Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İxtiyar Hüseynli: İlham Əliyev düşmənin bütün hərbi hədəflərinin məhv olunacağını Lələtəpədən bəyan etdi

15 Noyabr 2016
 

Ali Baş Komandanın işğaldan azad edilmiş ərazilərdən təcavüzkara sonuncu çağırışı:

- Lələtəpə də, Şuşa da, Xankəndi də Azərbaycandır;
- Aprel döyüşləri bizim şanlı qələbəmizdir;
- Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin,
məğlub durumunu etiraf edib Azərbaycan torpaqlarından dərhal çıxsın.

Azərbaycanın Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərə başladığı gün - noyabrın 12-də Ali Baş Komandanın cəbhə xəttinin ən öndə yerləşən məntəqəsinə gəlişi Bakıdan Yerevanadək, həmsədr ölkələrin üç paytaxtından dünyanın ən nüfuzlu KİV-inə qədər geniş rezonans doğurdu. Bu, təbii idi. Çünki İlham Əliyevin səfəri adi hərbi səciyyə daşımırdı.
Baş Sərkərdə aprel hərbi əməliyyatları zamanı işğaldan azad olunan ərazilərə, Lələtəpə şücaət zirvəsinə gəlmişdi. Və buradan təcavüzkara, onun havadarlarına, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəxli olan bütün beynəlxalq dairələrə ən sərt mesajını göndərdi.

 

Lələtəpə əməliyyatı qəhrəmanlıq rəmzidir və tarix dərsliklərinə salınmalıdır

 

60 mindən artıq şəxsi heyətin, 50-dən çox təyyarə və helikopterin, 150-dən artıq tank və zirehli texnikanın, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sisteminin cəlb edildiyi təlimlərin həmin gün əsas istinad mərkəzi, əslində, Lələtəpə yüksəkliyi idi. Birbaşa Ali Baş Komandanı ilə çiyin-çiyinə səngərdə dayanan, komandanlıq məntəqəsində əməliyyat şəraitini müzakirə edən, düşmən mövqelərini izləyən əsgər və zabitlərimiz üçün bu qürurverici mənzərə həm də şərəflə məsuliyyətin bir-birini tamamladığı məqam idi.
Bu, qaliblərin görüşü idi: Lələtəpəni işğaldan azad edən ordunun Sərkərdəsiylə onun “hücum” əmrini ləyaqət və zəfərlə icra etmiş əsgərlərin görüşü...
Ali Baş Komandanın məğrur görkəmi, əsgər və zabitlərimizin müzəffər duruşu qalib Azərbaycan Ordusunun ən bariz hərbi təcəssümü, səmimi ictimai görüntüsü, dəqiq siyasi mənası, yüksək psixoloji effekti idi...
İlham Əliyevin birbaşa komandanı olduğu Silahlı Qüvvələrə səfərləri mütəmadi xarakter daşıyır. Onun hər gəlişi həm də qarşılıqlı hesabat yönümündə olur. Şəxsi heyət Komandanına fədakar xidmətinin, mətin fəaliyyətinin nailiyyət nəticələrini təqdim edir. Prezidentsə hərbi və müdafiə sahəsində aparılan siyasətin mahiyyətini həm əsgərlərinə, həm xalqına, həm də bütün dünyaya açıqlayır.
Ali Baş Komandan Lələtəpə əməliyyatının timsalında ümumilikdə Azərbaycan Ordusunun hərbi gücünü ən yüksək səviyyədə dəyərləndirdi. Ermənistanın məlum aprel təxribatından sonra əks-hücuma keçən ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarındakı 2000 hektardan çox ərazini işğalçılardan azad etmişdi. Qəhrəmanlıqla qazanılan bu yüksəkliklər nəticəsində əlavə olaraq minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Və İlham Əliyevin bir neçə ay öncə işğal altında olan ərazilərdə bu gün qalib əsgərlərimizin hərbi xidmət keçdiyini deməsi, əslində, düşmənə sərt mesaj idi. Yəni bu hərbi güc növbəti aylarda daha geniş əraziləri təcavüzkardan təmizləmək iqtidarında, əzmində, niyyətindədir. Prezident konkret dedi: İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək!
Ali Baş Komandan əsgərlərimizin məhz əlverişsiz mövqelərdən hücuma keçərək mühüm strateji yüksəklikləri azad etməsini böyük qəhrəmanlıq, peşəkarlıq, məharət kimi qiymətləndirdi. Hətta o gərgin günlərdə şəxsən görüşdüyü yaralı əsgərlərin yalnız bir arzusunun - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq diləyinin olmasını söyləyərkən öz hərbiçiləri ilə duyduğu qüruru, iftixarı hər birimiz gördük!

