Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklərUşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir. Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdirDekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdırMilad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir. Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdırDekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.
ABŞ və Cənubi Koreyanın tədqiqat mərkəzlərində çalışan alimlər qrupuna tək bircə molekuldan ibarət tranzistor yaratmaq nəsib olub. Müştərək fəaliyyət göstərən fiziklər qızıldan hazırlanmış kontakta benzol molekulu bərkidiblər. Elmi təcrübələr zamanı bu molekul xüsusiyyətinə görə silisiumdan düzəldilən adi tranzistorlardan fərqlənməyib. Bununla belə, müasir kompüter və hesablama maşınlarında işlədilən silisium tranzistorlarından fərqli olaraq, molekulyar tranzistor minimal göstəriciləri ilə görünməmiş nəticələr verib.
Kaliforniyanın yağmursuz meşə ərazisində yaşı 13 min ilə çatan ağac tapılıb. Palmer palıd növünə aid bitki yerləşdiyi vadinin şərəfinə "Jurupa Oak" adlandırılıb. Alimlərin fikrincə, adətən sərin və rütubətli yerlərdə bitən bu palıd növünün sərt iqlim şəraitinə uyğunlaşması regenerasiya yolu ilə baş verib. Ağacın forması da adi deyil. Palıdın gövdəsinin hörülmüş saçaq qruplarından ibarət olduğu, tağ vermədiyi müəyyənləşdirilib. Klonlama üsulu ilə artan bitki 13 min il ərzində 22 metr uzanıb.
Bir neçə gün öncə 194 dövlətin nümayəndələrini bir məclisə toplayan Kopenhagen sammiti təəssüf ki, qlobal istiləşmə ilə bağlı bu birliyin ümumi iradəsini ifadə edən kamil, yekun sənədi ortaya çıxara bilmədi. Ümumi müddəalarla kifayətlənən son razılaşma heç bir dövləti məsuliyyətə çağırmaq gücündə olmadığından dünyanın əksər KİV-ləri tərəfindən bir qədər tənqidlə qarşılandı. Dünyanın Time, The Sunday Times, Die Welt, La Stampa, Le Temps kimi nüfuzlu qəzetləri alimlərin tribunasına çevrilməkdənsə sammitin siyasətçilərin "acların", "toxlardan", açıq cəmiyyətlərin diktaturalardan fərqini araşdıran siyasi tədbir təsiri bağışladığını şərh etdilər. Sammitin məclisinə bəzəkli Şərq xonçasında Avropa təmtəraqı ilə çıxarılan yekun sənəd arzu olunan qədər də kamil görünmürdü. Time yazır ki, son sənəd çətin ki çoxlarını qane etsin. Tullantıların dəqiq miqdarını göstərmədən, 2050-ci ilə temperatur artımının planetdə 2 dərəcəni keçməməsi və 2012-ci ilədək iqlim dəyişiklərinin qarşısını almaq üçün 30 milyard dolların ayrılması nəzərdə tutulur.
"Cisco" kompaniyasının 25 illiyi münasibətilə şirkətin "IBSG" konsaltinq bölməsinin baş futuroloqu elm və texnologiyanın yaxın onilliklər ərzində qət edə biləcəyi inkişaf perspektivləri əsasında, ilk baxışda ağlasığmaz görünən, proqnozlar verib. Hərçənd bəşəriyyətin bu gün elementar, adi hesab etdiyi bir sıra texnoloji və texniki vasitələr də 20-30 il bundan qabaq fantastik xəyalın məhsulu kimi dəyərləndirilərdi.
Yerdənkənar həyat və sivilizasiya axtarışları çərçivəsində ölçüləri ilə planetimizə oxşar daha 6 yeni göy cismi qeydə alınıb. Kəşfin əlamətdar cəhəti ondan ibarətdir ki, bu planetlər Yerə oxşamaqla bahəm, parametrləri ilə Günəşə yaxın ulduzlar ətrafında dövr edirlər. Planetlərin 3-ü kütləcə Yerin 3-25 misli qədərdir. Onlar Qız bürcünə aiddirlər və bizdən cəmi 28 işıq ili məsafədədirlər. Kəşfin müəllifləri - Santa-Kruz Kaliforniya Universiteti və Karneqi İnstitutu (ABŞ) astronomlarının fikrincə, həyatın var olduğu və məskunlaşmış planet bu üç səma cisminin yerləşdiyi kosmik aralıqda ola bilər.
Antarktidadan 10 il qabaq qopan iri aysberq yavaş hərəkətlə Avstraliyanın cənub-qərb sahillərinə doğru dreyf etməklə yanaşı, yüzlərlə hissəyə bölünərək ətrafa dağılır. İri buz qəlpələri böyük su sahəsinə yayılıb və artıq yerləşdiyi bölgədə gəmilərin hərəkəti üçün ciddi təhlükəyə çevrilib.
