Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şabrana turist marağı ilbəil artır

20 Noyabr 2016
 

Şabran rayonunda tarixi keçmişimizi, mədəni və mənəvi irsimizi özündə yaşadan çoxlu abidə var. Rayon ərazisində aparılan  arxeoloji qazıntılar zamanı  tapılan əşyalar keçmiş haqqında  zəngin məlumat mənbəyidir. Onlar arxeoloqlar və tarixçilər üçün elmi maraq kəsb etməklə yanaşı, turizmin inkişafına da təkan verən dəyərə malikdir. Təsadüfi deyil ki, Şabrana təşrif buyuran turistlərin sayı son dövrlər xeyli artıb.

Turizm potensialımız isə xeyli genişdir. Rayon ərazisində 150-yə yaxın tarix və mədəniyyət abidəsi mövcuddur. 21 abidə dövlət tərəfindən mühafizə edilən, qorunan abidələr siyahısındadır. Bu tarixi abidələrdən ən məşhuru Çıraqqaladır. Bu qala kompleksi eyni adlı sıldırım qayanın üzərində, 1232 metr hündürlükdə yerləşir. Çıraqqala əsrlərdir zamanın tufanlarına sinə gərərək ulularımızın şanlı tarixini bugünümüzə qədər yaşadıb. Rayonumuza gələn turistlərin çoxu bu tarixi kompleksi görmək istəyir.

Eyni zamanda Şabran Tarix Memarlıq Qoruğu, tarixi qədim dövrlərə gedib çıxan kəndlərimiz - Dağ Bilici, Şahnəzərli, Əmirxanlı, Uzunboyad turistlərin maraq dairəsindədir. Başa vurmaqda olduğumuz ildə bu abidələri 2726 turist ziyarət edib. Onların 2263-ü yerli, 463 nəfəri isə xarici ölkə vətəndaşıdır.

Turistlərin yüksək dəyər verdiyi məkanlardan biri də, sözsüz ki, “Qalaaltı” müalicə  mərkəzidir. Bu mərkəz yüksək tələblərə cavab verən şəraiti və komfortu ilə seçilir. Kompleks füsunkar təbiətlə əhatələnməklə yanaşı, müasir memarlıq elementlərini özündə cəm edib. Qalaaltı suyu müalicəvi əhəmiyyətinə görə də dünya şöhrətli bir çox kurortu üstələyir. Təsadüfi deyil ki, ilin əvvəlindən 37 minə yaxın turist müalicə və istirahət üçün bu mərkəzi seçib. Onların 1990 nəfəri Avropa ölkələrindən gələnlər olub.

Rayonda qış turizminə də hazırlıq görülüb. Mütəxəssislər bu fəsildə də rayona böyük turist axınının gözlənildiyini bildirirlər.

 

Vəfa HÜSEYNOVA,

Şabran