17:00 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.04.2021

DƏMİR YUMRUĞUN ABİDƏSİ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nizami məsnəvilərinin Berlin nüsxələri

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:20 25.02.2021

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvi özündən sonra zəngin ədəbi irs qoyub getmiş, ədəbi məktəbini yaratmağı bacarmışdır. Nizaminin necə məşhur və görkəmli şair olduğunu sübut edən faktlardan biri də dünyanın müxtəlif əlyazma xəzinələrində onun əsərlərinin yüzlərlə nüsxəsinin mühafizə edilməsidir. Nizami ədəbi məktəbindən təsirlənən Osmanlı şairləri onun əsərlərini həm tərcümə etmiş, həm də ona nəzirələr yazmışlar. Mütəfəkkir şairin əsərləri dünyanın bir cox ölkəsində müxtəllif dillərdə nəşr olunmuşdur.

Nizami Gəncəvi yaradıcılığı Azərbaycanda həmişə diqqət mərkəzində olmuş, xüsusən də XX əsrin ortalarından başlayaraq bu barədə müxtəlif dövlət tədbirləri keçirilmiş, şairin yubileyləri təntənə ilə qeyd edilmişdir. 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilmişdir. 1981-ci ildə isə Nizaminin 840 illik yubileyi ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi yenə də dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd olunmuşdur.

2021-ci il Nizami Gəncəvinin anadan olmasının 880 illiyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə bu il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunmuşdur.

“Nizami Gəncəvi ili”ndə icra edilməli olan vəzifələrdən birincisi şairin tam biblioqrafiyasının hazırlanmasıdır. Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanacaq biblioqrafiyaya yeni nəşr olunan əsərlər də əlavə edilməlidir. Bu çərçivədə, C.Qəhrəmanov və K.Allahyarov tərəfindən hazırlanmış və Nizami Gəncəvinin dünyanın müxtəlif əlyazma xəzinələrində mühafizə olunan əsərlərinin əlyazmaları haqqında məlumatı əhatə edən biblioqrafiyaya yeni ortaya çıxarılan nüsxələrin də daxil edilməsi zəruridir.

Nizami Gəncəvinin həyat və yaradıcılığının xüsusi şəkildə araşdırılıb nəşr ediləcəyi bu ildə qarşıda duran vəzifələrdən biri də şairin “Xəmsə”sinin ən qədim və dəyərli nüsxələrinin surətlərinin dünyanın müxtəlif kitabxanalarından əldə edilib tanıdılmasıdır. Növbəti mərhələdə isə bu nüsxələrin köməyi ilə “Xəmsə”yə daxil olan məsnəvilərin müəllif iradəsinə daha yaxın olan elmi-tənqidi mətninin hazırlıqlarına başlana bilər.

Tərəfimizdən “Xəmsə”nin və ya “Xəmsə”yə daxil olan ayrı-ayrı məsnəvilərin Amerika və Avropadakı bəzi kitabxanalarda mühafizə olunan nüsxələrinin surətləri əldə edilmişdir. Qeyd edək ki, indiyə qədər Azərbaycanda işıq üzü görən tədqiqatlarda bu nüsxələrdən istifadə olunmamışdır.

Toplanan materialın çoxluğunu nəzərə alaraq, məqaləmizdə yalnız Berlin Dövlət Kitabxanasında mühafizə olunan Nizami əsərləri haqqında məlumat verəcəyik.

Bu işə başlayarkən, əvvəlcə Berlin Dövlət Kitabxanasının kataloquna əsasən, Nizami əsərlərinin nüsxələri müəyyənləşdirilmiş, daha sonra isə onların surətləri alınmışdır. Həmçinin Berlin Dövlət Kitabxanasında mövcud olmasına baxmayaraq, adıçəkilən kataloqda əksini tapmamış bəzi nüsxələrin də surətləri əldə edilmişdir.

