Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almaniyanın Əfqanıstandakı konsulluğu hücuma məruz qaldı

11 Noyabr 2016
Almaniyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki baş konsulluğunun binasının yaxınlığında güclü partlayış baş vermişdir. Taliban hərəkatının üzvləri minalanmış avtomobil partlatmışlar. Bu barədə Əfqanıstan polisinin nümayəndəsi məlumat vermişdir.

DPA agentliyi yerli xəstəxananın baş həkimi Nur Məhəmməd Faizə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər, o cümlədən hücum edənlərdən biri həlak olmuş, 120-dən çox adam yaralanmışdır. Yaralananlar arasında Əfqanıstanın Tacikistandakı səfiri də var. Alman personalı zərər çəkməmişdir və hazırda təhlükəsiz yerdədir.

NATO-nun nümayəndəsi “Röyter” agentliyinə bildirmişdir ki, hücumda iki maşından istifadə edilmişdir. Konsulluğun binasına ciddi zərər dəymişdir. Hazırda NATO qüvvələri diplomatik missiyanın binasını mühafizə edir.

Baş konsulluğa hücuma görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürmüşdür. Ekstremistlərin yaydığı bəyanatda deyilir ki, bu aksiya ötən ay Gündüz əyalətində bombardmana görə qisasdır.

Xatırladaq ki, NATO təyyarələrinin ötən ayın əvvəllərində şəhərə hücumu nəticəsində 30 dinc sakin həlak olmuş, 19 nəfər yaralanmışdır.