Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

BMT-nin Baş Məclisində müzakirəyə çıxarılacaq sənəd Ermənistanın təcavüzkar mahiyyətini bir daha dünya ictimaiyyətinə çatdıracaqdır
Ermənilər dünya ictimaiyyətinin onların təcavüzkar olduğunu getdikcə daha aydın şəkildə dərk etməsini və pisləməyə başlamasını çox böyük narahatçılıqla qarşılayırlar.
Bu istiqamətdə atılan çox əhəmiyyətli addımlardan biri bu yaxınlarda BMT-nin Baş Məclisində müzakirəyə çıxarılacaq Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı sənəddir.
AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov demişdir.
Ə.Əhmədov BMT-də müzakirəyə çıxarılacaq bu sənədin bir çox dövlətlər tərəfindən dəstəklənəcəyinə inandığını bildirmişdir. O demişdir ki, biz buna əminik. Çünki Azərbaycanın apardığı diplomatik səylər belə bir inamı ortaya qoymağa əsas verir.

NATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidir
NATO Parlament Assambleyasının (PA) prezidenti Con Tanner Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin qurumun payız sessiyasında qaldırılacağına söz vermişdir.
Bu məlumatı AzərTAc-a Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirmişdir. Z.Əsgərov yaz sessiyasında NATO PA-nın prezidenti ilə görüşdüyünü vurğulayaraq demişdir ki, o zaman C.Tannerə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan bütün sənədlər təqdim olunmuşdur. O da bu məsələni NATO PA-nın payız sessiyasında qaldıracağına söz vermişdir.

"Vaşinqton Tayms: "Azərbaycana biganəlik nümayiş etdirməsi ABŞ-a baha başa gələ bilər"
ABŞ-ın nüfuzlu "Vaşinqton Tayms" qəzetinin 3 sentyabr tarixli nömrəsində Amerika Yəhudi Komitəsinin beynəlxalq yəhudi məsələləri üzrə direktor müavini Qay Billauerin "Azərbaycana biganəlik nümayiş etdirməsi ABŞ-a baha başa gələ bilər" başlıqlı məqaləsi dərc olunmuşdur.
Müəllif qeyd edir ki, Azərbaycan dünyada özünün zəngin neft və qaz ehtiyatlarına görə daha çox tanınsa da, Vaşinqtonun Əfqanıstan probleminə son qoyması üçün həlledici əhəmiyyətə malik bir ölkədir.
Əfqanıstanda hərbi əməliyyatların həyata keçirildiyi zaman ABŞ müntəzəm olaraq Azərbaycanın hava limanlarından istifadə etmiş, 2001-ci il sentyabrın 11-dən etibarən Azərbaycanın hava məkanı üzərindən minlərlə uçuş həyata keçirmişdir.

BBC telekanalı Bakıda Dövlət Bayrağı Meydanının açılışı haqqında süjet yayımlamışdır
Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı dünyanın bir çox aparıcı və nüfuzlu telekanallarının diqqət mərkəzindədir.
Dövlət Bayrağı Meydanının yaradılması və dünyada ən hündür bayraq dirəyinin məhz Azərbaycanda quraşdırılması bu telekanallarda xüsusilə vurğulanır.
Müstəqillik ən böyük sərvətimiz, ən böyük xoşbəxtliyimizdir. Dövlət müstəqilliyinin rəmzlərindən biri isə bayraqdır. Bizim bayrağımız qürur mənbəyimizdir.

Bakıda Dövlət Bayrağı Meydanının açılması Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur
Bakıda dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Dövlət Bayrağı Meydanının açılması qardaş Türkiyənin qəzetləri, informasiya agentlikləri və televiziya kanalları tərəfindən geniş işıqlandırılır.
Türkiyənin nüfuzlu NTVSNBC televiziya kanalının internet saytında "Budur, dünyanın ən yüksək bayraq dirəyi" başlığı ilə yerləşdirilmiş yazıda qeyd olunur ki, Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi olduğunu vurğulamışdır. Məqalədə qeyd olunur ki, Giness rekordlar kitabında yüksəkliyi 162 metr və ağırlığı 220 ton olan dünyanın ən yüksək bayrağının Azərbaycanda olduğu təsdiq olunmuşdur.

Böyük Vətən müharibəsi veteranları Bakıda Dövlət Bayrağı Meydanının açılmasını tarixi və unudulmaz hadisə kimi dəyərləndirirlər
Sentyabrın 3-də Respublika Veteranlar Şurasında Leninqradın faşist blokadasından azad edilməsinin 65-ci ildönümü ilə əlaqədar xatirə medallarının təqdimat mərasimi olmuşdur.
Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Əlövsət Baxışov tədbiri açaraq Leninqradın faşist blokadasından azad olunmasında rəşadət göstərmiş veteranları təbrik etmişdir. O bildirmişdir ki, Azərbaycanın minlərlə igid oğul və qızı Böyük Vətən müharibəsində misilsiz şücaət göstərmiş, alman faşizminə qarşı mərdliklə döyüşmüşlər. Bu müharibədə xüsusi qəhrəmanlıq göstərdiklərinə görə, neçə-neçə oğullarımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşlar. Leninqradın faşist blokadasından azad olunmasında iştirak etmiş veteranlarımızın xatirə medalı ilə təltif olunmaları da bu qəbildəndir.

MDB missiyası Azərbaycanda parlament seçkilərini müşahidə etməyə hazırlaşır
MDB Azərbaycanda parlament seçkilərinə hazırlaşmağa başlamışdır. MDB İcraiyyə Komitəsi Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün akkreditə olunacaq şəxslərin siyahılarının təqdim olunması xahişi ilə Birlik ölkələrinə məktub göndərmişdir.
İcraiyyə Komitəsinin məlumatında deyilir ki, ATƏT və Avropa Şurası kimi MDB-də Azərbaycanda noyabrın 7-nə nəzərdə tutulmuş parlament seçkilərinə uzunmüddətli və qısamüddətli iki müşahidəçi missiyası göndərməyi planlaşdırır. Uzunmüddətli missiya seçki kampaniyasının gedişi ilə tanış olmaq məqsədilə Azərbaycana seçkilərdən xeyli əvvəl gələcəkdir. Monitorinqin yekunlarına əsasən, ölkədəki seçkiqabağı vəziyyət barədə hesabat təqdim olunacaqdır. Qurumun icraçı katibi Sergey Lebedevin başçılıq etdiyi qısamüddətli missiya isə səsvermədən bir neçə gün əvvəl gələcəkdir. Bundan əlavə, İcraiyyə Komitəsi yaxın günlərdə Bakıda müşahidəçilər missiyası qərargahı yaradacaqdır.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır
Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar sentyabrın 1-dən 3-dək respublikanın bütün regionlarında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdir.
Kurslarda ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsinin üzvləri, katibləri və 5000-ə yaxın məntəqə seçki komissiyasının sədri iştirak etmişlər.
MSK-nın üzvləri və məsul işçiləri, rayon icra hakimiyyətlərinin, prokurorluq orqanlarının əməkdaşları, polis idarələrinin səlahiyyətli şəxsləri, məhkəmələrin sədrləri və hakimləri seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifələri, onların fəaliyyətlərinin qarşılıqlı təşkili, siyasi partiyaların və blokların seçkilərdə iştirakının əsasları, Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları, Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri barədə kurslarda iştirakçılara ətraflı məlumat vermişlər.

