığını itirir.  Əgər o aşarsa, törədəcəyi fəsadlar ağır ola bilər.

Təxminən 20 il əvvəl bu ərazidə aparılan tikinti işləri yarımçıq dayandırılıb. Elə o vaxtdan da beşmərtəbəli binaların tikintisində istifadə edilən bu hündür kran inşaat meydançasında “unudulub”.

Küləkli günlərdə şagird və müəllimlər təhlükəli kabusa çevrilmiş kranın yanından ehtiyatla, qorxa-qorxa keçirlər. Görəsən, bu kranın sahibi kimdir? Onu məktəbin ərazisindən niyə götürmürlər? Tədbir görmək üçün mütləq  bədbəxt hadisə baş verməlidir? Məgər gözlənilən hadisəni qabaqlamaq olmazmı?

Ümid edirik, bu müraciətimizdən sonra kran sökülüb məktəb ərazisindən uzaqlaşdırılacaq, təhlükə aradan qaldırılacaq.

 

Telman HÜSEYNOV,

Bərdə rayon sakini