Berlindən surətlərini əldə etdiyimiz 19 nüsxənin 12-si haqqında kataloqlara əsasən, 1987-ci ildə Bakıda nəşr edilmiş biblioqrafiyada qısa məlumat verilsə də, bu nüsxələrin hamısını bir-bir nəzərdən keçirərək əlavə məlumatlar vermiş, dəqiqləşdirmələr aparmış və həmin əlyazmalardakı miniatürləri tanıtmağa çalışmışıq. Bundan əlavə, Berlin Dövlət Kitabxanasına məxsus olan və Nizami Gəncəvi əsərlərinin əlyazmalarına dair biblioqrafiyada əksini tapmayan 7 nüsxənin (№ 1665, 1940, 1981, 14025, 9725, 2, 4048) surətləri də əldə edilərək, məqalə şəklində oxuculara və elmi ictimaiyyətə təqdim olunmuşdu.

Nizami “Xəmsə”sinə çəkilmiş miniatürlər Azərbaycanda və dünyanın müxtəlif kitabxanalarında qorunan nüsxələr əsasında görkəmli sənətşünas alim C. Həsənzadə tərəfindən toplanmış və araşdırılmışdır. Həmin kitabda Nizami məsnəvilərinin Berlin nüsxələrindəki miniatürlər əksini tapmamışdır. Bu baxımdan, surətlərini əldə etdiyimiz nüsxələr gələcəkdə Azərbaycanda həm Nizami “Xəmsə”sinin daha mükəmməl elmi-tənqidi nəşrinin tərtib edilməsinə, həm də “Xəmsə”yə çəkilən miniatürlərin daha zəngin toplusunun hazırlanmasına kömək edəcək.

Nizami Gəncəvi “Xəmsə”sinin (Minutoli 35) bəhs edəcəyimiz ilk nüsxəsi 1363-1364-cü ildə köçürülmüşdür. 269 vərəq həcmində olan bu kitab “Xəmsə”nin qədim nüsxələrindən biri olması baxımından əhəmiyyətlidir. Nüsxə nəsx xətti ilə yazılmışdır. Əlyazma kitabının 1b vərəqindən etibarən “Xosrov və Şirin” məsnəvisi başlayır, “Leyli və Məcnun” məsnəvisinə isə 45a vərəqindən başlayaraq yer verilir. “İsgəndərnamə”yə daxil olan “Şərəfnamə” 111 a, “Xirədnamə” (“İqbalnamə”) isə 209a vərəqindən etibarən oxuculara təqdim olunur. 1b vərəqindən başlayaraq “Məxzənül-əsrar” məsnəvisi, 152b vərəqindən etibarən də “Həft peykər” məsnəvisi əlyazma kitabının haşiyələrinə köçürülmüşdür.

Berlində saxlanan digər bir əlyazma Nizaminin “İsgəndərnamə” məsnəvisinin “İqbalnamə” adlı hissəsini əhatə edir. Bu nüsxə 42 vərəqdən ibarətdir. Katib bu nüsxəni  19 mart 1446-cı ildə bitirdiyini qeyd etmişdir. Əlyazmada 4 miniatür vardır. 10b vərəqinə çəkilmiş ilk miniatürdə dağlarda gəzən şahzadə təsvir edilmişdir.

Kitabxanada XIV əsrdə köçürülmüş “Leyli və Məcnun” nüsxəsi də mövcuddur. Əlyazma 121 vərəqdən ibarətdir. Əlyazmanın birinci və sonuncu vərəqlərinin bir hissəsi qopmuşdur. Kitabda 5 miniatürə yer verilmişdir. Nüsxənin 11b vərəqində əksini tapmiş ilk miniatürdə Leyli ilə Məcnun məktəbdə dərs zamanı təsvir olunmuşlar.

