17 Fevral 2021 00:50
1273
SİYASƏT
A- A+

İlham Əliyev Qarabağın tarixi şöhrətini tezliklə qaytaracaq

 

Prezidentin iştirakı ilə azad edilmiş bölgədə sosial infrastrukturun istifadəyə verilməsi Böyük Qayıdışın əlamətdar hadisəsidir

 

“Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı səsləndirdi.

Dövlət başçısının işğaldan azad olunmuş rayonlara budəfəki səfəri bir çox aspektlərdən xüsusi önəm daşıyırdı. Səfər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edirdi.

 

Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihə

 

Səfər Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması ilə başladı. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihənin başlanğıcı kimi qiymətləndirilməli olan bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Digər vacib məsələ isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaranacaq.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatmasını hüquqi cəhətdən təsdiqləməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir. O cümlədən bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Fevralın 14-də Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla 10 noyabr Bəyanatının həmin maddəsinin icrasına start verdi.

 

Birinci “ağıllı kənd” layihəsi Zəngilanda icra ediləcək

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Üçüncü Ağalı kəndində olublar. Zəngilana gedərkən avtomobili özü idarə edən ölkə rəhbəri söylədi ki, işğaldan azad edilmiş torpaqların bərpası prosesi artıq başlayıb. Birinci “ağıllı kənd” layihəsi də məhz Zəngilan rayonunda icra ediləcək.

Dövlət başçısına Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verildi. Bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Xatırladaq ki, ölkə rəhbəri öz çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. İşğaldan azad olunmuş ərazilərin dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.

 

“Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”

 

Daha sonra dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Laçın rayonuna yola düşdülər.Yol boyunca Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışan ölkə rəhbəri terrorçu ermənilərin ərazilərimizi tərk edərkən olub-qalan infrastruktur obyektlərini dağıtdıqlarını qeyd etdi.

“Bura artıq Laçın rayonunun ərazisidir. Bu, Həkəri çayıdır. Görün, nə gözəl çaydır. Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik”. Prezident və xanımı Laçına məhz bu sözlərlə daxil oldular.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçının Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Sonra Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi və stansiyanı işə saldı.

Dövlət rəhbərinin tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisə kimi qeyd olunmalıdır. Çünki bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk layihədir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

İşğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində də çoxsaylı su elektrik stansiyalarının tikiləcəyini və bunun üçün çox əlverişli şərtlərin olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, azad edilmiş bütün torpaqlarımızda bərpaolunan enerji növlərinin və yerlərinin müəyyənləşdirilməsi prosesinə başlanması üçün göstəriş verib: “Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər.

Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”.

 

Bəsitçay təbiət qoruğunun bərpasına start verildi

 

Ardınca dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gəldilər. Ermənilər tərəfindən ekoloji terrora məruz qalmış qoruqda çinar ağacları əkdilər, Bəsitçaya balıq buraxdılar.

Prezident xatırlatdı ki, 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu: “Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi.

Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik”.

Son olaraq İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndinə gəldilər. Burada Prezidentə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verildi.

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri Böyük Qayıdışın ilk addımları kimi qiymətləndirilir. Bu vaxta qədər işğaldan azad olunmuş torpaqlarımızda, sadəcə, Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa, ölkə başçısının budəfəki səfərində reallaşdırılan ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsinin şahidi olduq. İşğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlanıldığından xəbər verir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin Azərbaycana aid olduğunu, xalqımızın öz torpaqlarına artıq əbədi döndüklərini növbəti dəfə bütün dünyaya açıq şəkildə bəyan etdi.

Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycan çox qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, məskunlaşmanı və Böyük Qayıdışı da tezliklə təmin edəcək. Ərazi bütövlüyümüzü bərpa edən İlham Əliyev ən qısa zamanda Qarabağı da cənnətə çevirəcək.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video