21:35 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident qayğısı

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:17 28.02.2021

 

Bu il daha 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

 

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş döyüşçü ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Bu sahədə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar öz həyatlarında hiss edirlər. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzindədir.

 

Bu günə qədər 9200-ə yaxın şəhid ailəsinə, müharibə əlilinə yeni mənzil verilib

 

Təkcə son 2 ildə bu kateqoriyaya aid vətəndaşlara göstərilən diqqət və qayğıya nəzər yetirsək bunun şahidi olarıq. Belə ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə 2019-cu ildə 800, 2020-ci ildə 1572 mənzil verilib. Bu günə qədər isə ümumilikdə 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev bir daha bu məsələyə toxunaraq vurğulayıb ki, dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Prezidentin bu sahədəki siyasəti birmənalıdır. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı da həmin kateqoriyadan olan əhali qruplarına Prezidentin xüsusi qayğısının növbəti təzahürüdür.

Sərəncam 2020-ci ildə ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.

Dövlət başçısı şəhid ailələri ilə görüşdə bir daha qeyd edib ki, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni dövlət bu proqramı Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcək. Digər şəhər və rayonlarda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Yaxın gələcəkdə bu proqram tam icra olunacaq.

 

Ev almayan şəhid ailəsi qalmayacaq

 

Göstərilən rəqəmlər bir daha dövlətin bu kateqoriyadan olan insanlara qayğısının bariz nümunəsidir. Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir.

Prezidentin də söylədiyi kimi, dünyada müharibələr, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib: “Onu da bildirməliyəm ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğı hər zaman yüksək dəyərləndirilib. Həm dövlət başçısının, həm də Mehriban Əliyevanın mütəmadi olaraq bu kateqoriyaya aid insanlarla görüşməsi, səmimi söhbət etməsi, İlham Əliyevin “ev almayan şəhid ailəsi qalmayacaq” fikrini bəyan etməsi deyilənləri bir daha təsdiqləyir.

Prezident bu xoşməramlı, humanist missiyası ilə hər kəsə şəhid ailələrinə münasibətin necə olmasının nümunəsini göstərir.

 

Mənzil və fərdi evlə təminat proqramı bu il 2 dəfəyə qədər genişlənəcək

 

Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.

Fevralın 25-də Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin təqdim olunması bu istiqamətdə görülən işlərin uğurla və daha geniş miqyasda davam etdirildiyini göstərir.

Bir sözlə, Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlət hər zaman bu kateqoriyadan olan vətəndaşlarımızın yanındadır və bütün məsələlər ölkə başçısının daim diqqət mərkəzindədir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM