Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Yaxud bir daha qadınların məşğulluq problemi barədə
Sovet dönəmində jurnalistlərdən biri indi Prezidentin fərdi təqaüdçüsü olan, o zamanlar isə əllə pambıq yığımında rekord qazanan, Sosialist Əməyi Qəhrəmanı adını alan, böyük bir təsərrüfata rəhbərlik edən Qızqayıt Həsənovadan soruşur: "Son dərəcə incə, zərif məxluq - qadın necə qəhrəman ola bilər? Ümumiyyətlə, qadın və qəhrəmanlıq sözləri yanaşı deyiləndə bir-birinə yad səslənmir ki?" Qızqayıt xanım sualı belə cavablandırır: "Təbiət qadına o qədər güc-qüvvət verib ki! Qadın sübhəcən oyaq qalıb övlad böyüdür. Onun elə bircə yuxusuz gecəsi qəhrəmanlıqdır. Müharibədə, əmək meydanında, elmdə, idmanda göstərdiyi qəhrəmanlıq da bunun davamıdır. Qəhrəmanlıq üçün lazım olan bütün xüsusiyyətlər qadının özü ilə birgə doğulur". Hər dövr öz tələblərini irəli sürsə də, Azərbaycan qadınının fədakarlığı - Vətəni, torpağı, ailəsi, övladı uğrunda qəhrəmanlığı davam edir.
Yaranmış ənənəyə görə, bp Azərbaycan şirkəti hər il gördüyü işlərin hesabatını kitab şəklində nəşr etdirir. Dünən şirkət 2009-cu ilin hesabatının təqdimatını keçirdi. "Davamlı inkişaf haqqında hesabat" bu qəbildən olan yeddinci kitabdır. Burada ölkəmizin ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan bp-nin keçən il Azərbaycanda göstərdiyi fəaliyyət bütün aspektlərdən işıqlandırılıb. Belə ki, şirkətin hasilat, ixrac, əməyin təhlükəsizliyi, geoloji-kəşfiyyat, sosial sərmayələrin yönəldilməsi və digər sahələrdəki işi topluda öz əksini tapıb. bp Azərbaycan şirkətinin nəşrlər və əməkdaşlar üçün proqramlar şöbəsinin rəhbəri Rəşad Bayramov təqdimat mərasimində çıxış edərək sözügedən sahələrin hər biri üzərində ayrıca dayandı və onlar haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, keçən il "Azəri-Çıraq-Günəşli" yataqlarından orta gündəlik neft hasilatı 817,7 min barel olub. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri gündə orta hesabla 781 min barel neft daşıyıb. Ötən il Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürmə qabiliyyəti gündə təxminən 15 milyon kubmetr qaz və ya 92 min bareldən çox neft ekvivalenti təşkil edib. 2009-cu ilə aid göstəricilərin əvvəlki illə müqayisə edilməsi budəfəki hesabatın fərqli cəhətlərindən biri kimi qeyd olundu.
Bu il inflyasiyanın 6 faiz civarında olacağı gözlənilir. Azərbaycan Mərkəzi Bankının ilin birinci yarısındakı vəziyyətə əsasən hazırladığı proqnoz belədir. Hazırda Azərbaycanda inflyasiya 5 faizə yaxındır. Bank mütəxəssislərinin hesablamalarına görə, inflyasiya əsasən ölkədən xaricdə baş verən bahalaşma hesabına genişlənir. İstehlakın səviyyəsi və investisiya fəallığı isə inflyasiyanın böyüməsinə şərait yaratmır. Xatırladaq ki, ölkə Prezidentinin sərəncamı ilə minimum əməkhaqqı və əmək pensiyasının baza hissəsi 10 manat artırılıb. Sərəncama əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı və pensiya 75 manatdan 85 manata qaldırılır.
Cari ilin birinci yarısı ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına 254 milyon manat həcmində investisiyadan istifadə olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 25,8 faiz çoxalıb. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi isə 32,7 faiz artaraq 231,6 milyon manata çatıb. Bu, əsas kapitala yönəldilmiş investisiyanın 91 faizini təşkil edir.
