Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

06 Noyabr 2016
 

Atam vəsiyyətnamə yazaraq mənzili qardaşımın birinci uşağına vəsiyyət etmişdi. Lakin vəsiyyətnamə tərtib edilən tarixdə qardaşım heç ailə qurmamışdı.

Atam qardaşım  evlənəndən  bir ay sonra vəfat etdi. Qardaşımın uşağı isə atamın vəfatından 1 il sonra dünyaya gəldi. Qardaşım vəsiyyətnaməyə istinad edərək övladının mənzilə vərəsə olmasını iddia edir. Bilmək istəyirəm: qardaşımın uşağının mənzilə vərəsəlik hüququ var?

 

Arif XUDAMOV,

Bakı şəhər sakini

 

İstər qanun, istərsə də vəsiyyət üzrə vərəsə hüququ almaq  üçün tələb edilən şərtlərdən biri də miras qoyanın öldüyü məqamda şəxsin sağ olmasıdır. Eyni zamanda, miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxs də vəsiyyət üzrə vərəsə ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsi, m. 1134.2).

Sizin halda isə qardaşınızın uşağı vərəsə olmaq üçün yuxarıdakı şərtə cavab vermədiyindən vəsiyyət üzrə vərəsə ola bilməz.  

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin baş hüquq məsləhətçisi