Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri
Rəsmi qarşılanma mərasimi

Sentyabrın 3-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Prezidenti Dmitri Medvedevi və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verdi.
Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş ikonaları və incəsənət əsərlərini Prezident Dmitri Medvedevə təqdim etmişdir
Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş ikonaları və incəsənət əsərlərini Prezident Dmitri Medvedevə təqdim etmişdir.
Azərbaycan dövlətinin başçısı demişdir:
- Bu ikonaları Sizə təqdim etmək istəyirəm. Rusiyadan qanunsuz çıxarılmasına cəhd göstərilmiş bu əsərləri Azərbaycan-Rusiya sərhədində bizim gömrük xidmətlərimiz aşkar və müsadirə etmişlər. Onları sərhəddən keçirmək istəyənlər isə məsuliyyətə cəlb olunmuşlar. Bu gün rus xalqının bu incəsənət əsərlərini Sizə - Rusiya Prezidentinə təqdim edirəm. Onlar Sizin ölkənizdə saxlanılmalıdır.
Rusiya Prezidenti Dmitri Medvedev Prezident İlham Əliyevə təşəkkürünü bildirərək demişdir:

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedevin təkbətək görüşü
Sentyabrın 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə təkbətək görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV Rusiya Prezidentinə müraciət edərək dedi:
- Hörmətli Dmitri Anatolyeviç, bir daha Sizi Azərbaycanda salamlamaq istəyirəm. Xoş gəlmisiniz. Biz Sizi görməyə həmişə şadıq.
Bu, görüşmək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yaxşı imkandır. Münasibətlərimizin vəziyyəti bizi çox sevindirir. Bizim bir-birimizə tez-tez qonaq getməyimiz münasibətlərimizin yaxşı göstəricisidir.

Geniş tərkibdə görüş
Sentyabrın 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istəyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk.
Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. Biz dünən də, bu gün də münasibətlərimizin çox geniş əhatə dairəsi barədə Sizinlə hərtərəfli fikir mübadiləsi apardıq, ikitərəfli xarakter daşıyan bütün məsələləri, regional problemləri ətraflı nəzərdən keçirdik.

Azərbaycan-Rusiya sənədləri imzalanmışdır
Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə"ni imzaladılar.
"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Saziş"i Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller imzaladılar.
"Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş"i ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnev imzaladılar.

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı
Sentyabrın 3-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:
- Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixində çox əlamətdar gündür. Bu gün siyasi və iqtisadi xarakterli mühüm sənədlər - dövlət sərhədi haqqında, sərhədyanı Samur çayının su ehtiyatlarının bölünməsi və onlardan səmərəli istifadə edilməsi haqqında müqavilələr, habelə qaz sahəsində əməkdaşlıq sferasında kontrakta əlavə imzalanmışdır. Əminəm ki, onlar bizim münasibətlərin inkişafının çox mühüm istiqamətlərini uzun illər, qarşıdakı onilliklər üçün müəyyən edəcəkdir. Bütün bunlar bizim münasibətlərin dinamik və səmərəli inkişafının əyani göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli Parkda olmuşlar
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli Parkda olmuşlar.
Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın Bakı ilə tanışlığı Filarmoniya bağından başladı. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əsaslı yenidənqurmadan sonra ötən il istifadəyə verilən bu bağın tarixi barədə Rusiyanın dövlət başçısına məlumat verdilər. Bildirildi ki, son illər Bakıda park və bağların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bundan əsas məqsəd insanların mənalı istirahətini təşkil etməkdir.

Ali qonağın şərəfinə
Xəbər verdiyimiz kimi, sentyabrın 2-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı
Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.
Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:
- Hörmətli səfirlər, mən sizi və təmsil etdiyiniz ölkələrin bütün vətəndaşlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, mənim səmimi salamlarımı və təbriklərimi təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.
Ramazan ayı dünyada yaşayan bütün müsəlmanları birləşdirir. Biz elə etməliyik ki, islam ölkələri arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri daha da möhkəmlənsin, islam həmrəyliyi daha da güclənsin. Mən çox şadam ki, müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin sayı getdikcə artmaqdadır. Eyni zamanda, Azərbaycan da müsəlman ölkələrində öz diplomatik nümayəndəliklərinin sayının artırılmasına çalışır.

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri
Rəsmi qarşılanma mərasimi

Avqustun 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülü qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Abdullah Gülə, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü
Avqustun 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirildi. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfəsini verəcəyini vurğuladılar.

Geniş tərkibdə görüş
Avqustun 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən sizi Azərbaycanda ürəkdən salamlayıram, xoş gəlmisiniz!
Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Biz bu gün artıq Sizinlə təkbətək görüşdə ikitərəfli münasibətlərin böyük hissəsini müzakirə etdik. Bir daha görürük ki, Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.
Mən əminəm ki, səfər zamanı çox səmərəli müzakirələr keçiriləcəkdir. Həm nümayəndə heyətlərinin üzvləri bir-biri ilə əlaqədə olacaqlar və həm də biz gələcək birgə fəaliyyət haqqında planlarımızı müəyyən edəcəyik.

Sənədlərin imzalanma mərasimi
Avqustun 16-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"ni imzaladılar.

Ali qonağın şərəfinə
Avqustun 16-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.
Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı
Avqustun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:
- Hörmətli cənab Prezident, əziz qardaşım!
Hörmətli qonaqlar!
Cənab Prezident, mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Mən şübhə etmirəm ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün çox mühüm rol oynayacaqdır.
Bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixi keçmişi vardır. Əsrlər boyu xalqlarımız bir yerdə, dostluq-qardaşlıq şəraitində yaşamışlar, həmişə bir-birinə dəstək olmuşlar. Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu əlaqələrin xüsusi əhəmiyyəti vardır və əlaqələrimiz bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni sahələrdə - bütün sahələrdə aramızda çox ciddi iş birliyi, əməkdaşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır.

Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri
Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksi istifadəyə verilmişdir

Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verərək bildirmişdir ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun tikintisinə 2008-ci ilin martında başlanılmışdır. İnşaat işlərinə 7 min işçi qüvvəsi və 3 minədək xüsusi texnika cəlb olunmuşdur. Tikinti işləri mərhələlərlə aparılmışdır.
Körpünün ümumi uzunluğu 540 metr, eni və hündürlüyü isə 23 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınmışdır. Körpünün üzərindəki ayırıcı zolaqda müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilmişdir. Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir.
Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanmışdır.

Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş 34 kilometrlik hissəsinin açılışı olmuşdur
Prezident İlham Əliyev avqustun 12-də Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevə qədim Şabran şəhərinin maketi nümayiş etdirildi və aparılan arxeoloji qazıntılar, həmçinin Çıraqqala tarix və memarlıq abidəsinin maketi əsasında burada həyata keçiriləcək tədbirlər barədə məlumat verildi.
Nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 131-165-ci kilometrliyində görülən işlər və yeni layihələr barədə dövlət başçısına ətraflı məlumat verdi.

Qusar şəhərində ulu öndərin abidəsini ziyarət
Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna gəlmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qusar rayonunda da hərtərəfli inkişafa təkan vermişdir. İstər rayon mərkəzi, istər kənd və qəsəbələr müasir görkəm alır. Ölkəmizin iqtisadi gücü artdıqca yenidənqurma və abadlıq işləri də sürətlənir. Yenidənqurma tədbirləri zamanı beynəlxalq təcrübə ilə milli üslubun üzvi şəkildə uzlaşdırılması diqqətdə saxlanılır. Füsunkar təbiətin qoynunda yerləşən Qusar rayonundakı müasir tikililər, sosial obyektlər, istirahət ocaqları və yaşıllıqlar birlikdə bənzərsiz mənzərə yaradır. Bütün bunlar ölkəmizdə həyata keçirilən kompleks yenidənqurma tədbirlərinin səviyyəsini dolğun əks etdirir.

Samur-Həzrə yolu əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışında iştirak etmişdir.
Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Məlumat verildi ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli sərəncamı ilə yolun yenidən qurulmasına dövlət başçısının Ehtiyat Fondundan 6,5 milyon manat vəsait ayrılmışdır. Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zeyxur istiqamətlərində davam edir.