 

İlham Əliyev S.Sarkisyana indi onun öz evində - Ermənistanda qalib gəlir

 

Bu gün Azərbaycanda həm orduda, həm də ictimaiyyətdə böyük ruh yüksəkliyi var. Açıq deyək: hər kəs qələbəyə köklənib və bunun mümkün olduğunu da aprel əməliyyatlarının timsalında artıq dəqiq bilir. Bu, şübhəsiz ki, İlham Əliyevin 13 illik prezidentlik missiyasının məntiqi nəticələrindəndir:
- Prezidentin yüksək diplomatik fəaliyyəti hərbi əməliyyatlarımızın gerçəkləşməsinə beynəlxalq hüquqi zəmin formalaşdırıb;
- düzgün iqtisadi siyasət Azərbaycanın bu savaşdan qalib çıxması üçün fövqəladə gücünü yaradıb;
- uğurlu hərbi islahatlar ordumuzun qüdrətini artıraraq, onu Qarabağı düşməndən tam təmizləyəcək səviyyəyə yüksəldib;
- xalqın və fəal siyasi zümrənin Ali Baş Komandana birmənalı inamı, dəyişməz etimadı mövcuddur.
Bu istiqamətlər Azərbaycanın iqtisadi-siyasi-hərbi gücünü müəyyənləşdirən əsas amillər, onun qələbəsinin labüdlüyünü şərtləndirən mühüm məqamlardır.
Ermənistanı, onun rəhbərliyini beynəlxalq miqyasda haqsız və nüfuzsuz duruma salan, bölgənin iqtisadi xəritəsindən silən, bütün qlobal layihələrdən təcrid edən İlham Əliyev təcavüzkarı indi döyüş meydanında da məğlub duruma saldı!
Artıq Lələtəpədəki səngərdə əsgərinə əmr verən Komandan İlham Əliyevdir!
Amma görünən odur ki, İlham Əliyev bununla da kifayətlənən deyil!
Azərbaycan Prezidentinin “Bölgədə, Qarabağda sülh yaranmasa, Ermənistanın iflası və məhvi daha da tezləşəcək” bəyanatı artıq bu ölkədə geniş əks-səda yaradıb və İlham Əliyevlə tam razılaşan ermənilərin sayı durmadan artır.
İlham Əliyev öz həqiqətləri, düzgün yanaşmaları ilə Ermənistanın ictimai fikrində mifləri dağıdıb və proses günü-gündən daha geniş miqyas alır!
İlham Əliyev erməni cəmiyyətində uzun onilliklər dəyişməyən vahid “miatsum” düşüncəsinə alternativ fikrin səslənməsinə rəvac verib və xalqı “Qarabağa birləşək” utopik-mümkünsüz ideyadan ayrılaraq konkret xilas təklifləri üzərində düşünməyə yönləndirib!
İlham Əliyevin çağırışları Ermənistanda vətənpərvərlərə cəsarət verir, onların Bakıya gələrək bütün erməni xalqının S.Sarkisyan kimi düşünmədiyini söyləməyə, Xocalı soyqırımına görə ermənilər adından üzr istəməyə vadar edir!
Artıq ermənilər S.Sarkisyanın “əbədi savaş - əbədi səfalət” siyasətini anlayaraq ondan kütləvi şəkildə üz döndərir və öz gələcəkləri üçün İlham Əliyevin “Qarabağda sülh - Qafqazda inkişaf - erməni xalqının rifahı” təklifini dəstəkləyirlər!
İlham Əliyev S.Sarkisyana indi onun öz evində - Ermənistanda qalib gəlir!..

Tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq

 

Prezident aprel döyüşlərinin hərbi dərsliklərə salınmasını tövsiyə etməklə yanaşı, bu hərbi əməliyyatların uzun illər erməni ordusu barədə yaranmış mifi dağıtdığını və Azərbaycan Silahlı Qüvvələrinin əsl qüdrətinin göstəricisi olduğunu da söylədi.
Həqiqətən də bu gün beynəlxalq hərbi reytinqlərdə Azərbaycan Ordusu Cənubi Qafqazın alternativsiz hərbi gücü sayılmaqla yanaşı, hərbi arsenalına, potensialına, təminatına, hazırlığına görə dünyanın öndə gedən silahlı qüvvələrindən biri hesab edilir.
“Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi” deyən Ali Baş Komandan son 7 ay ərzində bu təminatın daha da yaxşılaşdığını və müasirləşdiyini söylədi. Dünyanın ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahları, texnikası artıq Azərbaycan Ordusunun sərəncamındadır.
Prezidentin Horadizdə yeni salınan qəsəbədə hərbi yönümlü məktəblərin kursantları ilə görüşü də əlamətdar anlarla yadda qaldı. Hələ uşaq yaşlarından hərbçi olmaq istəyən və yeniyetmə yaşlarından hərbi məktəblərdə təhsil alan bu gənclər görmədikləri vətənlərinin - Füzulinin azad edilməsində İlham Əliyevin rəhbərliyi altında iştirak etməyi ən böyük arzuları kimi dilə gətirdilər.
Ali Baş Komandanın bu hərbçilərə sözləri isə həm də Böyük Vətənpərvərin gənc nəslə tövsiyəsi və bir ata nəsihəti idi: “Siz hərbçi peşəsini seçmisiniz. Bu, çox şərəfli peşədir. Ordumuzun gücü ilk növbədə ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır. Döyüş qabiliyyətimiz də, vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, vətəni hər şeydən çox sevməlidir və vətən uğrunda öz qəhrəmanlığını göstərməlidir. Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən, düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, vətənə bağlıdır”.
Prezidentin tanış olduğu yeni qəsəbə, ümumiyyətlə isə Horadiz şəhəri - Füzuli rayonunun bir hissəsi bu gün inkişafına, müasirliyinə, modern quruculuğuna görə Qafqazın digər ölkələrinin əsas şəhərlərindən də öndədir. Amma 22 il öncə bura savaş meydanı, xoas məkanı idi, hər yan dağıdılmışdı. 1994-cü ildə Heydər Əliyevin əmri ilə Füzuli istiqamətində ordumuzun başladığı hərbi əməliyyatlar uğurla sona çatdı. Heydər Əliyev işğal edilmiş Füzulinin bir hissəsini azad etdi, Azərbaycana qaytardı. İlham Əliyev isə bu ərazilərə füzulililəri qaytardı, Horadizi abadlıq-quruculuq mərkəzinə çevirdi.
İlham Əliyev əmin etdi: tezliklə bütün Qarabağda bu abadlıq, quruculuq, inkişaf başlayacaq!
Prezidentin bölgədə verdiyi tapşırıqlar içində biri xüsusilə fərqləndi... İlham Əliyev azad olunmuş ərazilərdə təcili əkin-biçinə başlanmasına göstəriş verdi.
Dədə Qorqud öyüdüdür: “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən, qorumağa dəyməz”...
İlham Əliyev atalarımızın öyüdünə sadiqdir, müqəddəs bildiyi torpağın hər bir qarışını qoruyur, onu bərəkət mənbəyinə, ruzi ocağına çevirir və düşmənə göz dağı verir!
İlham Əliyevin cənnət Qarabağın taxıl zəmilərindən, pambıq tarlalarından ilk rəmzi məhsulu yığacağı gün də uzaq deyil...

İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”