Dekabrın 13-də axşam saatlarından əsən güclü külək Lerik rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurmuşdur. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, güclü külək nəticəsində 35 min kilovoltluq Lənkəran-Lerik və Masallı-Lerik hava xətlərində qəza yaranmışdır. 10-04 kilovoltluq hava xəttində ümumilikdə 100-dən çox dirək aşaraq sıradan çıxmışdır. Nəticədə rayon bir neçə saat elektriksiz qalmışdır.
Yola salmağa hazırlaşdığımız il ərzində internetdə törədilən kibernetik cinayətlərin sayı rekord həddə yüksəlib. CNN telekanalı efirində problemə diqqət yönəldən ekspertlərin fikrincə, bu növ cinayətlərin artması internet ticarətin gələcəyi üçün böyük təhlükədir.
Təntənəli surətdə istifadəyə verilən super kompüter iqlim dəyişikliyi problemlərini araşdırmaq üçün nəzərdə tutulub. "Blizzard" ("Boran") adlı avadanlığın yarı imkanları Almaniyanın müxtəlif vilayətlərini əhatə edən alim qruplarına, digər yarısı isə Hamburq Universiteti, Qestaxt Tədqiqat Mərkəzi, Alfred Vaqner adına Qütblərin və Hidrosferin Tədqiqi İnstitutu mütəxəssislərinin ixtiyarına verilib. "Blizzard" vasitəsilə Yerin iqlim modelləri qurulacaq, onların əsasında araşdırma aparılacaq, alınan nəticələr üzrə atmosfer və hidrosferdəki dəyişikliklər proqnozlaşdırılacaq.
Kainatın yaranması və genişlənərək formalaşması anından 13,72 milyard il keçir. İntəhasız görünən səmaya baxdığımız zaman əslində, biz real deyil, ulduzların olduqları yerdən işıq sürəti ilə müəyyən zaman dilimində bizə yetişən halını görürük. Yəni, kainatın hal-hazırda ən kənar nöqtəsində real zamanda baş verən hadisənin görüntüsü (şərti olaraq mərkəz - çıxış nöqtəsi kimi qəbul etsək) Yerə işıq sürəti ilə 14 milyard il sonra yetişəcək. İşığın, təbiri caizcə, pişvazına çıxıb görüş məsafəsini qısaltmaqla daha erkən zamana aid görüntüləri əldə etmək mümkündür. Kosmik teleskoplar da məhz bu funksiyanı yerinə yetirir - optik güzgülər kainatın ənginliklərinə nə qədər dərindən sirayət edirlərsə, bir o qədər onun erkən dövrlərinə aid görüntü qeydə alınır.
Fotomüsabiqənin əsas məqsədi Azərbaycanda çox vacib olan bu sahənin inkişafını, ölkəmizin tarixini, mədəni və tarixi irsini, xalqımızın bənzərsizliyini, təbiətimizin gözəlliklərini, müxtəlifliyini və nemətlərin nadirliyini təbliğ etməkdir.
Yapon alimləri, Epidemioloji Araşdırmalar Mərkəzi nəzdindəki Xokkaydo Universitetinin mütəxəssisləri polisaxarid birləşməsi beta-qlyukan maddəsinin qrip müalicəsində "Tamiflyu" preparatından da effektli olduğunu qeydə alıblar. Beta-qlyukan maddəsinin təsiri eksperiment yolu ilə heyvanlar üzərində yoxlanılıb. Bu zaman siçanlar A qrupuna aid virusa yoluxdurulub. İlk mərhələdə adətən heyvanların üçdə birinin tələf olması ilə nəticələnən doza götürülüb. Eksperimentin beta-qlyukan maddəsi və süd turşusu bakteriyalarından istifadə etməklə aparılan müalicə dövründə effekt 100 faizli olub - heç bir canlı virusdan ölməyib. Yeni preparat bir qrup siçana iki həftə qabaqcadan, digərlərinə isə yoluxduqlarından bir neçə gün sonra verilməsinə baxmayaraq, nəticə eyni alınıb. "Tamiflyu" isə yalnız yoluxmadan dərhal sonra qəbul edildikdə effektli olub.
Amerikalı alimlərin fikrincə, səhər tezdən siqaret çəkənlərin qanında nikotinin miqdarı sonrakı dövrlərə görə daha çox olur. Bu çəkilən siqaretin sayından da asılı deyil, yəni bir siqaret də olsa, orqanizmdə nikotinin miqdarı həddindən artıq çoxalır. Bu laboratoriya sınaqları ilə də təsdiqini tapıb. Həqiqətən də səhər siqaret çəkənlərin qanındakı nikotinin miqdarı günün digər vaxtlarında siqaret çəkənlərə nisbətən olduqca yüksək çıxıb. Eksperimentdə 250 nəfər siqaret çəkən iştirak edib. Günə bir qutu - 20 ədəd siqaret çəkən şəxslərin qanındakı nikotinin miqdarı çəkilmə vaxtlarından asılı olaraq nəzərəçarpacaq dərəcədə fərqlənib. Yuxudan oyandıqdan yarım saat sonra siqaret yandıranların qanındakı nikotinin miqdarı daha gec çəkməyə başlayanlarla müqayisədə 75 (!) dəfə artıq olub. Nəticənin fərqli çıxmasının səbəblərini isə alimlər dəqiq izah edə bilmirlər.
Tez-tez özünü büruzə verən və ağır formada təzahür edən yorğunluğu, ümumi süstlüyü virus da törədə bilər. ABŞ-ın Nevada ştatındakı Uaytmor-Peterson Universitetinin apardığı tədqiqat nəticəsində bəlli olub ki, xroniki yorğunluqdan əziyyət çəkən insanların 67 faizinin qanında elmdə "XMRV" kimi bilinən virus var. Bu virus heyvan mənşəlidir və insan orqanizmində yaşamağa uyğunlaşıb. Mütəxəssislər virusun insanın immun sistemini zəiflətdiyini, onu taqətdən saldığını müəyyənləşdiriblər. Onun təsirindən insan özünü fiziki və psixi cəhətdən daim yorğun hiss edir. Kəşfi dəyərləndirən ekspertlərin fikrincə, davamlı yorğunluğun səbəbləri virusoloji olduqda bu hal xəstəlik kimi dəyərləndirilməli və uyğun müalicə kursu keçirilməlidir.
ABŞ-da aparılmış tədqiqatların nəticələrinə görə, tənhalıq insandan insana ötürülür. Alimlər aydınlaşdırmışlar ki, tənha adamlar hələ dostlarını itirməmişdən əvvəl öz bədbin əhvali-ruhiyyələri ilə yaxınlarına mənfi təsir göstərirlər. Ona görə də tənhalığı yoluxucu xəstəliklə müqayisə etmək olar.
Alimlər bunu elmi dəlillərlə sübut ediblər. Tədqiqatın geniş təfsilatı "Journal of Geophysical Research" jurnalında dərc olunub. Araşdırmada iştirak edən Şimali İllinoys Universitetinin (ABŞ) əməkdaşları materialın mahiyyətini mətbuata açıqlayıblar. Marsın keçmişini öyrənmək məqsədilə mütəxəssislər NASA-ya məxsus kosmik zondlar vasitəsilə toplanmış əsas göstəricilər əsasında planetin relyefinin kompüter modelini hazırlayıblar. Nəticədə qırmızı planetdəki dərələrin (vadilərin) bugünkü gün üçün ən dəqiq xəritəsi alınıb. Məlum olub ki, Marsda vadilər sistemi düşünüldüyündən iki dəfə böyükdür.
Pittsburq Universiteti alimlərinin fikrincə, C və E vitaminlərinin ahıl yaşlarda qəbulu insanın əzələ sisteminə müsbət təsir göstərir, zəifləyən əzələ gücünü yüksəldir. Paralel olaraq pəhriz saxlamaq, antioksidantlarla zəngin qidalanmaya üstünlük verməklə əzələ aktivliyini, əzələ liflərinin funksionallığını qoruyub saxlamaq mümkündür.
Dünyanın ən böyük və məşhur fizika laboratoriyası - Böyük adron kollayderi eksperimentə hazırdır. Bir ildən də artıq sürən təmir-bərpa və modernləşdirmə işləri yekunlaşmaq üzrədir. Qurğunun bütün detal və avadanlıqları test edilib. Avropa Nüvə Tədqiqatları Təşkilatı rəhbərinin verdiyi məlumata əsasən, sürətləndiricinin 27 kilometrlik tuneli boyu elementar zərrəciklərin hər iki istiqamətdə hərəkəti də sınaqdan çıxarılıb. Eksperiment kiçik tamamlama işlərindən sonra, çox güman ki, gələn ilin ilk aylarında tam proqramda həyata keçiriləcək.
Alimlər yaşı 3500 ilə çatan Misir mumiyalarının damarlarında aterosklerozun əlamətlərinə - kalsium, yağ, xolesterin və digər birləşmələrin yığınına rast gəliblər. Fakt müasir tibbin texniki imkanlarını sərgiləməklə yanaşı, müasir ürək-damar xəstəliklərinin qədim tarixçəyə malik olmasına dəlalət edir.
XIX əsrin əvvəlində Parisdə qadınların şalvar geyməsinə qadağa qoyan qanun ləğv edilməmişdir. Bu barədə hüquqşünas Evelin Pizyenin "Qadınların hüquqları" kitabına istinadən Britaniyanın "Deyli Teleqraf" qəzeti xəbər verir. Beləliklə, texniki cəhətdən bu qanun hələ də qüvvədədir. Halbuki hakimiyyət orqanları ona riayət olunmasını tələb etmirlər.
Astronomlar ölçüləri ilə Yerə oxşar, sıx oksigen atmosferli iki səma cismi kəşf ediblər. Ancaq bu səma obyektləri planet deyil, sönmüş ağ cırtdan ulduzlardır. Almaniya və Böyük Britaniya astrofizikləri tərəfindən tapılan ulduzlar haqqında "Science" jurnalında məlumat verilib. Səma cisimləri "0922+2928" və "SDSS 1102+2054" kimi qeydiyyata alınıb. Onlardan biri Yerdən 400, digəri isə 220 işıq ili məsafədədir.
ABŞ-da keçirilən "Big Easy Film Festivals" Beynəlxalq film festivalında Azərbaycan milli musiqisinin dörd ənənəvi ifaçısı haqqında çəkilmiş "Sirli muğam Montanaya gəlir" filmi nümayiş etdirilmişdir. Filmin rejissoru, Montana Dövlət Universitetinin professoru və Cənubi və Şimali Qafqaz üzrə siyasi təhlilçi Tomas Qoltz kütləvi informasiya vasitələrinin nümayəndələrinə bildirmişdir ki, film "Qədim Şərq" musiqi qrupunun Billinqsdəki "Rocky Mountain" kollecində, Brozemandakı Montana Dövlət Universitetinin musiqi bölməsində, Livinqston kitabxanasında və Missouldakı Montana Universitetində çıxışlarını əks etdirir.
Qrenlandiyanın səthini örtən buzlaqlar son dövrlər ötən illərə nisbətən daha sürətlə əriməyə başlayıb. Bu səbəbdən dünya okeanının səviyyəsi də yüksəlir. "Science" ("Elm") jurnalında dərc olunmuş tədqiqat materialında Qrenlandiya buzlaqlarının əriməsini törədən ünsürlərinin öyrənilməsinə də yer verilib.
Dəniz filləri yerlərini dəyişərkən Sakit okeanda 2-8 ay fasiləsiz hərəkət edir, miqrasiya ərzində zamanın 90 faizini su altında olurlar. Su üzünə nadir hallarda bir neçə dəqiqəliyinə çıxan bu canlılar quruda ümumiyyətlə dincəlməyirlər. Bəs dəniz filləri nə vaxt və necə yatır? ABŞ və Yaponiya mütəxəssisləri bu suala qismən cavab veriblər. Onlar Kaliforniya sahillərində altı cavan dəniz filinin başına kompakt cihazlar bağlayaraq canlıların hərəkətini izləyiblər. Cihazlar suyun dərinliyi və temperaturunu, həmçinin dəniz fillərinin üç koordinatda bədən vəziyyətini fasiləsizi qeydə alıb. Yataqlarından 35-70 kilometr aralıda suya buraxılan heyvanların geri qayıdışı müşahidə edilib və alınan məlumatlar avadanlıqlar vasitəsilə təhlil olunub. Beləliklə bioloqlar dəniz fillərinin neçə yatdığını öyrənə biliblər.
Runet - internetin rusdilli seqmenti ".ru" domen zonasını əhatə edən saytların ümumi sayı 15 milyona yaxındır. Bu, internetin 6,5 faizini təşkil edir və heç də kiçik rəqəm deyil. Doğrudur, burada ziddiyyətli məqamlar da mövcuddur: Məlumat bazasının (mətnin) böyük hissəsi - 88 faizi saytların cəmi 1 faizində yerləşir və runetin yarıdan çoxu bir səhifəlik kiçik saytlardan ibarətdir. Saytların səhifələrinin sayında (orta rəqəmdə) son on il ərzində dəyişiklik olmasa da, 1999-cu ildən bəri rusdilli internet resursları astronomik sürətlə - 300 dəfə çoxalıb. Adreslərin dördə biri, yəni, 25 faizi spam-axtarış xarakterlidir - heç bir məlumat daşımır, yalnız istifadəçini bir ünvandan digərinə yönəltmək üçün istifadə olunur.