Digər bir “Xəmsə” nüsxəsi (Sprenger 1475) də qədimliyi baxımından əhəmiyyətlidir. Bu əlyazma kitabı XIV əsrdə təliq xətti ilə köçürülmüşdür. Həcmi 278 vərəqdir. Kitabda “Xəmsə”yə daxil olan dörd məsnəvi təqdim olunmuşdur: “Məxzənül-əsrar”;  “Leyli və Məcnun”; “Xosrov və Şirin”; “Həft Peykər”. İncəsənət baxımından da diqəti cəlb edən nüsxəyə 44 miniatür çəkilmişdir. Miniatürlər “Xəmsə”dəki müxtəlif hekayələri əks etdirirlər.

“Xəmsə”dəki məsnəvilərə yer verilən digər bir əlyazma XV əsrdə təliq xətti ilə köçürülmüşdür və 387 vərəqdən ibarətdir.

XV əsrdə köçürülmüş “Xosrov və Şirin” məsnəvisi “Kitabi-Xosrov ü Şirin” sərlövhəsi ilə mühafizə olunmaqdadır. Həcmi 48 vərəq olan əlyazmaya altı miniatür daxildir.

Başqa bir “Xəmsə” əlyazması 15 iyun 1485-ci ildə tamamlanmışdır. 336 vərəqdən ibarətdir. Katibi Sultan Hüseyn bin Sultan Əlidir. “Xəmsə”nin digər bir nüsxəsi 1503-cü ilin iyun ayı ilə 1504-cü ilin avqust ayı arasında köçürülmüşdür. Həcmi 497 vərəqdir. Katibi Hüseyn ibn Kəmaləddin əl-Hadi Hüseyni əl-Yəzdidir. Bu əlyazmada “Xəmsə”yə daxil olan bütün məsnəvilərə yer ayrılmışdır.

“Xəmsə”yə daxil olan məsnəvilərin yer aldığı daha bir əlyazma 956-cı ilin zilqədə / 1549-cu ilin noyabr-dekabr aylarında köçürülmüşdür. Həcmi 322 vərəqdir. Təliq xətti ilə yazılmışdır. Əlyazma “Məxzənül-Əsrar”la başlasa da, bu məsnəvi yarımçıq qalır. Kitabda “Xosrov və Şirin” məsnəvisinə yer verilmişdir, lakin o da tam deyildir. Daha sonra “Leyli və Məcnun” , “Həft Peykər” , “Şərəfnamə” və “İqbalnamə” məsnəviləri ixtinsax edilmişdir. Kitabda 8 miniatür vardır.

XVI əsrdə köçürülmüş qiymətli bir “Xəmsə” əlyazmasının həcmi 381 vərəqdir. Katibin hər məsnəvinin sonuna istinsax tarixi yazılmışdır. Belə ki, “Məxzənül-Əsrar” 21 avqust 1566-cı ildə, “Leyli və Məcnun” 4 noyabr 1566-cı ildə, “Xosrov və Şirin” 1568-ci ilin aprel ayında, “İsgəndərnamə” isə 974-cü ilin ramazan 1567-ci ilin mart ayında köçürülüb tamamlanmışdır. Əsərdə 15 miniatür vardır.

“Xəmsə”nin (Minutoli 1) bu nüsxəsi 366 vərəqdən ibarət olub, təliq xətti ilə 1573-1574-cü ildə istinsax edilmişdir. Əlyazmada 19 miniatür mövcuddur. Kitabda məsnəvilər bu ardıcıllıqla düzülmüşdür: “Məxzənül-Əsrar” (vər. 1b); “Xosrov və Şirin” (vər. 32b); “Leyli və Məcnun” (vər. 109b); “Həft Peykər” (vər. 167b); “Şərəfnamə” (vər. 232b); “İqbalnamə” (vər. 318b).

Berlin Dövlət Kitabxanasında ayrıca “İsgəndərnamə” məsnəvisinin yazıldığı əlyazmaya da rast gəldik. Əlyazma 981 / 1573-1574-cü ildə köçürülmüşdür və 89 vərəqdən ibarətdir. Məsnəviyə 14 miniatür çəkilmişdir.