Yunusbəy Yevkurov: "Son illər Bakıda baş vermiş dəyişikliklərə heyran qalmışam"
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Bakıya səfərində onu müşayiət edən nümayəndə heyətinin tərkibində olan İnquşetiya Respublikasının Prezidenti Yunusbəy Yevkurov Azərbaycan jurnalistləri ilə görüşmüşdür.
İnquşetiya Prezidenti bildirmişdir ki, yaxın iki ayda Şimali Qafqaz respublikaları, o cümlədən İnquşetiya ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanacaqdır. Həmin sənəd bütün sahələrdə, o cümlədən sənaye, tikinti, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əməkdaşlığı nəzərdə tutur.
Azərbaycana səfərinin tanışlıq xarakteri daşıdığını bildirən İnquşetiya Prezidenti demişdir: "Bir neçə il əvvəl Bakıda olmuşam. Məni ötən dövrdə burada baş vermiş dəyişikliklər heyrətləndirdi.

Anatoli Kazakov: "Azərbaycan çox böyük geosiyasi əhəmiyyətə malikdir"
MDB Maliyyə-Bank Şurasının (MBŞ) forumlarının fərqləndirici xüsusiyyətlərindən biri budur ki, həmin forumlar çox böyük praktiki əhəmiyyət kəsb edir.
AzərTAc xəbər verir ki, MBŞ-nin Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov bu fikri Rusiyada çıxan "Analitik bank jurnalı" adlı nəşrə verdiyi müsahibədə söyləmişdir.
O demişdir: "Forumlarda çox vaxt artıq hazır və bəyənilmiş, yalnız maliyyələşdirmə gözləyən iqtisadi layihələr təqdim edilir. Bu cür, o cümlədən Xəzəryanı region ölkələrinin təklif etdiyi layihələr Bakıda da müzakirə ediləcəkdir". A.Kazakovun sözlərinə görə, bu gün Xəzəryanı region ölkələri MDB-nin çox böyük və sabit potensialı deməkdir.

Türkiyənin xarici işlər naziri Naxçıvanda qısamüddətli səfərdə olmuşdur
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İğdır vilayətinə səfərini başa çatdırdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna gəlmişdir.

AzərTAc xəbər verir ki, türkiyəli naziri və onu müşayiət edən şəxsləri Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov və digər rəsmi şəxslər qarşılamışlar.
Türkiyə ilə Naxçıvan arasındakı gömrük-keçid məntəqəsinin əhəmiyyətindən danışan nazir keçid prosedurunun çox asan olduğunu bildirmişdir.
Əhməd Davudoğlu bəyan etmişdir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəkdir. Son vaxtlar yerli və xarici mətbuatda Türkiyə- Ermənistan sərhədinin açılacağı haqqında dərc olunan yazılara münasibət bildirən nazir qeyd etmişdir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyincə sərhədlərin açılmasından söhbət gedə bilməz.

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü keçiriləcəkdir
Yaxın günlərdə Azərbaycan, Türkiyə və İran sərhədlərinin kəsişməsində üç ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcəkdir.

AzərTAc Türkiyənin "Zaman" qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İğdırda jurnalistlərə müsahibəsində bildirmişdir.
Onun sözlərinə görə, görüş bu ölkələr arasında üçtərəfli əməkdaşlığı gücləndirmək məqsədi daşıyacaqdır. Ə.Davudoğlu demişdir: "Biz qarşılıqlı münasibətlərimizin sərhədyanı ticarətdən tutmuş sərhəd keçidi qaydalarının sadələşdirilməsinədək bütün cəhətlərini müzakirə etməyə hazırlaşırıq. Həmin bu sahədə Azərbaycan və Türkiyə arasında buraxılış məntəqələri fəaliyyət göstərir, İranla buraxılış məntəqəsinin açılması barədə isə danışıqlar aparırıq".

Ağrı dağının zirvəsində Azərbaycanın dövlət bayrağı dalğalandırılmışdır
Türkiyənin Zəfər Bayramı münasibətilə Ağrı dağının zirvəsini fəth edən 5 azərbaycanlı alpinist dağın zirvəsində Azərbaycanın bayrağını, habelə ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları yazılmış şüarları başları üzərinə qaldırmışlar.
Ağrı dağının zirvəsini fəth edən alpinistlərə sertifikatlar təqdim olunmuşdur. İğdır şəhərində keçirilən mərasimdə çıxış edən Türkiyə Alpinistlər Federasiyasının sədri Ələddin Qaraca, İğdır valisi Amir Çiçək alpinistləri təbrik etmişlər. Azərbaycanın Qarsdakı baş konsulluğuna da tədbirin təşkilinə göstərdiyi yardıma görə təşəkkür məktubu göndərilmişdir.

