Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklərUşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir. Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdirDekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdırMilad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir. Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdırDekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyi idarə heyətinin növbəti iclası olmuşdur. İcmanın rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov iclas iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdikdən sonra məlumat vermişdir ki, dövlətimizin başçısının sərəncamı ilə ictimai birlik üçün ayrılmış binada yenidənqurma işləri sürətlə davam edir. İnşaatçılar binanı gələn ilin aprel-may aylarında təhvil vermək niyyətindədirlər.
Dekabrın 28-də Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli qəbul təşkil olunmuşdur.
Ölkə iqtisadiyyatının acınacaqlı durumu silahlı qüvvələrin maddi-texniki təminatını iflas vəziyyətinə gətirib
Başa çatmaqda olan 2009-cu il həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regional təcrid vəziyyətinə düşmüş Ermənistan üçün daha çox iqtisadi çöküşün sürətlənməsilə xarakterizə olundu. Artıq bu ölkənin özündə də etiraf olunur ki, Ermənistana cari ildə dəyən iqtisadi ziyan uzun müddət onun bu sahə üzrə çətin durumda yaşamasına, yaranan problemlərin hələ bir neçə il ərzində aradan qalxmasına imkan verməyəcək. Araşdırmalar göstərir ki, bu il Ermənistan iqtisadiyyatında təxminən 20 faiz geriləmə qeydə alınıb və bu proses hələ gələn il də davam edəcək.
Bir müddət əvvəl Qırğızıstanın "Nur Telekom" mobil telefon operatorunun www.o.kg rəsmi internet səhifəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsi səhvən Ermənistanın tərkibində göstərilmişdi. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Qırğızıstan azərbaycanlılarının "Azəri" cəmiyyətindən verilən məlumatda bildirilir ki, bu qurumların rəhbərliyi adından bu səhvlə bağlı Qırğızıstanın xarici işlər naziri Kadırbəy Sarbayevə etiraz məktubu göndərilmişdir. Bir neçə gündən sonra Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna və Qırğızıstan azərbaycanlılarının "Azəri" cəmiyyətinin ünvanına ölkənin xarici işlər nazirinin imzası ilə cavab məktubu gəlmişdir.
Ulu öndər Heydər Əliyev 9 il əvvəl yeni əsr və minillik münasibətilə bağlı xalqa tarixi müraciətində Azərbaycanın qarşısında duran vəzifələri böyük müdrikliklə göstərmişdir
Dünyada baş verən mürəkkəb siyasi proseslərin məntiqi yekunu kimi sosializm sisteminin süqutu və Azərbaycanda demokratik-hüquqi dövlət ideyasının reallaşması, ölkədə milli-mənəvi dəyərlərə qayıdış, habelə mənəvi intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini ön plana çıxarmışdı. Bu reallığı düzgün dəyərləndirən ümummilli lider Heydər Əliyev 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına dərin məzmunlu müraciətində xalqın ötən yüzillikdə keçdiyi keşməkeşli və şərəfli yola, ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərə tarixi-politoloji aspektdə nəzər salmış, qloballaşma proseslərinin daha da genişlənəcəyi yeni əsrdə qarşıda duran vəzifələrdən söz açmışdı.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 25-də bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və parlamentin sədri Məhmət Əli Şahinlə görüşmüşdür. Görüşlərdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, beynəlxalq və regional əməkdaşlıq, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Əhməd Davudoğlu Ankaranın Batıkənt rayonunda Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin xatirəsini ehtiramla anmış, abidəsi önünə tər gül dəstələri qoymuşlar. Sonra Türkiyə Xarici İşlər Nazirliyində Elmar Məmmədyarov və Əhməd Davudoğlunun təkbətək görüşü olmuşdur. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirmişlər.
Dekabrın 23-də Bakıdakı Rusiya İnformasiya Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş "Sovet qoşunlarının Moskva ətrafında əks-hücumu Rusiyanın hərbi rəşadət günüdür" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirdə çıxış edərək bildirmişdir ki, Rusiya Azərbaycanın böyük Qələbəyə töhfələrini heç zaman unutmur. Azərbaycanda Böyük Vətən müharibəsi əsgərlərinin abidələrinin təhqir edilməsi faktlarının olmaması Rusiyada yüksək qiymətləndirilir.
Norveç Krallığının ölkəmizdəki səfirliyinin birinci katibi Lars Rangnar Aalerud Hansen 9 saylı Binəqədi ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində bələdiyyə seçkilərinin gedişini izləmişdir. Azərbaycanda keçirilən seçkilərdə ilk dəfə müşahidə apardığını deyən Lars Rangnar Aalerud Hansen bildirmişdir ki, məntəqədə seçkilər şəffaf keçmişdir. Seçkinin gedişi, seçici fəallığı normal idi. Qənaətim budur ki, Azərbaycan bu seçkilərə yaxşı hazırlaşmışdır. Səsvermə zamanı qanun pozuntusuna rast gəlmədim.
Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, Avropa Komissiyası Azərbaycanda, Gürcüstanda və Ermənistanda təbii fəlakətlərə hazırlığın yüksəldilməsi üçün tədbirlər görülməsi məqsədilə 2 milyon avro ayırmışdır. Ayrılmış vəsait inkişaf və humanitar yardım üzrə Avropa komissarı Karel de Quxtun nəzarəti altında Avropa Komissiyasının humanitar yardım departamenti vasitəsilə təmin ediləcəkdir.
Litva parlamentinin nümayəndələri Bi-Bi-Si-yə bildirmişlər ki, ölkədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi həbsxanalarının fəaliyyəti barədə xəbərləri təhqiq edən Seym komissiyasının gəldiyi qənaətə görə, həqiqətən Litvada bu cür mərkəzlər mövcud imiş. Litva parlamentinin Təhlükəsizlik üzrə Komitəsinin başçısı Arvidas Anuşkauskas demişdir ki, istintaq komissiyasının hesabatı artıq qəbul olunmuşdur və yaxın vaxtlarda dərc ediləcək.
Moskvada çıxan gündəlik "Vremya novostey" qəzetində siyasi elmlər namizədi Eldar Bayramovun "Qarabağda tənzimləmənin açarı - hüququn gücü, yoxsa gücün hüququ?" sərlövhəli, "Beynəlxalq hüququn aliliyi haqqında" yarımsərlövhəli məqaləsi dərc edilmişdir. Məqalə müəllifi danışıqlar prosesində yaranmış vəziyyəti təhlil edir və 1992-1996-cı illərdə danışıqlar prosesində Rusiyanın nümayəndəsi olmuş Vladimir Kazimirovun bu il noyabrın 30-da "Nezavisimaya qazeta"da və dekabrın 2-də "Vremya novostey" qəzetində dərc edilmiş qərəzli məqalələrinə cavab verir. Eldar Bayramov V.Kazimirovun münaqişənin tənzimlənməsi haqqında səhv fikrini və onun ictimai rəyi çaşdırmaq cəhdlərini ardıcıl olaraq təkzib edir.
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti Bakıda səfərdədir. Avropa Şurasının müşahidə missiyası görüşlər keçirəcək, bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti ilə yaxından tanış olacaqdır.
Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin rəhbəri Məhmət Təkinarslanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 20-dən Azərbaycanda səfərdədir. Səfərdən məqsəd "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində hazırlanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"nı imzalamaq və ölkəmizin dövlət qulluğu sistemi ilə yaxından tanış olmaqdır. Dekabrın 21-də Bakıda Azərbaycan ilə Türkiyə arasında dövlət qulluğu sahəsində "2010-2011-ci illər üçün Fəaliyyət Proqramı" imzalanmışdır.
Dekabrın 17-də Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyev ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını Dövlət Departamentinə təqdim etmişdir. Diplomat bununla bağlı Azərbaycan tərəfinin dərin narahatlığını ifadə etmişdir. Səfir Y.Əliyev vurğulamışdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti Birləşmiş Ştatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir.
Türkiyə Böyük Millət Məclisində 2010-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdəki ən təcrübəli və yaşlı millət vəkili Şükrü Ələkdağ Ermənistanla imzalanmış protokollarda Dağlıq Qarabağın və digər Azərbaycan torpaqlarının işğaldan azad olunmasının yer almadığına diqqət çəkərək hökumətin xarici siyasətini tənqid etmişdir. Deputat vurğulamışdır ki, bu yanlış addım Ermənistanın xeyrinə olmuşdur. Onun sözlərinə görə, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan protokolları ilə bağlı rəsmi bəyanatlarda ciddi ziddiyyətlər mövcuddur.
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "The First News" informasiya agentliyi ilə birgə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: 2009-cu ilin yekunları və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirmişdir. Mərkəzin mətbuat xidmətindən bildirmişlər ki, "dəyirmi masa"da Dağlıq Qarabağ münaqişəsi, onun həlli istiqamətində 2009-cu ildə görülmüş işlər, ATƏT-in Minsk qrupunun fəaliyyəti müzakirə olunmuşdur.