Qusar rayon ictimaiyyətinin nümayəndələri ilə görüş
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
- Mən sizi ürəkdən təbrik edirəm. Bildiyiniz kimi, mən bir il bundan əvvəl yolun çəkilişi ilə bağlı müvafiq sərəncam imzalamışdım. Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdı ki, bu yol tikilsin. Qusar sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, biz bütün bu işləri gördük və artıq yüksək keyfiyyətə malik olan yol istismara verilir.
İndi verilən məlumata görə, yol 16 min nəfər əhaliyə xidmət göstərəcəkdir. 27 qəsəbə və kənd bu yolun üstündə yerləşibdir. Yəni bu, insanlara rahatlıq verəcəkdir. Burada şəkillərdə göstərilir ki, əvvəlki yol hansı vəziyyətdə idi, ona heç yol demək olmazdı, insanlar əziyyət çəkirdilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində insanlara xidmət göstərəcəkdir.

Prezident İlham Əliyev Yuxarı Zeyxur sərhəd zastavasında olmuş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş kənd məktəbinə baxmışdır
Avqustun 12-də Prezident İlham Əliyev yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev dövlət başçısına raport verdi.
DSX-nin rəisi sərhəd zastavası və buradakı sərhəd mühəndis-texniki qurğular barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat verdi.
* * *
Sonra dövlət başçısı İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Yuxarı Zeyxur kənd orta məktəbində də oldu və burada kənd sakinləri ilə görüşdü.
Dövlətimizin başçısı İlham ƏLİYEV dedi: - Gözəl məktəbdir, şəraiti də, səviyyəsi də yaxşıdır.
Kənd sakini dövlət başçısına minnətdarlıq edərək dedi: - Uşaqlarımızın sevinci böyükdür. Bizim kənd rayon mərkəzindən uzaqdır. Çox razıyıq, təşəkkürümüzü bildiririk. Artıq dərəcədə təşəkkürümüzü bildiririk ki, biz bu günü gördük, balalarımız bu günü gördülər. Balalarımız bu cür məktəbdə oxuyurlar.
Prezident İlham ƏLİYEV: - Bilirsiniz ki, bu yol çox bərbad vəziyyətdə idi. Siz hələ nisbətən yaxında yaşayırsınız. Amma uzaqda yaşayanlar gör nə əziyyət çəkmişlər. İndi 23 kilometr yeni yol çəkilibdir.
Kənd sakini: - Mənim həyat yoldaşım 15 ildir o yuxarı kəndə səhər-axşam işə gedib-gəlir, mühasib işləyir. Özüm də SDK-ya hər səhər-axşam gedəcəyəm bu yolla. Bir daha təşəkkürümüzü bildiririk.

"Samur" gömrük buraxılış məntəqəsi istifadəyə verilmişdir
Avqustun 12-də Prezident İlham Əliyev "Samur" gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlət başçısına məruzə etdi.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış oldu.
Dövlət başçısına məlumat verildi ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır ki, bunun da 11 min 500 kvadratmetrində binalar və qurğular yerləşir. Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilmişdir.
Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilmişdir. <

Prezident İlham Əliyev "Qusar-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir
Prezident İlham Əliyev avqustun 12-də "Qusar-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar.
"Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, dövlətimizin başçısı respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan etmişdir. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılmışdır.
Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir.

Prezident İlham Əliyev Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır. Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaqdır. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunun etimadnaməsini qəbul etmişdir.
Səfir İqor Bodiu fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İqor Bodiu etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı yeni təyinatı münasibətilə səfiri təbrik etdi və ona diplomatik fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev İqor Bodiunun Azərbaycandakı diplomatik fəaliyyəti dövründə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayan dövlətimizin başçısı ötən illər ərzində bu istiqamətdə mühüm işlərin görüldüyünü dedi və bu müsbət meylin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Səfir İqor Bodiu Moldova Respublikası rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanın Moldova üçün həmişə dost ölkə olduğunu vurğulayan səfir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.