Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heç nə unudulmur, heç kim yaddan çıxmır

20 Noyabr 2016
 

Erməni separatizmi baş qaldırıb torpaqlarımız işğal olunmağa başlayandan bəri təkcə yadelli düşmənlərlə, onların regiondakı əlaltıları ilə deyil, hərc-mərclik dövründə xəyanətkarlara qarşı da mübarizə aparmalı olmuşuq. 1990-cı illərin əvvəllərində siyasi səbatsızlıq və xəyanətkarlıq ölkəni vətəndaş müharibəsi həddinə gətirmişdi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra fəlakətdən xilas olduq.

Düşmən bu fürsətdən yararlanıb işğal siyasətini bir qədər də genişləndirdi. İtkilərimiz də az olmadı. Aqil Musayev 1993-cü ilin mayında Milli Ordu sıralarına çağırılmışdı. Qısamüddətli təlimdən sonra cəbhəyə göndərilmişdi. Az müddətdə hərbi hissə heyətinin hörmətini qazanmışdı. İlk döyüşü Ağdam ətrafında olmuşdu. Aqil hər dəfə döyüşə bir amalla yollanırdı: torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək, respublikamızın ərazi bütövlüyünü bərpa etmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. O, Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda iştirak etmişdi. Füzuli yaxınlığındakı döyüşdə yaralanmışdı. Bir müddət müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtmışdı...

Aqil Musayev 1994-cü ildə Gəncədə qiyamçı dəstə zərərsizləşdirilərkən həlak oldu. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Qazax rayonunun Əzizbəyli kəndindəki Şəhidlər xiyabanında uyuyan Milli Qəhrəmanın xatirəsi həmişə uca tutulur. Tarixi günlərdə, bayram mərasimlərində yad edilir, ruhuna dualar oxunur. O, anadan olduğu noyabr ayında da xatırlanıb. Bu günlərdə Aqil Musayev bir daha anıldı. Gənclərə, məktəblilərə onun Vətən qarşısındakı xidmətlərindən, keçdiyi döyüş yolundan danışıldı. Bəli, heç nə unudulmur, heç kim yaddan çıxmır...

 

Azər ƏLİYEV,

Qazax rayon sakini