Türkiyənin Rusiyadakı səfiri Xəlil Akıncı AzərTAc-ın xüsusi müxbirinə verdiyi eksklüziv müsahibədə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin indiki vəziyyətini şərh edərək demişdir: "Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edərkən ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" tarixi kəlamını xatırlatmamaq mümkün deyildir. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin mənası və əsası bundan ibarətdir". Səfirin sözlərinə görə, ölkələrimiz arasında münasibətlərdə bu və ya digər problemlərlə əlaqədar müxtəlif məsələlər qarşıya çıxa bilər. Lakin bütün məsələləri həll etmək mümkündür, çünki biz qardaşlıq telləri və mənəvi yaxınlıq hissləri ilə bağlı olan vahid xalqıq. Türkiyə səfiri demişdir: "Ölkələrimiz həmişə bir-birini dəstəkləməyə hazırdır. Türkiyə öz imkanları daxilində Azərbaycana kömək göstərməyə həmişə hazırdır, ondan asılı olan hər şeyi etmək ənənələrinə əsaslanan xeyirxah siyasətini davam etdirir. Türkiyə bundan sonra da Azərbaycanın mənafelərinə zidd olan addımlar atmaq niyyətində deyildir. Çünki bu, bizim qardaşlıq münasibətlərimizin ruhuna və təbiətinə zidd olardı".
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Amerika Azərbaycanlıları Şurası (AAŞ) ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində maliyyə yardımı ayırmasına öz kəskin etirazını bildirmişdir. Təşkilatın yaydığı bəyanatda bildirilir ki, ABŞ Konqresinin bu qərarı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövlətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Məktubda kəskin iqtisadi böhranın davam etdiyi, işsizliyin miqyasının sürətlə artdığı bir vaxtda amerikalı konqresmenlərin bir milyondan çox azərbaycanlını öz evlərindən didərgin salmış, etnik təmizləmə siyasəti aparmış rejimə maliyyə yardımı ayırmasından ciddi narahatlıq ifadə olunur.
Son günlər bir sıra mətbuat orqanlarında guya Naxçıvanda 3 jurnalistin zorakılığa məruz qalaraq təhqir olunması və döyülməsi barədə yanlış məlumatlar yayılmışdır. Həmin məlumatlarda "Qeyri-hökumət təşkilatının İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin və "Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin əməkdaşları olan İlqar Nəsibovun, Vəfadar Eyvazovun və Elman Abbasovun dekabrın 15-də Naxçıvan Dövlət Universiteti ərazisində guya korrupsiya əleyhinə həyata keçirdikləri monitorinq zamanı zorakılığa məruz qaldıqları iddia olunur.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin adından ABŞ Prezidenti Barak Obamaya məktub göndərilmişdir. İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun imzaladığı məktubda qeyd edilir ki, dünyada təhlükəsizliyin və sülhün möhkəmlənməsinə yönəlmiş siyasi kursunuza görə bu yaxınlarda Nobel sülh mükafatına layiq görülməyiniz Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmasına olan ümidlərimizi artırmışdır. ATƏT-in Minsk qrupunun üzvü kimi, ABŞ-ın vasitəçilik missiyasını intensivləşdirməsi və Ermənistan rəhbərliyini işğal edilmiş Azərbaycan torpaqlarından çəkilməyə məcbur etməsi çox vacibdir. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazidə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federal Konstitusiya Məhkəməsinin dəvəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə dekabrın 8-dən 11-dək Almaniyada işgüzar səfərdə olmuşdur.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Lissabon Sazişinin qüvvəyə minməsi münasibətilə tədbir keçirmişdir. Sazişin cari il dekabrın 1-də qüvvəyə mindiyini deyən qurumun ölkəmizdəki rəhbəri, səfir Rolan Kobian bildirmişdir ki, bu saziş yeni Avropanın qurulması üçün yeni üfüqlər açır və Avropaya inteqrasiyanı daha da sürətləndirir. Bu saziş ilə Aİ daha səmərəli fəaliyyət göstərəcəkdir. Qurumun iş üsulları və səsvermə qaydaları daha da sadələşdiriləcəkdir.
Dekabrın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana birgünlük səfəri başa çatmışdır. Səfər İranın xarici işlər naziri Mənuçehr Möttəkinin dəvəti ilə həyata keçirilmişdir. Prezident Mahmud Əhmədinejad, İran İslam Şurası Məclisinin sədri Əli Laricani, xarici işlər naziri Mənuçehr Möttəki və İranın Təhlükəsizlik üzrə Ali Şurasının baş katibi Səid Cəlili ilə keçirilən görüşlərdə Azərbaycanla İran arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə dair məsələlər müzakirə edilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 15-də Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, qarşı tərəfdə isə İmre Palatinus, İrji Aberle və Vladimir Çontulov keçirməli idilər. Lakin monitorinq keçirilən zaman erməni silahlı birləşmələri tərəfindən atəş açılmış və monitorinq dərhal dayandırılmışdır.