20 Yanvar 2021 03:28
1254
SİYASƏT
A- A+

Qanlı şənbədən azadlığa uzanan yol

 

1990-cı il, yanvarın 19-dan 20-nə keçən şənbə gecəsiydi...

Bakının gözlərindən al qan axırdı... O dəhşətli şənbə simsiyah gecənin zülmətiylə pərdələnmək istəsə də, topa-topa buludların arasından ay şahidlik edirdi yerdəki haqsızlığa, zülmə, günahsız, əliyalın insanlara tutulan divana... Bir də zülmə dirənc göstərən ərlərə, ərənlərə... Cismlərini fəda edərək ruhları ilə azadlıq dastanı yazanlara, əbədiyyətə qovuşanlara... Zərrələrə çevrilərək qətrə-qətrə xatirələrə, yaddaşlara, qəlblərə hopanlara...

O gün Azərbaycan xalqı yeni qəhrəmanlarına qucaq açırdı...

O gün Vətənə bağlılığın dastanı yazılırdı tarixə, azadlıq zirvəsi fəth edilirdi gözlərimiz önündə...

Tariximizə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi həkk olunan 1990-cı ilin Qanlı 20 Yanvarından bir qərinəlik zaman keçsə də, xalqımızın ürəyində ağrısı da, acısı da, yaşatdığı qürur, fəxarət hissi də elə ilk gündəki kimi yenidir.

Azərbaycanın müstəqilliyi, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış mərd xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, azadlıq eşqini boğmaq məqsədi ilə törədilmiş bu faciə qan yaddaşımızdır. Bu tariximizin elə bir salnaməsidir ki, hər səhifəsini vərəqlədikcə azadlıq uğrunda aparılan haqq savaşı ilə, Vətən uğrunda gözünü qırpmadan qurban olmağa hazır qəhrəmanlarla, zülmə boyun əyməyən oğulların rəşadəti ilə fəxr edirik, düşmənlərin qanlı-qadalı əməllərinə şahidlik edib bir daha qəzəb atəşi ilə alovlanırıq...

 

Əliyalın insanlara qarşı qətliam törədildi

 

1987-ci ilin sonlarında ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalqımız azadlıq hərəkatına başlayaraq Bakının küçələrinə və meydanlarına çıxıb etirazını bildirirdi. Amma 1990-cı ilin yanvarın 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq eşqini, haqq səsini boğmaq üçün geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı.

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin gün SSRİ müdafiə naziri D.Yazovun birbaşa nəzarəti altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Qeyd edək ki, Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5:30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında Bakı və respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 130-dan çox insan amansızcasına öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 4 nəfər itkin düşdü.

 

Bu qan yerdə qalmaz...

 

1990-cı ilin yanvarında baş verən sovet zülmünə qarşı “Bu qan yerdə qalmaz” səsləndirən qəzəbli insan izdihamı Azadlıq meydanına axışdı. Onlar müstəqillik uğrunda şəhid olan vətən övladlarının cənazələrinin Bakının ən hündür nöqtəsində torpağa tapşırılmasını istəyirdilər...

Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın Azadlıq meydanında şəhidlərin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi.

Azadlıq mücahidlərinin sıra-sıra düzülmüş əbədiyyət məkanlarının ilk səfində isə qoşa qəbir qazıldı, azadlıq və sevgi yolunda birgə addımlayan Fərizə və İlhamın məzarı...

 

Faciəyə ilk siyasi qiyməti Heydər Əliyev verdi

 

O zaman faciəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli Lider Heydər Əliyev oldu. Ulu Öndər qətliamdan bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi.

Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi.

Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilib. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksi yaradılıb.

1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanmış insanların ad və soyadları, eləcə də Ümummilli Lider Heydər Əliyevin “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” - sözləri həkk olunub.

 

Şəhidlər xiyabanından verilən müjdə

 

Zaman 1990-cı ilin yanvarı...

Məkan Azərbaycan idi...

Qara dona bürünmüşdü Bakı... Parçalanmış bağrından al-qırmızıya bükülmüş şəhid tabutları süzülürdü... Beli sınmış qərənfillər axan göz yaşları ilə yollara qanlı cığır salırdı Bakının ən uca zirvəsinə sarı...

Milyonların azadlıq karvanı al dona bürünmüş haqq mücahidlərini başlarının üzərinə qaldırıb müqəddəs and yerimizə, Azərbaycanın müstəqillik simvoluna çevriləcək Şəhidlər xiyabanına doğru irəliləmişdi...

Haqsızlığa dirənc göstərərək, sinələrini zülmün topuna, gülləsinə sipər edənləri, Vətən uğrunda şəhadət şərbəti içənləri haqqın dərgahına uğurlamışdılar...

Azərbaycan xalqı elə həmin gün, o uca məqamda torpağı, azadlığı, xalqı, onun gələcəyi naminə haqq səsini ucaltmağı bacaran oğullarına, qızlarına müqəddəs bir söz də vermişdi. And içmişdi ki, uğrunda can qoyduqları bu Vətənin müstəqilliyini təmin edəcək, doğma ərazilərinə göz dikən mənfur düşmənə layiqli cavab verərək ərazi bütövlüyünü əbədiyyətədək qoruyacaq...

Və şanlı Azərbaycan əsgərinin 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Zəfər yürüşü düz 31 il əvvəl öhdəmizə götürdüyümüz Vətən borcunun da yerinə yetdiyi, şəhidlərimizin ruhunun şad olduğu müqəddəs anlarla tarixə həkk olundu.

Heç təsadüfi deyildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğalçılardan azad edilməsi xəbərini də məhz Şəhidlər xiyabanından Azərbaycan xalqına müjdələdi: “2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

Bəli, Azərbaycan xalqı zülmə, istibdada qarşı barışmaz olduğunu 20 Yanvar gecəsində sübut etdiyi kimi, illər sonra düşməni dəmir yumruğu ilə yerinə otuzduraraq bir daha bütün dünyaya bəyan etdi.

44 günlük müharibədəki Qələbə ilə xalqımız Vətəni canından, qanından artıq sevdiyini nümayiş etdirdi. Şəhidlərin ruhu da rahatdır, çünki ugrunda canlarından keçdikləri milli haqqlarımız artıq bərqərar olub...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video