Erməni düdükçüsünün Türkiyədə konserti ləğv olunub
İstanbul şəhər bələdiyyəsi sentyabrın 1-i Beynəlxalq Sülh günü münasibətilə burada birgə konsert keçirməyi nəzərdə tutan erməni (balabançı -red.) Civan Qasparyanın və türk müğənnisi Yavuz Bingölün arzularını ürəklərində qoyub.
Şəhər rəhbərliyinin nümayəndələri bununla əlaqədar izahat verməyi lazım bilməyib.
Ermənilərin Azərbaycan xalqının milli musiqi alətlərini daim özlərininki kimi təqdim etməsi birinci dəfə deyil. Lakin burada təəssüf doğuran fakt türk müğənnisinin erməni düdükçüsünə züy tutmasıdır. Daim züy tutmada mahir olan erməni düdükçüsünün yanında türk müğənnisinin olması isə acınacaqlıdır. Axı, züy tutmaq erməni sənətidir... Tədbir də elə ona görə baş tutmayıb.

Ermənistanda siyasi məhbuslar problemi daha da dərinləşir
Buna görə beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi məsələsi gündəmə gəlib

Totalitar idarəçilik üsulunun hökm sürdüyü Ermənistanda insan haqları sahəsində vəziyyət getdikcə daha da pisləşməkdə, hakimiyyətin siyasi rəqiblərinə və sadə əhaliyə qarşı tətbiq etdiyi repressiyanın miqyası durmadan genişlənməkdədir. Ermənistan müxalifəti bəyan edir ki, buna əsas səbəb hakimiyyətin özü üçün təhlükəli hesab etdiyi qüvvələri administrativ yollarla neytrallaşdırmaq niyyətidir. Müxalifət təmsilçiləri onu da bildirirlər ki, hakimiyyət böhtan, təqib, şantaj, hədələmə, əsassız həbslər və digər belə metodlarla onlara və ölkədə həyata keçirilən siyasətə etiraz edən sadə insanlara qarşı genişmiqyaslı hücum kampaniyası aparır. Bu da öz növbəsində siyasi baxışlarına görə həbsə atılan insanların sayının yenidən sürətlə çoxalmasına gətirib çıxarır.

Rusiya ilə Ermənistan arasında imzalanan protokola həyəcanla yanaşılmamalıdır
Rusiya ilə Ermənistan arasında hərbi sazişin imzalanmasının münaqişənin həllinə siyasi təsiri barədə fikirlər spekulyasiya xarakterlidir. Ermənistan rəsmiləri belə bəyanatlar səsləndirməklə rəsmi İrəvanın bilavasitə münaqişənin iştirakçısı olduğunu təsdiq etmiş olurlar.
Bu barədə jurnalistlərə məlumat verən xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, Rusiya-Ermənistan arasında imzalanan protokola həyəcanla yanaşılmamalıdır. "Azərbaycan Qarabağda bir əməliyyat başlayarsa, Rusiya Ermənistanı dəstəkləyəcək" kimi bəyanatlar siyasi məsuliyyətsizlikdən və hüquqi savadsızlıqdan başqa bir şey deyildir.

