23 Fevral 2021 20:57
918
PARLAMENT
A- A+

Milli Məclisin növbəti plenar iclası keçirilib

 

Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə cari məsələlər müzakirə olunub. Müzakirələr zamanı deputatlar Sevinc Fətəliyeva, Nigar Arpadarai, Müşfiq Məmmədli, Hicran Hüseynova, Azər Badamov, Ramil Həsən, Əli Məsimli, Zahid Oruc, Müşfiq Cəfərov, Tahir Kərimli, Fazil Mustafa və Cavid Osmanov seçiciləri narahat edən məsələlərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, iclasın gündəliyinə 22 məsələ daxildir. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsidir. Sədr bildirib ki, Məhkəmə-Hüquq Şurası haqqında Qanunun 6-cı maddəsinə görə Şuranın bir üzvü Milli Məclis tərəfindən təyin edilir. Ötən 5 il ərzində Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasında Milli Məclisi layiqincə təmsil edib. Milli Məclisin sədri bu mühüm vəzifədə uğurlu fəaliyyətinə görə Ziyafət Əsgərova deputatlar adından təşəkkür edib.

Sədr bildirib ki, indi isə rotasiya qaydasında növbəti müddət üçün Məhkəmə-Hüquq Şurasının yeni üzvünü təyin etməliyik. Bu vəzifəyə Milli Məclisin deputatı Nizami Səfərovun namizədliyi irəli sürülüb. Nizami Səfərov tanınmış alim və təcrübəli hüquqşünasdır, hüquq elmləri doktorudur. Hüquq məsələlərinə dair bir sıra monoqrafiya və məqalələrin müəllifidir, ikinci dərəcə dövlət müşaviridir. 1989-1994-cü illərdə Nizami Səfərov Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi, şöbə müdiri olub, Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. O, 1994-2019-cu illərdə Milli Məclisin Aparatında çalışıb, 20 ildən artıq dövrdə İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri olub. 2020-ci ilin fevralında o, Altıncı çağırış Milli Məclisin deputatı seçilib, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və İntizam komissiyasının üzvüdür.

Məsələ barədə deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiqlənib.

Sonra gündəliyin ikinci məsələsi - "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsi haqqında əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. Bildirib ki, sənəd beynəlxalq hüquq normaları əsasında hazırlanıb. Qeyd olunub ki, bu sənəd Azərbaycan və türkmən xalqlarının rifahının daha da yüksəlməsinə xidmət edir. Bildirilib ki, bununla bağlı ayrıca Saziş hazırlanacaq və imzalanacaq.

Anlaşma Memorandumu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da fikirlərini bölüşüb. Bildirib ki, tarixi əhəmiyyət kəsb edən bu sənəd diplomatik nöqteyi-nəzərdən həm Azərbaycanın, həm də Türkmənistanın böyük uğurudur. Bu anlaşma Azərbaycanın strateji hədəflərinə yönəlmiş bir sənəddir.

Anlaşma Memorandumu səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 11 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş) barədə birinci vitse-spiker, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Bildirib ki, məsələ barədə əvvəlki oxunuşlarda geniş məlumat verilib. Qeyd edib ki, bu dəyişiklik Azərbaycanın hüquq sisteminin inkişafından irəli gəlir.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra sədr diqqətə çatdırıb ki, Konstitusiyaya əsasən, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. İkinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir. Bizim indi qəbul etdiyimiz Konstitusiya qanunu layihəsi imzalanmaq üçün Prezident İlham Əliyevə təqdim ediləcək və 6 ay sonra yenidən müzakirəyə çıxarılacaq.

Sonra plenar iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə baxılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu Qanun birinci və ikinci oxunuşlarda müsbət dəyərləndirilib. Dəyişikliyin əsas mahiyyəti çağırışçıların hüquqi statusunu bərabərləşdirməkdir. Beləliklə, bakalavriat və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.

Deputatlar Məlahət İbrahimqızı və Azay Quliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, Məcəllədə edilən dəyişiklik Azərbaycanda qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində yeni tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. Ötən iclaslarda deputatların verdikləri təkliflərin çoxu nəzərə alınıb.

Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəlikdəki növbəti iki məsələ mahiyyətcə bir-biri ilə bağlıdır. Üçüncü oxunuşda müzakirəyə çıxarılmış hər iki məsələ – Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında məsələlər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd edib ki, dəyişikliklərə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qanunlara və müvafiq siyahılara daxil edilib. Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq.

Əminə Ağazadə ötən iclasda səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sədr diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsi də mahiyyətcə bir-birilə bağlıdır.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki qanunda edilən dəyişikliklərin əsas məqsədi yol hərəkəti və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir.

Sonra ayrı-ayrılıqda səsə qoyulan hər iki qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

“Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Bildirilib ki, qanundakı yenilik vətəndaşın vəziyyətini yüngülləşdirmək məqsədi daşıyır. Deputatlar qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər.

Sonra iclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələyə baxılıb. Layihəni təqdim edən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli notariat xidmətlərinin göstərilməsi sahəsində bəzi rüsumların azaldılmasının və ya ləğv edilməsinin çox müsbət addım olduğunu vurğulayıb. Layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

İclasda “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, təklif olunan qanunun mahiyyəti bundan sonra işsizlikdən sığorta haqqı təyin edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki məlumatlara istinad olunmasıdır.

Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) layihəni mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirib ki, qanuna edilən dəyişikliklər ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması və dövlət qeydiyyatına alınmış əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi kimi mühüm məsələləri nəzərdə tutur.

Layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

Sədr diqqətə çatdırıb ki, bununla da üçüncü oxunuşda olan məsələlərin müzakirəsi başa çatdı. Növbəti iki qanun layihəsi də mahiyyətcə bir-birilə bağlıdır.

Regional məsələlər komitəsinin üzvü Səttar Möhbalıyev gündəlikdəki növbəti iki məsələni təqdim edib. Məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilir. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilir. Qeyd edilib ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da müvafiq düzəlişin edilməsi nəzərdə tutulur.

Bildirilib ki, bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ərazi vahidlərinin sosial-iqtisadi problemlərinin həlli, vətəndaşların və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə aparılır.

Deputat Cəbi Quliyevin fikirləri dinlənildikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Bildirilib ki, dəyişiklik dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.

Layihə səsə qoyularaq qəbul olunub.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Bildirib ki, layihədə Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi məsələləri, əmək münasibətləri prosesində mülki-hüquqi müqavilələrin hansı hallarda rəsmiləşdirilməsinin yolverilməz olduğu, həmçinin əmək müqaviləsi ilə bağlı meyarlar müəyyənləşdirilir.

Layihə barədə deputatlar Razi Nurullayev, Vüqar İskəndərov, Səttar Möhbalıyev, Sevinc Hüseynova, Rəşad Mahmudov, Tahir Mirkişili və Fazil Mustafa fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, dəyişikliyin məqsədi qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində elektron nəzarət imkanlarının gücləndirilməsidir.

Layihə səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.

İclasda "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə məsələ (birinci oxunuş) müzakirəyə təqdim edilib.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verərək diqqətə çatdırıb ki, dəyişikliyə görə, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.

Qanun layihəsi barədə danışan deputatlar Fazil Mustafa, Razi Nurullayev, Elman Nəsirov su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlı komitəsinin üzvü Məşhur Məmmədov məlumat verib.

Bildirib ki, dəyişiklik Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il – 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.

Deputat İltizam Yusifovun layihə barədə fikirləri dinlənildikdən sonra sənəd ikinci oxunuşda qəbul edilib.

Sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, cənab Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılmışdır. İndi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

Layihə barədə deputat Məlahət İbrahimqızının fikirləri dinlənilib və sənəd ikinci oxunuşda qəbul edilib.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verərək diqqətə çatdırıb ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin yaz sessiyasındakı növbəti plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video