|
Füzulidə inkişaf bütün sahələri əhatə edir
çap versiyası
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan möhtəşəm və genişmiqyaslı quruculuq işlərində Füzuli rayonuna da yetərincə diqqət ayrılır. Dövlət proqramına uyğun olaraq Horadiz şəhərində Olimpiya İdman Kompleksinin, Böyük Bəhmənli kəndində tibb mərkəzinin, Yuxarı Mil kanalının Bala Bəhmənli kəndindən keçən hissəsində su elektrik stansiyasının tikintisi davam etdirilir. İki il əvvəl Horadiz şəhərinə ilkin mərhələdə 300 ailəyə verilən təbii qaz abonentlərinin sayı sürətlə artmaqdadır. Rayonun Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Mollaməhərrəmli, Arayatlı və Babı kəndləri cari ilin sonunadək təbii qazla təmin ediləcəkdir.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd yerlərini, rahat ev-eşiklərini itirib məcburi köçkünlərə çevrilmiş çoxsaylı rayon əhalisinə dövlət qayğısının miqyası çox genişdir. Bu qayğının əyani göstəricisi olan Zobucuq qəsəbələrində məskunlaşmış 2104 ailənin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə hər ailəyə 1 hektar torpaq sahəsi verilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 2500 hektar sahəni suvarmaq üçün qəsəbələrə su xətti çəkdirmişdir. 1100 hektar sahəni suvarma suyu ilə təmin etmək üçün 5 saylı qəsəbənin ərazisində, 600 hektar sahəni suvarmaq üçün Örənqala qəsəbələrində əlavə olaraq yeni nasos stansiyaları tikilib istifadəyə verilmişdir. Rayon iqtisadiyyatının başlıca sahələrindən olan kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət proqramının əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər hesabına rayonda taxıl, pambıq, şəkər çuğunduru, bostan-tərəvəz, meyvə, qarğıdalı, heyvandarlıq məhsulları istehsalı və emalı yüksələn xətlə artır. Üzümçülüyün inkişaf etdirilməsi üçün etibarlı bünövrə yaratmaq diqqət mərkəzindədir. Respublika hökumətinin qərarı ilə Haramı adlanan ərazidə üzüm əkini üçün 11.789 hektar sahə ayrılmışdır. Rayonda kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir. Bu məqsədlə fermerlərə, ayrı-ayrı torpaq mülkiyyətçilərinə, sahibkarlara kreditlər verilməsi ümumi inkişafa əhəmiyyətli təsir göstərir. Horadiz şəhərində yerli sahibkarlara kreditlərin verilməsinə müvəkkil edilmiş bank əməkdaşlarının vaxtaşırı keçirilən görüşləri artıq ənənəyə çevrilmişdir. Bu sahədə görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, keçən il 60 nəfərdən çox sahibkar kredit almışdır. Meliorasiya və irriqasiya işlərinin uğurla həyata keçirilməsi rayon ərazisində torpaqların münbitləşməsinə, aqrar sahənin dinamik və intensiv inkişafına müsbət təsir edir. Suvarma kanallarının, arxların lildən təmizlənməsi, nasos stansiyalarının vaxtlı-vaxtında təmir edilməsi hesabına sahələrin suvarılmasında heç bir problem yaranmır. Respublikada 2010-cu ilin "Ekologiya ili" elan edilməsi rayon əməkçilərinin fəaliyyətinə yeni istiqamətlər verir. Hər həftənin şənbə günləri iməcilik keçirilir, təmizlik, abadlıq işləri görülür, yeni əkilmiş ağaclar suvarılır, ərazidə salınmış yaşıllıqlara qulluq edilir. Yeni əkilən meyvə və bəzək ağaclarının sayı, yaşıllıqların ərazisi builki yaz mövsümündə əhəmiyyətli dərəcədə artmışdır. Respublikanın 50 şəhər və rayonunda məskunlaşmış 47 min nəfərə yaxın füzulili məcburi köçkünlə müntəzəm əlaqə saxlamaq, onların üzləşdiyi müxtəlif problemləri öyrənib aradan qaldırmaq, qayğı və diqqətə ehtiyacı olanlara kömək etmək rayon icra hakimiyyətinin fəaliyyətində başlıca istiqamətlərdəndir. Qrafik əsasında əhalinin daha sıx məskunlaşdığı, xüsusilə Bakı, Sumqayıt şəhərlərində, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında xidmət təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirakı ilə Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi görüşlər və səyyar qəbullar vətəndaşları narahat edən məsələlərin böyük əksəriyyətinin yerindəcə həll edilməsinə imkan verir. Ərazisinin xeyli hissəsi Ermənistan tərəfindən işğal edilmiş Füzuli rayonunda hərbi vətənpərvərlik tərbiyəsinə böyük önəm verilir. Rayon rəhbərliyi şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin qayğılarını daim diqqət mərkəzində saxlayır. Bayramlarda, əlamətdar günlərdə ərazidəki hərbi hissələrə sovqatlar aparılması, rayon mədəniyyət şöbəsi özfəaliyyət kollektivinin əsgər və zabitləri qarşısında konsertlər verməsi artıq ənənəyə çevrilmişdir. Rayonun orta ümumtəhsil məktəblərində hərbi kabinetlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, şagirdlərin hərbi idman oyunlarına daha geniş şəkildə cəlb edilməsinə xüsusi fikir verilir. Vətənpərvərlik mövzusunda keçirilən inşa yazı və rəsm müsabiqələri şagirdlərin dünyagörüşünün yüksək formalaşmasına, onlarda düşmənə nifrət hissinin aşılanmasına əhəmiyyətli təsir göstərir. Düşmənlə təmas xəttinin beş addımlığında yerləşən Horadiz şəhəri sürətlə böyüyür, abadlaşır, simasını dəyişib daha da gözəlləşir. Bu yurdun qeyrətli övladları dövlətin gündən-günə artan qayğısından güc alıb ürəklərinin odunu, əllərinin hərarətini doğma diyarı cənnətə döndərməyə yönəldirlər. Burada hara baxsan, abadlıq, quruculuq işlərinin vüsət aldığının şahidi olarsan. İndi Horadiz böyük inşaat meydanına çevrilib. Hamının ürəyincə olan Muğam Evinin tikintisi sürətlə davam edir. Dövlət Neft Şirkətinin vəsaiti ilə tikilən bu möhtəşəm mədəniyyət ocağı Horadizin görkəminə yeni naxış vuracaqdır.
Lazım QULİYEV, "Azərbaycan"
01.08.2010
Geri qayıtmaq
|