Azərbaycanla Meksika arasında gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi mövzusu müzakirə edilmişdir
Meksikada Dünya Gənclər Konfransı başa çatmışdır.
Azərbaycanın da təmsil olunduğu tədbirdə 110 ölkədən 3500 nəfər iştirak etmişdir. Məqsəd Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün hazırkı mərhələdə gənclər sahəsinin aparıcı prioritetlərini müəyyənləşdirmək, ölkələr arasında əlaqələri gücləndirmək olmuşdur.
Tədbirdə nümayəndə heyətinin rəhbəri - gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində əldə edilmiş uğurlardan söz açmışdır. O, gənclərin ictimai həyatda artan fəallığı, işsizliyin azalması, təhsil sahəsində əldə edilmiş nəticələr, gənclərin beynəlxalq əməkdaşlığı məsələlərindən danışmış, Ermənistanın Azərbaycana təcavüzü haqqında iştirakçılara məlumat vermişdir.

Sergey Lavrov: "Rusiya Azərbaycanı Cənubi Qafqazda və Xəzər regionunda özünün mühüm strateji tərəfdaşı hesab edir"
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri ərəfəsində RF xarici işlər naziri Sergey Lavrov Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc), Azərbaycan Televiziyasının, "Trend" informasiya agentliyinin və "Xəzər" telekanalının müxbirlərinə müsahibə vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir.
- Rusiya Prezidenti D.Medvedevin Azərbaycana qarşıdakı rəsmi səfəri zamanı hansı əsas məsələlər müzakirə ediləcəkdir? İndi ikitərəfli münasibətlərin gündəliyindəki prioritetlər sırasına hansı məsələlər daxildir və Azərbaycan-Rusiya hərtərəfli əməkdaşlığının perspektivləri necədir?
- Biz Azərbaycanı Cənubi Qafqazda, Xəzər regionunda mühüm strateji tərəfdaşımız hesab edirik. Bizim münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər çoxşaxəlidir və ənənəyə görə iki ölkənin rəhbərlərinin görüşlərində münasibətlərin bütün spektri müzakirə edilir. Əminəm ki, bu dəfə də belə olacaqdır. Rusiya və Azərbaycan prezidentləri arasında çox mehriban şəxsi münasibətlər tərəfdaşlığımızın inkişafı üçün mühüm amildir.

Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə Türkiyə bu ölkə ilə sərhədini açmamalıdır
Əli ƏHMƏDOV: "İnanıram ki, Türkiyə Azərbaycana qardaş sadiqliyini bir daha nümayiş etdirəcəkdir"

NATO-nun Ermənistanda sentyabr ayına planlaşdırdığı humanitar xarakterli təlim çərçivəsində bu ölkə ilə Türkiyə arasında sərhədin müvəqqəti açılacağı ilə bağlı yayılan məlumatlar Azərbaycan, eləcə də qardaş Türkiyə ictimaiyyətini ciddi narahat etmişdir. Təbii ki, bu narahatçılığın səbəbləri var idi. Birincisi ona görə ki, Türkiyə-Ermənistan sərhədi müvəqqəti açılarsa, gələcəkdə mütləq buna oxşar digər hadisələr də baş verə bilər. İkincisi isə NATO-nun təlimlərində heç vaxt sərhədkeçmə əməliyyatları olmayıb. Ona görə NATO planına əsasən təlim yeri kimi Ermənistanın seçilməsi, texnika və humanitar yardım üçün vəsaitlərin məhz Türkiyədən sərhədi keçməklə Ermənistana çatdırılmasının nəzərdə tutulması narahatlıq doğururdu. Bu cür addımlar gələcəkdə Türkiyə ilə Ermənistan arasında sərhədin birdəfəlik açılmasına hesablana, sərhəd açılımı tərəfdarı olan bəzi siyasi dairələrin maraqlarına xidmət edə bilərdi.

Azərbaycanın Ukraynada yeni təyin edilmiş səfiri etimadnaməsini bu ölkənin Prezidenti Viktor Yanukoviçə təqdim etmişdir
Avqustun 27-də Azərbaycan Respublikasının Ukraynada yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli Kiyevdəki Mariya sarayında etimadnaməsini bu ölkənin Prezidenti Viktor Yanukoviçə təqdim etmişdir.
Səfir Eynulla Mədətli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Ukrayna dövlətinin başçısına çatdırmışdır.
Viktor Yanukoviç də onun səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.

