20 Yanvar 2021 02:45
1215
Mədəniyyət
A- A+

Qafqazın incisi

 

Ermənilərin dağıtdığı Şuşa məscidləri bərpa olunacaq

 

İyirmi səkkiz illik həsrət bitib. İndi Azərbaycanın bu qədim və  gözəl şəhəri azaddır. Artıq Şuşa şəhərində Azərbaycan bayrağı dalğalanır. Prezident İlham Əliyevin dediyi kimi: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir”.

2020-ci ilin 8 noyabrı - Müzəffər Azərbaycan Ordusu ulu yurdun qədim şəhərlərindən biri, Qarabağımızın baş tacı Şuşanı erməni işğalçılarından azad etdi. Məhz alınmaz qala sayılan bu şəhərin işğaldan xilasi ilə düşmənin İkinci Qarabağ müharibəsində məğlub olduğunu etiraf etməkdən başqa əlacı qalmadı.

Azərbaycan tarixində, Azərbaycan mədəniyyətində Şuşanın özünəməxsus yeri var. Bünövrəsi 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulan, bu səbəbdən ilk çağlarda Şuşa ilə yanaşı xanın şərəfinə Pənahabad da adlandırılan bu şəhər tarixin keşməkeşlərindən keçib.

Erməni işğalına məruz qalana qədər - 1992-ci il mayın 8-dək Şuşanın Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə adlandırılan 17 məhəlləsi mövcud idi.

Azərbaycanlıların tarixi izlərini silmək üçün hər vasitəyə əl atan erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etdilər. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, eləcə də Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və Xalq Tətbiqi Sənəti Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtdılar, nadir sənət incilərini taladılar, məhv etdilər. Şəhərin Tarix muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, xatirə muzeylərinin fondları qarət olundu.

Təəssüf ki, erməni vandalları otuz ilə yaxın işğal altında saxladıqları bütün ərazilərimizdə tarixi-mədəni, dini abidələrimizi, ziyarətgahlarımızı məhv etdilər. Həmin yerlərdə erməni zavalına məruz qalmayan heç bir abidəmiz yoxdur. Onların əksəriyyətini dağıtdılar, yandırdılar. Təmir adı altında bir çoxunu dəyişdirməyə, erməniləşdirməyə çalışdılar. Təkcə Şuşada 67 məscid dağıdılıb və ya yararsız hala salınıb.

Sevincimiz və təsəllimiz isə odur ki, artıq Ermənistan silahlı qüvvələri məğlub olmuş, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə başlanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoymuşdur.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə gediblər. Onlar Şuşada bir sıra tarixi məscidlərdə olublar.

Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşa şəhərində ziyarət etdiyi müqəddəs yerlərdən biri də Saatlı məscidi olub. Dövlət başçısı deyib: “Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik”.

Dövlət başçısı bildirib ki, ziyarət etdiyi Ağdam cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə start verilib. Artıq mütəxəssislər oraya ezam edilib və yaxın zamanlarda təmirlə bağlı təkliflər veriləcək. Şuşa şəhərinin məscidləri də bərpa ediləcək. Prezident İlham Əliyev vurğulayıb ki, minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistanın daim müsəlman ölkələri ilə münasibətlər qurmağa, bəzi ölkələrlə münasibətləri inkişaf etdirməyə, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə verməyə çalışdığını diqqətə çatdıran dövlət başçısı bunların yalan olduğunu qeyd edib. Bildirib ki, əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi müsəlman məscidlərini nə günə salıb. Prezident İlham Əliyev deyib: “Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər”.

Azərbaycan dövləti, Azərbaycan xalqı humanistdir və bütün dinlərə hər zaman hörmətlə yanaşıb. Prezident İlham Əliyev vurğulayıb ki, biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Dövlət başçısı bildirib ki, bütün dinlərin abidələri bizdə qorunur - kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Diqqəti ermənilərin əməllərinə çəkən Prezident İlham Əliyev deyib: “Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi”.

Təcavüzkar ermənilər işğal dövründə azərbaycanlılar üçün müqəddəs olan Yuxarı Gövhər ağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdirdilər. Ermənilərin hər zamankı kimi bu məsələdə də öz mənafelərinə xidmət etdikləri isə göz önündədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Dövlət başçısı bir ölkənin şirkətinin bu çirkin əməllərdə onlarla şərik olduğuna təəssüfünü də ifadə edib: “Əlbəttə ki, Yuxarı Gövhər ağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb”.

Dövlət başçısı Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verildiyini bildirib. Erməni təcavüzkarlarının otuz ilə yaxın həyata keçirdikləri bədnam əməllər nəticəsiz qalıb. Şuşanı erməniləşdirə bilməyiblər. Çünki Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. “Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”, - Prezident İlham Əliyev deyib.

Dövlət başçısı, birinci xanım və qızları Leyla xanım Şuşadakı Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini də ziyarət ediblər.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video