Bu il İsmayıllı rayonunda 747 hektar sahədə kartof məhsulu yetişdirilib. Xeyli vaxtdır torpaq mülkiyyətçiləri erkən yazda əlverişsiz keçən hava şəraitində ağır zəhmət bahasına yetişdirdikləri məhsulu toplayırlar. Şimal dağlıq ərazilər istisna olmaqla, digər yerlərdə məhsul yığımı başa çatıb. İndiyədək sahələrdən 6 min tondan çox yüksək keyfiyyətli kartof yığılıb. Yığım davam edir və sahələrdən daha 300 tonadək məhsul götürüləcəyi gözlənilir. Rayonun Topçu, Qalınçaq, Qurbanəfəndi, Talıstan, Diyallı, Zərnava kəndlərinin sakinləri sahələrdən daha yüksək məhsul götürüblər.
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın baş katibi Valeri Çeçelaşvili Azərbaycandan Ukraynaya neft ixracının çox mühüm məqamlarına toxunmuşdur. AzərTAc xəbər verir ki, o, Ukrayna KİV-yə müsahibəsində GUAM ölkələrinin nəqliyyat dəhlizinin fəaliyyəti nəticəsində Ukraynanın bu ilin birinci yarısında neftə olan tələbatının 25 faizini ödədiyini bildirmişdir. Bu, çox vacib amildir. Onun sözlərinə görə, bu ilin 6 ayında Ukraynada xam neftin alınması üçün ayrılan 2 milyard dolların 500 milyonu Azərbaycandan xam neftin idxalına xərclənmişdir. Bu isə Azərbaycan-Gürcüstan-Ukrayna dəhlizinin fasiləsiz işləməsi nəticəsində mümkün olmuşdur. O, GUAM-ın belə layihələrdə əhəmiyyətini xüsusi vurğulamışdır.
Azərbaycan və Belarus arxitektura, şəhərsalma və tikinti sahəsində saziş imzalayacaqlar. Bu barədə Belarusun Arxitektura və İnşaat Nazirliyinə istinadən həmin ölkənin KİV-i xəbər yayıb. Xəbərdə deyilir ki, Azərbaycan və Belarus mütəxəssisləri normativ-hüquqi aktların hazırlanması, şəhərsalma və memarlıq-layihələndirmə sahəsində təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsində iştirak etməkdə maraqlıdırlar. Belarus təşkilatları "Böyük Bakı" layihəsində və Bakı buxtasına daxil olan ərazilərin yenidən qurulması ilə bağlı layihələrdə iştirak etmək niyyətindədirlər.
Hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, bu il Şamaxı rayonunda 18582 hektar sahədə taxıl yetişdirilmiş, zəmilərdən 31618 ton məhsul götürülmüşdür. Gələn ilin məhsulu üçün əkin sahələrini 19000 hektara çatdırmaq nəzərdə tutulmuşdur. Hazırda hər yerdə payızlıq şum çıxarılır, əkinə hazırlıq işləri aparılır. Bu məqsədlə kifayət qədər texnika ayrılmışdır. Hər gün sahələrə orta hesabla 40-50 şum traktoru çıxarılır.
Qazaxıstan Azərbaycanın taxıla olan tələbatını təmin etməyə hazırdır. Bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov deyib. Səfir Rusiyanın taxıl ixracına qadağa qoyduğunu xatırladaraq hazırda Qazaxıstanın postsovet məkanında əsas taxıl təchizatçısı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycandan taxılla bağlı daxil olan bütün sifarişlər yerinə yetirilir. Səfir həmçinin bildirib ki, hazırda Azərbaycan Qazaxıstandan 500 min ton taxıl alır. Bu il Qazaxıstanda 15 milyon ton məhsul toplanacağı, bunun 6-8 milyon tonunun ixrac olunacağı gözlənilir. S.Primbetovun sözlərinə görə, Qazaxıstan Azərbaycana taxıl satmağa hazırdır. Yalnız qiymətlə bağlı məsələ razılaşdırılmalıdır. Bu gün üçün taxılın bir tonunun qiyməti 230 dollardır.
