23:10 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarixi yaddaşımızın dini irsi – Şuşa məscidləri
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:12 01.03.2021

 

İbadət məqsədilə tikilən məscid Allahın evi sayıldığına görə İslam dinində xüsusi əhəmiyyətə malikdir. Həmin ibadət məkanlarına islam hümməti həmişə böyük hörmətlə yanaşıb. Məscid binaları həm də mədəniyyət nümunəsi və tarixi abidə kimi dəyərləndirilir.

Uzun illərdən bəri Qarabağ tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşa məscidləri haqqında AZƏRTAC-ın müxbirinə dolğun məlumat verib: “1769-cu ildə Şuşada “Meydan” adlanan yerdə Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir tərəfindən ilk Böyük Cümə məscidi tikilib. Lakin XIX əsrin 60-cı illərində dövrün tələblərinə cavab vermədiyinə görə Gövhər ağa Cavanşirin vəqf üçün ayırdığı mülklərdən əldə edilən gəlir hesabına memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi və nəqqaş Mir Möhsün Nəvvabın iştirakı ilə məscid əsaslı şəkildə bərpa olunub. Üç dərrakə və üç düşüncənin birləşməsi yeni müasir memarlıq abidəsinin yaranmasına səbəb olub. İki əzəmətli minarə ucaldılıb. Məscidin giriş qapısının üzərindəki daşa həkk olunmuş kitabədən məlum olur ki, bərpa işləri 1867-cı ildə başa çatıb. Məscidin sağ və sol divarlarına Gövhər ağanın vəsiyyətnaməsi yazılıb. Həmin vaxtdan da Cümə məscidi el arasında “Yuxarı Gövhər ağa məscidi” adlanıb.

XVIII əsrin axırları və XIX əsrin əvvəllərində Şuşada sünnü əhali arasında 12 müxtəlif təriqət var idi. Həmin vaxt şəhərdə yalnız bir böyük məscid - Cümə məscidi fəaliyyət göstərirdi. İbadət etmək üçün yer azlığından həmin təriqətlərin nümayəndələri, xüsusən də şeyxilər və üsulilər arasında tez-tez narazılıq və münaqişələr olurdu. Ona görə də burada ikinci bir məscidə böyük ehtiyac var idi. Narazılıqları aradan qaldırmaq və dindarların ehtiyacını ödəmək üçün Gövhər ağa İbrahimxəlil xan qızı Cavanşir Cümə məscidinin yaxınlığında yeni bir məscidin bünövrəsini qoyub və onun tikintisi 1834-cü ildə başa çatıb.

Dövrün məşhur şairi Kərbəlayi Abdulla Canı oğlu məscidə maddeyi-tarix yazıb və bu, aydın nəstəliq xətlə giriş qapısının hər iki tərəfində mərmər daşın üzərinə həkk olunub: “Şuşa məmləkətinin banisinin taxt-tacının qübbəsi öz həşəmətilə aya tənə edərək onun qarşısına çıxdı. Qapısı bütün dünya xalqları üçün pənahgah olan qüdrətli İbrahimxəlil xanın elə parlaq bir gövhəri var ki, onun ay tək parlaq camalı günəşin qarşısını tuturdu. O pak gövhər məscid və mehrabın banisi oldu. Firdövsi behişt əhli buna şahid oldu. Əhli qələm bu tarixi belə qeyd elədi: Allahın Kərəm sədəfində Gövhər daimi olsun!”

Müsahibimiz şəhərdəki digər məscidlər haqqında bunları söyləyib: “1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi ilə inşa edilən Saatlı məscidi yerləşdiyi məhəllənin adı ilə adlandırılıb. Öz xarici görünüşü ilə tikilinin baş fasadının bağlı şəkildə inşa olunması, əsas girişi qeyri-simmetrik, qadınlar üçün girişin ayrıca götürülməsi, arxa fasadın pəncərəsizliyi və ümumi məscidin təkminarəli olması ilə şəhərdəki digər məscidlərdən tamamilə fərqlənirdi. Bəzi konstruksiya elementləri özündən əvvəl tikilən məscidlərə bənzəyirdi. Buna əsasən interyerdə rast gəlinirdi. Kvadrat şəkilli ibadət zalının mərkəzində qoyulmuş dörd ədəd səkkizbucaqlı daş sütun, ikinci mərtəbədə həmin zalın mehrabı ilə üzbəüz olan qadınlar üçün quraşdırılmış şüşəbənd eyvan və s. bu qəbildəndir.

XIX əsrdə tikilmiş Hacı Yusifli məscidi daxili və xarici konstruksiya baxımından şəhərin o biri məhəllə məscidləri ilə eynidir. Həmin əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş iki mərtəbəli məhəllə məscidi də məhəllənin adı ilə tanınıb. Bunlardan başqa Şuşada Culfalar, Çölqala, Köçərli (1905-ci ildə erməni-müsəlman davasında tamamilə dağıdılıb), Xoca Mərcanlı, Quyuluq, Malıbəyli (kənd), Merdinli, Seyidli və Təzə məhəllə məscidləri də var idi”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM