Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

08 Sentyabr 2016
 

Qərar № 17/75

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirmək niyyətində olduqlarını bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə  2016-cı il avqustun 29-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Beləliklə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Təqdim edilmiş sənədlər həmin Qaydaların tələblərinə cavab verdiyindən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.

İstinad edilən Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adıçəkilən Qaydaların 1-ci və 2.3-cü bəndlərinə  əsasən qərara alır:

1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

07.09.2016