Goranboy Şəbəkə Rayonunun xidməti ərazisindəki 110 kilovoltluq (kV) "Kürənçay" yarımstansiyasında 1 və 2 nömrəli transformatorların soyutma sisteminə əlavə soyuducular quraşdırılmışdır. Bu, onların yüksək temperaturdan qorunmasına xidmət edəcək. 110 kV-lik "Xocalı" və "Veyisli" yarımstansiyalarındakı transformatorların soyutma sistemləri də yoxlanılmışdır. "Azərenerji" ASC-dən verilən məlumata görə, "Xocalı" yarımstansiyasından qidalanan ərazidə cari ilin mayından 0,4 kV-lik şəbəkə üzrə SİP kabeli çəkilməsinə və smart-kart tipli sayğacların quraşdırılmasına başlanılmışdır. İndiyədək bu əraziyə 10 dəmir-beton dayaq, 10 kV-lik 95 travers qoyulmuşdur.
Bu ilin iyul ayında Ağcabədi Paylayıcı Elektrik Şəbəkə (PEŞ) Müəssisəsinin xidməti ərazisində 20,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş 87 faizdən artıq olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 17,3 milyon kilovat-saat və 98 faiz təşkil etmişdir. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2,7 milyon kilovat-saat, ödəniş isə 75,4 faiz olmuşdur. "Azərenerji" ASC-dən verilən məlumata görə, müəssisə üzrə cari ilin ötən 7 ayında 125,3 milyon kilovat-saat elektrik enerjisi istehlak edilmiş, ödəniş 68 faizə çatmışdır.
Kürdəmirdə torpaq mülkiyyətçiləri 1115 hektarda bol kartof yetişdirmişlər. İndiyədək sahələrdən 10 min 42 ton məhsul yığılmışdır. Hər hektarın məhsuldarlığı orta hesabla 98,4 sentnerdir. Axtacı, Mehdili, Qocalı və digər kəndlərdə daha yüksək məhsuldarlığa nail olunmuşdur. Əgər Kürqırağı ərazilərdə güclü leysan yağışları, çayda suyun səviyyəsinin qalxması, qrunt sularının üzə çıxması halları olmasaydı, daha yüksək məhsul götürmək mümkün idi. Belə ki, kartof əkini sahələrinin 359 hektarı tamamilə məhv olmuşdur. Kürdəmirin əksər ərazisində ildə iki dəfə kartof əkilir. Hazırda payızlıq kartof əkini sahələri becərilir. Mütəxəssislər sahələrdən azı 7-8 min ton məhsul yığılacağını proqnozlaşdırırlar.
Göyçaylı fermerlər gələn ilin məhsulu üçün payızlıq dənli bitkilərin əkininə ciddi hazırlaşırlar. Rayon statistika idarəsindən bildirirlər ki, torpaq mülkiyyətçiləri taxıl səpini aparmaq üçün artıq 2 min hektar sahəni şumlamışlar. Taxılçılar şum altına üzvi və mineral gübrələr verir, toxum tədarük edirlər. Ötən ildən fərqli olaraq bu il rayonda taxılçılığa maraq xeyli artmışdır. Mütəxəssislərin fikrincə, 2011-ci ilin məhsulu üçün rayonda təxminən 14 min 500 hektara taxıl səpiləcək.
Bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikasında taxıl biçini kampaniyası başa çatmışdır. Cari ilin məhsulu üçün əvvəlki ildəkindən 362 hektar çox - 33 min 954 hektar taxıl əkilmişdir. Bunun 25 min 276 hektarı buğdadır. Biçin kampaniyasına 116 kombayn cəlb edilmişdi. Bu, gün ərzində 1000 hektardan artıq məhsulu toplamağa imkan vermişdir. Babək rayonunda 10 min 240 hektardan 29 min 882 ton, Şərurda 9076,2 hektardan 27 min 743 ton, Culfada 4274 hektardan 9861 ton, Ordubadda 2050 hektardan 5391 ton, Kəngərlidə 3820 hektardan 10460 ton, Sədərəkdə 2071 hektar sahədən 6041 ton, Şahbuzda 1214 hektar sahədən 3546 ton məhsul əldə edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi 2010-cu ilin sentyabr ayının 20-dən 30-dək Bakı şəhəri, Xətai rayonunun ərazisində Əhmədli metrosunun yaxınlığındakı "Bakı" kinoteatrının qarşısında Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcəkdir. Sərgi-satış yarmarkasının açılışı sentyabr ayının 20-də saat 12-00-da olacaqdır. Sərgi-satış yarmarkasına yalnız arıçılıq təsərrüfatı olan arıçılar dəvət olunurlar.
Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq Mərkəzi və rayon icra hakimiyyəti Kürdəmirdə əmək yarmarkası keçirmişlər. Tədbirdə rayonun 69 dövlət və qeyri-dövlət təşkilatı 401 boş (vakant) iş yeri təqdim etmişdir. Həmin iş yerlərində orta aylıq əməkhaqqı 75 manatdan 220 manatadək olmuşdur. Əmək yarmarkasında 1000 nəfərə yaxın işaxtaran iştirak etmişdir. Tədbir zamanı 116 nəfərə işə göndəriş verilmiş, 2 nəfər kvota yerinə, 22 nəfər peşə hazırlığına, 11 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.
Emal bölməsi ölkə sənayesində mədənçıxarmadan sonra xüsusi çəkisinə görə ikinci yeri tutur. Bu bölmənin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) ilin əvvəlindən 2902,9 milyon manatlıq məhsul buraxmış və xidmət göstərmişlər. Sahədə istehsalın həcmi 9,8 faiz artmışdır. İstehsalın xeyli hissəsi qida məhsullarının payına düşmüşdür. Belə ki, qida məhsullarından makaron məmulatlarının istehsalı 12,5, pendir və kəsmik 2, ət 3,9, süd 3 faiz artmışdır. Artım digər məhsullarda da müşahidə olunmuşdur. Kərə yağının istehsalı 12,2 min tona, cem və marmeladlar 4,3 min tona, duru bitki yağları 25,4 min ton olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyi Qubada payız əkininə hazırlıq, toxum tədarükü, bu sahədə qarşıda duran vəzifələr və ortaya çıxan problemlərə həsr olunmuş geniş seminar-müşavirə keçirmişdir. Tədbirdə ölkənin şimal bölgəsi - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavinləri, toxumçuluq təsərrüfatları rəhbərləri, taxılçılıqla məşğul olan fermer və sahibkarlar iştirak etmişlər. Müşavirəni giriş sözü ilə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov açaraq bildirmişdir ki, respublikada aqrar islahatlar həyata keçirildikdən sonra rayonda taxılçılığın inkişafı ilə bağlı xeyli iş görülmüşdür. Havaların qeyri-sabit keçməsinin taxılçıları imtahana çəkməsinə baxmayaraq bu sahədə uğurlar əldə edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsi Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirmişlər. Ərazidə fəaliyyət göstərən "Sevil-O" istehsalat kommersiya firmasına məxsus "Tropikanka" iaşə obyektində formalaşan tullantılara görə firma hüquqi şəxs qismində inzibati qaydada 7 min manat məbləğində cərimə olunmuşdur. "Delfin" və "Elnur" iaşə obyektlərinin iş icraçıları R.Qurbanov və D.Quliyeva hər biri fiziki şəxs qismində 500 manat cərimə ödəməli olmuşlar.
Bu gün Azərbaycan iqtisadiyyatının əksər sahələrində olduğu kimi, təbii qaz hasilatında da yüksək nailiyyətlərə imza atılmaqdadır. Sahənin ilbəil modernləşməsi, qabaqcıl texnologiyaların, dünyada mövcud olan ən yüksək standartların tətbiqi, peşəkar kadrlarla təminatı istehsalın artım sürətinə güclü təkan verib. Avqustun 1-nə olan məlumata görə, ölkədə 15 milyard 435,1 milyon kubmetr qaz hasil edilib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 11,2 faiz çoxdur. Bunun da xeyli hissəsi xarici ölkələrə ixrac olunur. Azərbaycan bundan sonra uzun onilliklər boyu, daha dəqiq desək, azı yüz il özünü dünyaya etibarlı təbii qaz təchizatçısı kimi göstərmək iqtidarındadır. Təsadüfi deyil ki, xarici şirkətlərlə imzalanan kontraktların, onların qaz istehsalında Azərbaycana qoyduqları sərmayələrin miqdarı ilbəil artır.
Ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində yaxın perspektivdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətdə, dövlət idarəetməsində və iqtisadiyyatın bütün sahələrində geniş tətbiqi təmin ediləcək. İKT üzrə yerli istehsal və sektorun ixrac potensialı yüksələcək. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, indiyədək həyata keçirilmiş tədbirlər nəticəsində informasiya və kommunikasiya infrastrukturu genişləndirilib, müasir xidmətlərə və bəzi İKT məhsullarının ixrac edilməsinə başlanıb. Bunun nəticəsidir ki, əldə olunan nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir. Nazirliyin mətbuat xidməti bildirir ki, monitorinqlər nəticəsində bir sıra ticarət obyektlərində ümumi çəkisi 170 kiloqram, saxlama müddəti ötmüş ərzaq malları aşkar olunmuş, onlar satışdan çıxarılaraq məhv edilmişdir. Həmin obyektlər Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Orxan market", Güloğlan Həsənova, Nərminə İsayevaya, Vaqif Dadaşova, Nəriman İsmayılova məxsus mağazalar, "Xan bağı market", "Amil market", "Rza market", Gəncə şəhərində Gəncə Şəhər Kooperativ Cəmiyyətinə, Tərtər rayonunda Aygün İmanovaya məxsus mağazalardır.
Astara rayonunda çəltik biçini kampaniyası davam edir. İndiyədək 190 hektar sahənin məhsulu yığılıb. Çəltikçiliklə əsasən rayonun Səncərədi, Artupa, Suparıbağ, Ərçivan və Kakalos kəndlərində məşğul olurlar. Bu il rayonda 215 hektar sahədə çəltik əkilmişdi. Ümumiyyətlə, çəltikçilik ağır zəhmət tələb edən sahədir. Üstəlik, bu il çəltiyin əkininə və məhsuldarlığına əlverişsiz hava şəraiti də təsir etmişdir. Torpaq mülkiyyətçilərinin əkin apardıqları sahə ötən illə müqayisədə 10 hektar az olmuşdur. Bir tərəfdən də havaların isti və quraq keçməsi məhsuldarlığa mənfi təsir göstərmişdir.
Qusar rayonu ərazisində "Şahdağ" qış-yay turist kompleksinin inşasının birinci mərhələsinin sığortası üzrə sənədlərin hazırlanması və imzalanması prosesi başa çatmışdır. İnşaatın 365 milyon avro dəyərində birinci mərhələsi 2013-cü ilin avqust ayınadək müddəti əhatə edir və idman tikililərinin, mehmanxanaların və digər obyektlərin beynəlxalq standartların tələblərinə cavab verən dağ xizəkçiliyi və əyləncə kurort mərkəzinin yaradılması çərçivəsində hazırlıq və əsas işlərin ümumi həcmini nəzərdə tutur. Tam miqyaslı sığortaya kompleks obyektlərinin inşası zamanı bütün maddi risklər, potensial zərərlər üzrə üçüncü şəxslər qarşısında məsuliyyət və terror ilə əlaqədar risklər, həmçinin görülmüş işlərin keyfiyyət zəmanəti predmeti üzrə inşaatın bitməsindən sonra 3 illik sığorta daxildir. Rəsmi sığortaçı kimi riski öz şəxsi tutumu və ABŞ-ın Marsh brokeri vasitəçiliyi ilə "A" reytinqli beynəlxalq təkrarsığorta bazarında yerləşdirməklə "Paşa Sığorta" ASC çıxış edir.
Bu, insanların alıcılıq qabiliyyətinin artmasında da özünü göstərir
Ölkədə iqtisadiyyatın davamlı inkişafı əhalinin sosial rifahına da öz müsbət təsirini göstərir. Belə ki, əhalinin gəlirləri ildən-ilə yüksəlir. Bu meyil cari ilin yeddi ayının göstəricilərində də aydın əks olunur. İnsanların sosial rifah halının əsas göstəricilərindən biri orta aylıq əməkhaqqıdır. İndi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 316,3 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz çoxdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət sahələrində, tikintidə orta aylıq əməkhaqqı daha yüksəkdir.