Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vətən haradan başlanır

20 Noyabr 2016
 

Oğlum Eltun İsgəndərov sərhəd zastavasında nümunəvi xidmətə görə bir neçə dəfə komandirlik tərəfindən fəxri fərmanlara layiq görülmüşdü. Özü də həmişə deyərdi ki, Vətən sərhəddən başlayır, onu göz bəbəyi kimi qorumalı, yeri gəlsə, uğrunda canımızdan keçməliyik. Belə də etdi. 2009-cu il iyun ayının 18-də bir qrup cinayətkar sərhəd pozucusunu zərərsizləşdirərkən şəhid oldu. Eltunun şücaəti yüksək qiymətləndirilərək ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Bu yaxınlarda Eltunun doğum günü idi. Yaşasaydı, 26 yaşı olacaqdı. Həmişəki kimi, bu dəfə də Samuxda onun doğum günü təntənə ilə qeyd edildi. Rayon ictimaiyyətinin nümayəndələri Eltunun qəbrini ziyarət etdikdən sonra tədbir vaxtilə təhsil aldığı Əhmədbəyli kənd orta məktəbində davam etdirildi. Burada onun şücaətindən danışdılar.

Belə tədbirlər bir tərəfdən valideynlərə təsəlli verir, digər tərəfdən yeniyetmə və gənclərə vətənpərvərlik ruhu aşılayır. Axı vaxt gələcək, onlar da böyüyüb boya-başa çatacaqlar. Kim bilir, bəlkə onların da arasında sərhədçi olacaq, Vətənin keşiyində ayıq-sayıq dayanıb ənənəni davam etdirəcək. Lazım gəlsə, Mübariz İbrahimov kimi, Eltun kimi canlarından keçəcəklər. Biləcəklər ki, xalqımız onların hünərini heç vaxt unutmayacaq, onları yaddan çıxarmayacaq.  

Hörmətli redaksiya! Fürsətdən istifadə edib oğlumun ad gününü təşkil edənlərə və iştirakçılara qəzetiniz vasitəsilə ailəmizin minnətdarlığını çatdırmağı xahiş edirəm. 

 

Xaləddin İSGƏNDƏROV,

Samux rayon sakini