Uralda Rusiyada ilk dəfə Azərbaycan televiziyasının proqramı efirə çıxacaqdır
Yekaterinburqda "Azərbaycana aparan yol" adlı layihə yaradılır və peyk vasitəsilə Sibirə və Uzaq Şərqə yayımlanacaqdır. AzərTAc "Rossiyskaya qazeta"ya istinadla xəbər verir ki, gələcəkdə Rusiyanın Avropa hissəsinə və Orta Asiya ölkələrinə də yayım nəzərdə tutulmuşdur.
Proqramı hazırlamaq üçün Bakıdan Yekaterinburqa mütəxəssislər qrupu getmişdir. Teleproqramın aparıcısını isə Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov seçmişdir. Müasir Azərbaycanın həyatı barədə proqramı Sverdlovsk Akademik Musiqili Komediya Teatrının solisti Anatoli Brodski aparacaqdır.

İtaliyanın xarici işlər naziri Azərbaycana gələcəkdir
İtaliyanın xarici işlər naziri Franko Frattini sentyabrın 7-də Azərbaycanda rəsmi səfərdə olacaqdır. Səfər çərçivəsində F.Frattininin Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılmışdır.
Görüşlərdə ikitərəfli, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə yayılan informasiyalar məcburi köçkünlərdə böyük narahatlıq yaradıb
Türkiyə rəsmiləri dəfələrlə müxtəlif formada bildiriblər ki, hər hansı təkid, təzyiq və ya dolayısı ilə tələb Ermənistanla sərhədlərin açılmasına təsir edə bilməz. Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyib, nə qədər ki, Azərbaycan əraziləri işğaldan azad edilməyib, məcburi köçkünlər öz torpaqlarına qayıtmayıb sərhədlərin açılmasının mümkünlüyündən söhbət gedə bilməz. Bu fikirləri əsaslandıran Türkiyə rəsmilərinin bu günlərdə NATO-nun təlimləri çərçivəsində Ermənistanla sərhədlərin müvəqqəti açılması ilə bağlı yayılan informasiyalara soyuqqanlı yanaşması həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində yenidən narahatlıq yaradıb.
Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə bağlamışdı və əsas səbəb isə Kəlbəcərin işğalı idi. BMT Təhlükəsizlik Şurası Kəlbəcərin Ermənistan tərəfindən 2 aprel 1993-cü il tarixdə işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdikdən dərhal sonra Türkiyə bu mühüm addımı atmaqla bir daha Azərbaycanın yanında olduğunu təsdiq etmişdir.

BMT-nin ölkəmizlə sıx əməkdaşlığı davam edir
Avqustun 26-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Fikret Akçura ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, BMT-nin ölkəmizlə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir, F.Akçuranı respublikamızda fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, ona işində uğurlar arzulamış, qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əmin olduğunu bildirmişdir. Nazir respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatları, o cümlədən hakimlərin Avropada ən mütərəqqi üsullarla seçilməsi və tədrisi, habelə penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə BMT-nin iştirakını yüksək qiymətləndirmişdir.

Əhməd Davudoğlu NATO-nun təlimləri zamanı Ermənistanla sərhədlərin açılmayacağını bildirmişdir
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Konya şəhərində jurnalistlərin suallarına cavabında bildirmişdir ki, NATO-nun Ermənistanda keçiriləcək hərbi təlimləri humanitar xarakter daşıyır və təbii fəlakətlərlə bağlıdır. Türkiyə də NATO-nun üzvü kimi bu təlimlərdə iştirak edəcəkdir. Lakin sərhədlərimizin müvəqqəti olaraq açılması gündəlikdə deyildir. Türkiyənin xarici işlər naziri onu da əlavə etmişdir ki, hərbi təlimlər zamanı sərhədlərin açılacağı barədə mətbuatda gedən xəbərlər həqiqətə uyğun deyildir.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.