|
Ordubadda səhiyyə xidmətinin səviyyəsi daha da yaxşılaşacaq
çap versiyası
Bağlar diyarı Ordubadda rayon mərkəzi xəstəxanası üçün bina təxminən 30 il bundan əvvəl inşa edilib. Ötən müddət ərzində orada əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Səhiyyə Nazirliyinin xətti ilə ara-sıra görülən cari təmir işləri isə daha çox "kosmetik" xarakter daşıyıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgədə həyata keçirilən böyük quruculuq tədbirlərindən biri də yeni tipli səhiyyə ocağının yaradılmasıdır. Bunun üçün köhnə və yararsız binada əsaslı təmir və yenidənqurma işləri aparılması lazım bilinməyib. İndi Avropa standartlarına uyğun inşa olunan obyekt müasir səhiyyə müəssisəsi olacaqdır. Onun inşasına bu ilin mart ayından başlanıb. Obyektdə dəmir-beton konstruksiya işləri tamamlanmaq üzrədir. İsti yay günlərində binanın arakəsmə divarlarında hörgü işləri aparılır. Kommunikasiya xətlərinin çəkilməsinə də başlanıb. Onu da qeyd edək ki, Ordubadda səhiyyə sistemi geniş şəbəkəyə malikdir. Rayon mərkəzi xəstəxanası 11 həkim ambulatoriyasını, 31 feldşer-mama məntəqəsini, 2 həkim-sağlamlıq müəssisəsini və epidemiologiya və gigiyena mərkəzini əhatə edir. Bu müəssisələrdə 40 həkim, 172 orta tibb işçisi fəaliyyət göstərir. Onların arasında təcrübəli həkimlər az deyil. Belələrindən söhbət düşəndə ilk növbədə İlham Seyidov, Bahadur Mahmudov, Şəfiqə Vəliyeva, Mübariz İbrahimov kimi həkimlərin adları çəkilir. Mübariz İbrahimov Sabirkənd həkim ambulatoriyasında çalışsa da, qonşu kəndlərdən ona müraciət edənlər də az olmur. Son illər rayonda aparılan quruculuq tədbirləri sayəsində 16 tibb müəssisəsi yeni obyektlərlə təmin olunub. Bist, Biləv, Sabirkənd, Gənzə kəndlərindəki həkim ambulatoriyaları bu qəbildəndir, Kələki, Dırnıs, Darkənd, Aza, Düylün, Nürgüt, Cənnəb kəndlərində tibb məntəqələri də normal şəraitdə fəaliyyət göstərir. Rayon mərkəzi xəstəxanası üçün inşa olunan 60 çarpayılıq yeni tipli obyekt tibb xidmətinin səviyyəsini müasir tələblər əsasında qurmağa imkan yaradacaq. Baş həkim Haçağa Bağırov deyir ki, indiyədək burada maddi-texniki baza zəif olduğundan bir çox hallarda ağır xəstələr Naxçıvan şəhərindəki, eləcə də qonşu rayonlardakı səhiyyə ocaqlarına müraciət etməli olurdular. Xüsusən də ağır cərrahiyyə, dializ və rentgen xidmətindən istifadə edənlər əksəriyyət təşkil edirdi. Yeni səhiyyə ocağı istifadəyə veriləndən sonra buna ehtiyac qalmayacaqdır. Yeni inşa olunan xəstəxananın aşağı hissəsi laboratoriya, həkim-stomatoloq kabinetləri və yardımçı otaqlar üçün nəzərdə tutulub. Laboratoriyadakı avadanlıqlar ümumi, biokimyəvi və bakterioloji analizləri yüksək səviyyədə aparmağa imkan yaradacaqdır. Xəstələrin rahatlığı üçün burada ən müasir lift də quraşdırılacaq. Tibb ocağı yeni qazanxana sistemi ilə təmin olunacaq. Obyektin ikinci, üçüncü mərtəbələrində poliklinika və terapiya-stasionar şöbələri, əməliyyat bloku yerləşəcək. Poliklinikada ultrasəs müayinə, stomatologiya, göz, lor və digər kabinetlər yaradılacaq. Üçüncü mərtəbənin bir hissəsində terapevt-stasionar şöbə fəaliyyət göstərəcək. Şöbə üçün 28 çarpayılıq 14 palata nəzərdə tutulub. Əməliyyat otağındakı müasir avadanlıqlar mürəkkəb cərrahiyyə əməliyyatlarını da aparmağa imkan verəcəkdir. Xəstəxananın sonuncu mərtəbəsində 80 nəfərlik iclas zalı ilə yanaşı, 11 palata və həkim kabinetləri olacaq. Avadanlıqlar Almaniya, Yaponiya, Koreya, Türkiyə və Rusiyadan gətiriləcək. "Gəmiqaya" MMC obyekti bir il ərzində inşa edib başa çatdırmağı planlaşdırıb.
Məmməd MƏMMƏDOV, "Azərbaycan"
Geri qayıtmaq
|