Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

17 İyul 2016
Ərim nikaha daxil olmamışdan bir neçə ay əvvəl ipoteka krediti hesabına mənzil almışdı. Nikah müddətində hər ikimiz işləməklə həmin krediti ödəmişik. Ailə münasibətlərimiz kəskinləşdiyi üçün boşanma ərəfəsindəyik. Bilmək istəyirəm: həmin mənzildən qanunla mənə pay düşür?

 

Yeganə MƏMMƏDOVA,

Bakı şəhəri

 

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında ifadə etdiyi mövqedən aydın olur ki, hər hansı əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün 3 şərt tələb edilir: 

I- Tərəflər nikahda olmalıdır (m. 32.1);

II- Əmlak əvəzli əqd əsasında əldə edilməlidir (m. 32.2, 34.1);

III- Əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir (m. 32.2, 34.1).

Sizin qeyd etdiyiniz halda nikah və ümumi gəlir hesabına əldə edilmə şərtləri mövcud deyildir. Bu baxımdan sizin həmin mənzil üzərində hər hansı mülkiyyət hüququnuz yaranmamışdır. Başqa sözlə, sizə həmin mənzildən hər hansı pay düşmür.

Bununla belə, sizin sözügedən mənzilin əldə edilməsinə verdiyiniz maddi dəstək də diqqətdən qaçırılmamalıdır. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinə görə, sizin və ərinizin əmək fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər sizin ümumi birgə mülkiyyətinizə daxildir.

Eyni zamanda, sözügedən mənzil üzrə yaranmış kredit borcunu ödəmək öhdəliyini isə siz deyil, əriniz daşısa da, həmin mənzilin əldə edilməsinə sərf edilmiş kredit məbləğinin ödənilməsi məhz birgə nikah dövründə, sizin və ərinizin fəaliyyəti nəticəsində əldə edilmiş pul vəsaiti hesabına təmin edilmişdir. Bu baxımdan tərəflər (siz və əriniz) arasında baş tutacaq əmlak bölgüsü ilə bağlı hər hansı mübahisədə siz bu halın diqqətə alınmasını tələb edə bilərsiniz.  

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi