Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildi

Ölkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər.
İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.

Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdir

Abşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar.
AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.

Azərbaycan nefti ən baha qiymətə satılmışdır

Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir.
Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.

Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdur

Bişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.

   Baş redaktordan
Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.

Bir söz eşitmə!Qulağım bağlaram

çap versiyası

Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır. Məsələn, Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin bir çox əsərlərini bu gün (yaxud lap elə sabah da) indicə yazılmış satirik parçalar kimi qəzetdə dərc etmək mümkündür. Belə daimi mövzulardan biri "eşitmək problemi" ilə bağlıdır. Əgər Cəlil Məmmədquluzadə "problemin həllini" "sözünü o kəslərə de ki, sənə qulaq asmasın" "prinsipində" görürdüsə, Mirzə Ələkbər Sabir "qulağı bağlamaqla" vəziyyətdən çıxış yolunu ən optimal variant sayırdı.
Qəzetçinin vəzifəsi isə dönə-dönə demək, baş-beyin aparmaqdır.
Bir jurnalist kimi qənaətim belədir ki, bu gün paytaxt həyatındakı nöqsanlardan yazmaq meşəyə çırpı aparmaq kimi mənasız bir şeydir. Şəhərin baş planının olmadığının, ya da tikintilərin baş plana uyğun aparılmadığını, qanunsuz ("qanunsuz"!) tikintilərin ayaq tutub yeridiyini, yağış yağanda küçələrin keçilməz gölməçələrə çevrildiyini, infrastrukturun pozulduğunu söyləmək Amerikanı yenidən kəşf etməyə bərabərdir. Haqqüçünə daha Hacıbala Abutalıbov da tənqidi "eşitmir" və deməli, onu tənqid etmək bir neçə il bundan əvvəllərdə olduğu tək, "hünər" sayılmır. Diqqət yetirsək görərik ki, BŞİH-nin hörmətli başçısı "unudulmaq" üzrədir, yaxud onu "unutduranlar" meydana çıxır. Odur ki, heç bir qələm sahibi artıq, məsələn, "səkisizlik" problemindən - yenidən maşın salonlarındakı avtomobillərin səkilərə düzüldüyündən, "küçə ticarətinin" geriyə döndüyündən, adamların maşın yolu ilə getmək zorunda qalmasından yazmaq istəmir! Biz də yeni-yeni bərqərar olan "təzə ənənəni" pozmur, ölkə paytaxtından çıxaraq yönümüzü regionlara tuturuq. Diqqəti iki "əhəmiyyətsiz" məsələyə yönəltmək istəyirik. Hərçənd ki, bu yazıdan da sonra sərlövhədəki hikmətin pozulmayacağına qəti şəkildə əminik.
Bu cızmaqaramızın diqqəti cəlb etməsi və "sevilməsi" üçün son dəbi də pozmuruq. Yazıda "aparıcı dövlətlərdən" misallar gətirməyə, "beynəlxalq və dünya standartları"ndan məlumatlı olduğumuzu göstərməyə çalışacağıq. BeləlikləE.
Dünyanın qabaqcıl ölkələrində oraya ilk dəfə qədəm basan və yerli dili bilməyən turist öz maşını ilə sərbəst hərəkət edə, bizim dildə desək, həmin ölkənin hər bir şəhərinə, hətta ən ucqar kəndinə gedə bilər. Bunun üçün şose yollarının atlasını almaq, həmin atlasda getmək istədiyin yaşayış məntəqəsini tapmaq, ora aparan yolun nömrəsini müəyyənləşdirmək kifayətdir. Qalanı isə, necə deyərlər, "texniki məsələdir". Yəni, yol boyu uzaqdan yaxşı seçilən lövhələrə baxmaqla haçan və haradan sağa-sola dönməyi müəyyənləşdirmək çətin deyil. Hətta maşını addımbaşı saxlayıb yoldan keçən təsadüfi insanlardan nəyisə soruşmağa da ehtiyac qalmır (bizim bu misalımızda yerli dili bilmədiyimizdən necə soruşmaq və alınan cavabı başa düşmək problemi də mövcuddur). Yol hərəkəti nişanları, o cümlədən onun bir qrupu sayılan servis və məlumat səciyyəli nişanlar beynəlxalq norma və tələblər əsasında (gördünüz, nə dəbdə olan cümlə işlətdik!) hazırlandığından hər bir sürücü işarəni dərhal başa düşür. Bizdə isə sürücülər üçün yaradıcılıq imkanlarının və potensial intellektlərinin tətbiqinə münbit şərait mövcuddur. Tutaq ki, məcburi köçkünlərin sosial vəziyyəti ilə tanışlıq üçün Ağdam rayonunun Xındırıstan kəndinə getmək istəyirsən. Hələ şəhərdən çıxarkən Kürdəmirin Karrar kəndi ərazisində körpü uçduğundan bu yol ilə getməyin mümkünsüzlüyünü, başqa sözlə, Şamaxı yolu ilə getməyin vacibliyini heç kim sənə deməyəcək! Hərçənd ki, bu barədə yazılı və elektron KİV-də vaxtaşırı elanlar vermək, yaranmış müvəqqəti narahatlığa görə üzr istəmək beynəlxalq standartlara uyğun olardı. Gəlin belə fərz edək ki, məcburi köçkünləri görmək istəyən şəxs əcnəbidir, dilimizi bilmir, Azərbaycanın yol atlasını tapmayıb (o yazıq hardan bilsin ki, onu heç özümüz də görməmişik), amma istək o qədər güc gəlib ki, yolkənarı göstəricilərə bel bağlayaraq səfərə çıxır. Öz ağlına görə heç bir problem yoxdur! Bizim gerçəklikdə isə görün qonağımız qarşısında Azərbaycanın hansı dilbər guşələrini görmək ehtimalı yaranırE Fərz edək ki, qonaq Şamaxı yolu daha mənzərəli olduğundan həmin istiqaməti seçir və səfər öncəsi bəxti gətirir. SonrasıE
Təbii ki, Biləcəridən üzü aşağı düşən bəxtəvər əcnəbi Şamaxı yoluna necə çıxacağını kəsdirmədiyindən düz Sumqayıta qədər rahat gedəcək. Əgər arif olsa, Sumqayıtın yolayrıcında məsələni başa düşəcək və geri qayıdacaq. Bir qədər diribaş olsa, Xırdalan postunda yol polisindən Şamaxı yoluna necə çıxmağı öyrənəcək (nə yaxşı ki, belə postlarda bir neçə xarici dil bilənlərimiz vardır). Beləliklə, səfərqabağı ilk sevinc hissini keçirəcək. Yol boyu təbiətin gözəlliklərindən zövq alan qonaq heç göstərici löhələrin yoxluğunu, şübhəsiz, hiss etməyəcək. Şamaxı şəhərinin girəcəyində isə ilk dilemma qarşısında qalacaq: sağa dönsün, yoxsa sola? Əgər "it hürən yerə yox, işıq gələn yerə" prinsipini gözləsə, Şamaxı şəhərinə girəcək. Beləliklə, Pirqulunu görmək xoşbəxtliyinə nail olacaq. Şamaxıda ikinci seçimi isə şəhərin çıxışında etməli olacaq. Seçimdən asılı olmayaraq üçüncü xoşbəxtliyə çatacaq: düz getsə, İsmayıllının mənzərələri ilə tanış olacaq, sola getsə, istiqaməti itirmədiyi üçün bəxti gətirmiş sayılacaq.
"Döngə problemi" ondan "Qaraməryəm dairəsində" də əl çəkməyəcək. Sağa dönsə, ikinci dəfə İsmayıllı gözəlliklərini görəcək. Sola dönsə, müvəqqəti qadağan olunmuş Kürdəmir trasına çıxacaq. Bəxti gətirib düz getsə, Ağdaş ərazisində dördüncü seçimlə üzləşəcək. Burada sağa dönmək Oğuz-Qəbələ rayonlarına, sola dönmək yenidən Kürdəmirə, düz getmək isə başqa bir seçimə aparır. Bu seçim isə sağda Şəki ekzotikası, solda Yevlax dairəsi ilə sonuclanır. Yevlax dairəsində şəhərə girmək, Gəncəyə getmək, həm də düz yol tapmaq imkanı mövcuddur. Bəxti neçənci dəfə gətirən əcnəbi Allahın köməyi ilə düz yol tapsa da, Bərdə şəhərinin içərisinə girdikdən sonra şəhərdə bir neçə kərə dövrə vurmasa, Ağdam yoluna çıxması mümkünsüzdür! Ən məsuliyyətli, ən təhlükəli seçim isə sonda, dördyolda baş verir. Burada sağa dönmək Tərtərlə tanışlığa, düz getmək erməni girovluğuna (xatırladırıq ki, atəşkəs dövründə gecə vaxtı düzgün seçim edilmədiyindən erməni işğalındakı ərazilərə keçmə və düşmən gülləsinə tuş gəlmə halları dəfələrlə baş vermişdir) düşmək mümkündür. Sola dönüb Ağdam ərazisinə girdikdə isəE Birinci, əgər magistral yollarda heç bir normal yol göstəricisi və məlumat lövhəsi yoxdursa, sərhəd rayonunda bunu görmək heç əcnəbinin övladına da qismət olmaz. İkincisi, bu qədər dilemma, seçim və azmaq imkanından sonra hansı əcnəbi oğlu əcnəbi bir də bizim qaçqınlara baş çəkmək fikrinə düşər?!
Daha bir lap xırda məsələE "Dünya standartlarının" yol tələblərinin ən sonuncusuna (bəlkə də birincisinə) görə yolun ortasından xətt çəkmək, yaxud işıq düşəndə parıldayan dəmir parçaları basdırmaqla "ana xətti" müəyyən etmək vacibdir. Bu, dəb üçün deyil, təhlükəsizliyə xidmət edir!
Bəli, bəli, təhlükəsizliyə! Hər il avtomobil qəzasında yüzlərlə ölkə vətəndaşı ölür, əlil və şikəst olur. Avtomobillərin qarşı-qarşıya toqquşması, yaxud yoldan kənara çıxaraq aşması trasda baş verən qəzaların əksəriyyətini təşkil edir. Çoxları bilmir, yaxud etiraf etmək istəmir ki, bunun adi səbəblərindən biri laqeydlik, bəlkə də xəsislikdir. Gecənin qaranlığında, xüsusən də yağış yağması nəticəsində yolun kənarı ilə asfalt örtüyünün bir-birindən seçilməməsi avtomobilin asanlıqla yoldan çıxmasına, ya da yoldan çıxma təhlükəsini anlayan sürücünün maşını kəskin şəkildə sola çəkməsinə, nəticədə qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşmasına səbəb olur. Adi bir xəttin yoxluğu insanların ölümünə və şikəstliyinə, ailələrin başsız qalmasına səbəb olur. Əlbəttə, bir neçə ildən sonra Azərbaycanda bütün istiqamətlərə beynəlxalq tələblərə cavab verən ikitərəfli yollar olacaq. O zaman maşınların trasda toqquşması təhlükəsi aradan qalxacaq. Bu gün isə yolun ortası ilə kənarını qaranlıqda, qarşıdan gələn maşının işıqlarının sürücünün gözlərini qamaşdırdığı anda (məhz anda!) maşının yoldan çıxmasının, ya da kəllə-kəlləyə gəlməsinin qarşısını alacaq "xilasedici", "ömürverici" xəttin - işarənin mövcudluğuna əşhədü-ehtiyac var! Bəlkə təzə yollar hazır olanadək xəsislik və laqeydlik etməyək?!
Mən bilmirəm yolların kənarına göstəriciləri, məlumat nişanlarını kim - Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi, yaxud hər rayonun icra hakimiyyəti orqanları yazıb yapışdırmalı, xətlər çəkməlidir. Heç maraqlanmıram da! İstədiyim budur ki, yollarımız da, onların ətrafı da "dünya standartları səviyyəsində" olsun, laqeydliyimiz və səhlənkarlığımız yox! Azərbaycana bir dəfə gələn əcnəbi belə yol şəraitində, çətin ki, dönə-dönə gəlmək istəyinə düşsün! Odur ki, hamının hər gün gördüyü, narazı qalaraq deyindiyi "kiçik məsələlərdən" ikisi barədə söhbət açdıq.


Əlbəttə, burada deyilənləri eşitməmək və görməmək üçün qulaqları və gözləri bağlamaq da olar, çox böyük əziyyət, vaxt və vəsait tələb etməyən bu nöqsanları qısa müddətdə aradan qaldırmaq da mümkündür. Bütün hallarda sözümüzü bizi eşitmək istəməyənlərə çatdırmaq təşəbbüsündə bulunduq.
Allah Mirzə Cəlilə və Sabirə rəhmət eləsin!


Bəxtiyar SADIQOV

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.