“Xəmsə”nin başqa bir əlyazma nüsxəsi (Petermann II 698) 290 vərəqdən ibarətdir. Təliq xətti ilə köçürülmüşdür. Nüsxədə əsərə çəkilmiş 19 miniatürə də ver verilmişdir. Kitabdakı məsnəvilərin hər birinin sonuna tamamlandığı tarix yazılmışdır. Belə ki, məsnəvilər 1584-1586-cı illərdə Dostməhəmməd bin Əlidost əl-Becistani tərəfindən köçürülmüşdür.

“Xəmsə”yə daxil olan bütün məsnəviləri əhatə edən əlyazma kitabı 290 vərəq həcmində olub, 1632-ci ilin fevral-mart aylarında köçürülmüşdür. Bu nüsxədə 52 miniatür vardır.

“Xəmsə”nin 1672-ci ilin sentyabr-oktyabr aylarında köçürülmüş əlyazması 228 vərəqdən ibarətdir. Nizami məsnəvilərinin hamısını əhatə edir. Əlyazmada 6 miniatürə yer verilmişdir. Katibi Sədrəddin Mə?əmməd ibn İsa Məhəmməddir. “Xosrov və Şirin” məsnəvisinin köçürüldüyü nüsxənin həcmi isə 319 vərəqdir. Əlyazma 1768-1769-cu ildə hazırlanmışdır. Məsnəvinin bu nüsxəsi 65 miniatürü əhatə edir və Berlin nüsxələri arasında miniatür baxımından ən zəngin əlyazmadır. Digər bir “Xəmsə” əlyazması təliq xətti ilə köçürülmüşdür və həcmi 296 vərəqdir. 1831-1832-ci ildə istinsax edilmişdir. Əlyazmada 25 miniatür vardır. Katibi Əsədullah bin Ərdəlandır.

Berlin Dövlət Kitabxanasındakı “Xəmsə” nüsxələrindən bir başqası (Hs. or. 14025) 1836-1237-ci ildə köçürülmüşdür. Həcmi 346 vərəqdir. Əlyazmaya 9 miniatür çəkilmişdir. Kitabxanada “İsgəndərnamə” məsnəvisinin “İqbalnamə” hissəsinin XIX əsrdə köçürülmüş nüsxəsi də mühafizə olunmaqdadır. Əlyazmanın həcmi 181 vərəqdir və 14 miniatürlə bəzədilmişdir.

Berlin Dövlət Kitabxanasında “Xəmsə”nin yuxarıda qeyd etdiyimiz nüsxələrindən savayı, “Tərcümeyi-Həft peykər” adlı əlyazmaya da rast gəldik. Həmin kitab “Yeddi gözəl” məsnəvisinin nəsrlə türk dilinə tərcüməsini ehtiva edir. Əlyazmanın həcmi 49 vərəqdir və XIX əsrdə köçürülmüşdür.

Berlin Dövlət Kitabxanasındakı Nizami Gəncəvi əlyazmalarının əksəriyyəti miniatürlüdür. Belə ki, “Xəmsə”nin XIV əsrdə hazırlanmış əlyazmasında 44, XVIII əsrdə köçürülmüş nüsxəsində 52, “Xosrov və Şirin”in XVIII əsrdə istinsax edilmiş nüsxəsində isə 65 miniatür vardır. Bunlar Nizami Gəncəvi “Xəmsə”sinin ən çox miniatür çəkilmiş nüsxələrindəndir. Məlumatlardan anlaşılır ki, surətlərini əldə etdiyimiz nüsxələrdən savayı, Berlin Dövlət Kitabxanasında Nizami məsnəvilərinin daha on əlyazması da mühafizə edilməkdədir.

 

Vüsalə MUSALI,

Türkiyənin Kastamonu Universitetinin professoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM