Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

13 Noyabr 2016
 

Yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobilə zərər dəymişdir. Aparılan araşdırma zamanı hər iki avtomobilin sürücüsünün hadisənin baş verməsində təqsirli olması müəyyənləşdirilmişdir. Bu halda dəymiş zərərin əvəzi necə ödəniləcəkdir?

 

Əlövsət Kazımov,

Bakı şəhər sakini

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qeyd edilməlidir ki, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət təqsirsiz məsuliyyət (təhlükə məsuliyyəti) növünə aid olsa da, bu halda təqsirli məsuliyyət birbaşa qüvvədə olur. Buna görə də iki nəqliyyat vasitəsinin toqquşması halında meydana çıxan zərərin nəqliyyat vasitələrinin sahibləri arasında paylaşdırılması zamanı həmin sahiblərin təqsirləri nəzərə alınır.

Beləliklə, hər iki nəqliyyat vasitəsinin sahibi hadisənin baş verməsində təqsirli olduğundan onların hər ikisi üçün  təqsirin dərəcəsi müəyyənləşdirilməli və hər bir nəqliyyat vasitəsinin sahibi təqsiri həddində məsuliyyət daşımalıdır.  

   

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi