18:45 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İğtişaşların ermənilər tərəfindən törədilməsi sübuta yetirilmişdir

ANA SƏHİFƏ / SİYASƏT
00:39 28.02.2021

 

Sumqayıtda ermənilərin öncədən planlaşdırdığı qanlı hadisələrdən bizi 33 illik zaman kəsiyi ayırır. Geriyə baxanda həmin hadisələrin zamanında görünməyən tərəfləri aydınlaşır, ermənilərin Sumqayıtda törətmək istədikləri növbəti “genosid”in bir çox “çılpaqlığı” üzə çıxır. Erməni təbliğat maşını dünyaya Sumqayıt hadisələrini onlara qarşı törədilən terror kimi sırımaqda israrlıdır. İstintaq proseslərində bu terrorun məhz ermənilər tərəfindən törədilməsi sübuta yetirilib. Dünyanın hər hansı bir nöqtəsində yaşayan ermənilər yaxşı bilirlər ki, törədilən hadisələr özlərinin əməlidir. Yalan və iftiralarla “zəngin”, “yazıq millət” kimi tarixi olan ermənilər həmişə qarşılarına qoyduqları məkrli məqsədə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan qanlı cinayətlərdən, hətta öz millətlərinin belə qanını tökməkdən çəkinməyiblər.

 

Mitinqlərdə ermənilər təlimatlandırılır

 

1988-ci ilin fevralında Xankəndidə erməni millətçiləri kütləvi mitinqlər keçirirdi. Onlar SSRİ və Ermənistan SSR rəhbərliyindən tələb edirdilər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistanın tərkibinə qatılsın. Mitinqlərdə azərbaycanlıların “cinayətlərindən” söz açır, əl altında qaldıqlarını iddia edirdilər. Dağlıq Qarabağın ətraf rayonlarından ermənilər mitinqlərə axışır, oradan təlimatlanırdılar. Az bir zamanda buna adekvat cavab verəcək yer də müəyyənləşdirilir. Həmin hadisələrdən sonra belə bir fikir dolaşır ki, ermənilər öncə Gəncəni iğtişaşların mərkəzi kimi qəbul ediblər. Amma sonradan əslən ermənistanlıların daha çox yaşadığı Sumqayıt seçilir.

Həmin il 39 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtda zəhmətkeşlər bu bayrama hazırlaşırdılar. Onu quranlar sovetlər birliyinin hər yerindən bura gələn gənclər idi. Yaranışından diqqəti cəlb edən bu şəhər beynəlmiləl xüsusiyyətləri ilə də fərqlənirdi. Dünyanın müxtəlif yerində yaşayan sumqayıtlılar öz şəhərləri ilə fəxr edirdilər. Hətta əslən erməni olub Sumqayıtda doğulanlar belə bu şəhəri həmişə hörmətlə yad edirlər.

Vaxtilə “dostluq” şəhəri adlanan, özündə 82 millətin və etnik qrupun nümayəndəsini birləşdirən, daşı daş üzərinə qoyub böyük bir şəhər salan, beynəlmiləl bir ailədə yaşayan insanlar 1988-ci il fevral ayının 28-dən 29-na keçən gecə bir qrup ekstremistin əli ilə Sumqayıtda qanlı aksiyanın törədilməsinə necə rəvac verə bilərdi? Hadisələrə təkan verən, təlimatlandıran, maddi vəsait ayıran qüvvələr kimlər idi? Vaxtilə bir parta arxasında əyləşib eyni dildən dərs keçənlər necə bir-birinə düşmən oldu?!

Bütün bunları araşdırmaq və bu suallara dolğun cavab tapmaq o qədər də asan deyil. Hazırda ermənipərəst kütləvi informasiya vasitələri öz uydurma cızmaqaraları ilə indi də oxucuları çaşdırır, guya Sumqayıtda ermənilərə qarşı “genosid”in olmasını sübut etmək istəyirlər.

“Böyük Ermənistan” yaratmaq xülyasında olan Ermənistan rəhbərliyi, millətçi qüvvələr, daşnak partiyasının fəalları, kəşfiyyat orqanları Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməklə separatizmə geniş meydan açırdılar. Buna nail olmaq üçün Ermənistanın xüsusi xidmət orqanları və xaricdə yaşayan erməni lobbisinin ssenarisi əsasında Sumqayıtda qanlı aksiya törətdilər.

Bu həmin zaman idi ki, SSRİ aşkarlıq şəraitində bir çox problemləri bilərəkdən qabartmağa başlamışdı. Hakimiyyətdə təmsil olunan erməni diasporu hərəkətə keçmişdi. Aparılan müşahidələr və araşdırmalar göstərirdi ki, haqqında dəfələrlə yazılmış “tarixi unutqanlıq” adlanan sosial bəladan xilas olmaq son dərəcə çətin problemə çevrilmişdir. Bu problemə qarşı isə gərgin, ardıcıl və prinsipial təbliğat işi aparmaq, ermənilərin hiyləgər və məkrli siyasətlərini ifşa edərək, dünya ictimaiyyətinə çatdırmaq lazımdır.

 

İğtişaşları idarə edən ermənilər

 

1988-ci ilin əvvəllərində böyük sovetlər imperiyası tənəzzülə uğramaqda idi. Batmaqda olan ittifaqın rəhbərləri vəziyyətdən çıxış yolunu sanki qanlı hadisələr törətməkdə görürdülər.

Artıq Sovet İttifaqını vahid partiya idarə edə bilmirdi. Sovet İttifaqının dağılmasında maraqlı olan güc mərkəzləri tərəfindən M.S.Qorbaçov hakimiyyətə gətirildi. Qorbaçovun isə siyasi məsələlər üzrə köməkçisi Şahnazaryan, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan, Dövlət Plan Komitəsinin birinci müavini Sitaryan və yuxarı eşelonda vəzifələrə otuzdurulan yüzlərlə erməni böyük bir dövlətin xarici və daxili siyasətini maraq və ambisiyalarına uyğun asanlıqla istiqamətləndirə bilirdilər. Dövlətdə təmsil olunan bir şəxsin - Aqanbekyanın 1987-ci ildə Fransadakı məlum çıxışında Qarabağın Ermənistana verilməsi təklifi xarici diaspor nümayəndələri tərəfindən alqışlarla qarşılandı. Bundan sonra Qarabağda və Ermənistanda fasiləsiz mitinqlərə start verildi, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı təzyiqlər, hücumlar gücləndi. Beləcə qaçqınların ilk böyük dalğası Sumqayıtı silkələdi.

Öz doğma yurdlarında min illərlə yaşayan insanlar Sumqayıta pənah gətirdilər. Çünki ermənistanlı azərbaycanlıların çox hissəsinin Sumqayıtda qohum-əqrabası yaşayırdı. Eyni zamanda həmin dövrdə dolaşan fikirlərdən biri də qaçqınların Qarabağda yerləşdirilməsi idi. Bunun qarşısını almaq üçün növbəti bir saxta “genosid” aktı hazırlamaq iddiası ermənilər tərəfindən düşünüldü.

Separatçı “Qarabağ” və “Krunk” komitələri dünyanın hər yerində yaşayan ermənilərə müraciət qəbul edərək onları böyük Ermənistan arzularının reallaşacağı gün uğrunda mübarizəyə səsləyirdilər. Respublikamızın müxtəlif regionlarında yaşayan erməniləri uzun illərdən bəri gizlincə yığdıqları maliyyə bazalarından istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün ümumerməni hərəkatına qoşulmağa çağırırdılar.

Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yığcam yerləşdirilmişdi. Azərbaycan dilini mükəmməl bilən bu qrup ermənilər şəhərin onlarda olan xəritəsi əsasında demək olar ki, bütün küçə və dövlət orqanlarını qeydiyyata almış, xüsusi terror planını hazırlamışlar. Şəhərdə gizlin fəaliyyət göstərən “Krunk” daşnak təşkilatının üzvləri ilə görüşən təxribatçı qrup erməni ailələrinin siyahısı əsasında niyyət və məramlarını bölüşmüşdü. Bir neçə gün ərzində planın əsas hərəkətverici qüvvələri də müəyyənləşdirilmişdi. Həmin şəxslər Sumqayıtda ermənilərin gur yaşadığı ərazilərdə çoxsaylı gizli görüşlər keçirmiş, onları gələcək hadisələrlə bağlı təlimatlandırmışdılar. 30 nəfərə yaxın olan bu “komanda” şəhərin dörd bir tərəfində yaşayan ermənilərin ünvanlarını hazırladıqdan sonra iğtişaşlar zamanı kiminlə necə hərəkət edəcəklərini də onlara anlatmışdılar.

Eyni zamanda həmin günlərdə şəhəri tərk edən imkanlı erməni ailələri hadisələr ərəfəsində bankda olan pullarını çıxardaraq özləri ilə aparmışdılar. Bəziləri şəhərin ticarət mərkəzində - univermaqda satılan qiymətli zinət əşyaları almışdılar. Onlar evlərinin bahalı mebellərini, bəziləri isə evlərini sata bilmişdilər. Təəssüf ki, bütün bunlar respublikamızın, sırf Sumqayıt hüquq mühafizə orqanlarının gözü qarşısında baş vermişdi. Çiyni müxtəlif ulduzlu milis (polis) işçilərinin gözü qarşısında erməni təxribatçıları onların soyuqqanlığına inanaraq öz “planlarının” təməlini “mükəmməl” hazırlamışdılar. Sumqayıtda baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə həmin qrup yoxa çıxmışdı. Bu da həmin hadisələrin Kremlin dəstəyi ilə ermənilərin törətdiyini bir daha sübuta yetirir.

 

Saxta “genosid”in başlanğıcı

 

Beləcə fevralın 28-29-da Sumqayıtda ermənilərin növbəti “soyqırım”ları həyata keçirilməyə başlandı. Onlar hətta qətlə yetirəcəkləri adamların siyahısını şəhərdə talan törədəcək öz komitə üzvlərinə də paylamışdılar. Bir neçə gün əvvəl ermənilər yaşayan evlər ozamankı hüquq mühafizə orqanlarının gözləri qarşısında xüsusi adamlar tərəfindən işarələnmişdi. Beləliklə, fevralın 28-29-da Sumqayıtda iğtişaşlar törədirlir, ermənilər öz millətlərindən olan insanları qəsdən qətlə yetirir, lakin SSRİ-nin ovaxtkı hərbi prokuroru Katuşev Bakıda ola-ola baş verənlərin qarşısını almağa tələsmir. Ona hər dəqiqə məlumat verilsə də, bütün bunlara biganə yanaşır.

Hadisələrin şahidi Tanrıvedi Hacıyev o günləri belə xatırlayır: “Fevralın 28-də səhər köhnə avtovağzalın yanında xeyli adam yığışmışdı. Biz işə gedirdik. Bizi aparacaq maşını gözləyirdik. Bir nəfər kütlənin içində dayanan maşının üstünə çıxıb danışmağa başladı. O, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri sadalamağa başladı. Kütlə onun səsinə səs verdi və bir qədər sonra o qabaqda olmaqla yaxınlıqdakı mənzillərə doğru yürüdülər. Bizi işə aparan sürücü hamımızı maşına minməyə çağırdı. Sonradan bildik ki, demə bu adam erməni imiş.

Sumqayıtdakı kütləvi iğtişaşların əvvəlcədən təşkil olunmasını sübut edən faktlardan biri də talançıların hərəkət etdikləri marşrut üzrə yerləşdirilmiş naməlum şəxslər kütləvi iğtişaşlarda iştirak edənlərin bütün hərəkətlərinin videoçəkilişini aparmasıdır. Bu kadrlar Qərb ölkələrinin televiziya kanallarında operativ şəkildə göstərilmişdir. Şübhəsiz ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı olmuşdular. Çünki çəkilişləri aparanlar şəhəri tərk etdikdən sonra heç bir fakt lentə alınmamışdır. Bu da çəkilişlərin planlı olduğunu göstərirdi. Hadisələrdən sonra o da üzə çıxdı ki, Sumqayıtda qətlə yetirilənlərin demək olar ki, hamısı əslən Dağlıq Qarabağdan idilər.

Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşdular. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı da aşkar olunmuşdur.

Hadisələr zamanı guya azərbaycanlılardan ölənlərin olmaması “fakt”ından istifadə edən ermənilər Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirirlər. Əslində hadisələr zamanı 26 erməni, 6 azərbaycanlı öldürülmüşdü.

Bu faktdır ki, ittifaq mərkəzinin ermənipərəst mövqedən çıxış etməsi nəticəsində, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ermənistanın xüsusi xidmət orqanları və xaricdə yaşayan erməni lobbisinin ssenarisi əsasında Sumqayıtda qanlı aksiya törətdilmişdir.

 

Hadisələr üzrə araşdırma

 

Sumqayıtda fevral ayının 28-də şəhərdə kütləvi iğtişaşlar, zorakılıq aktları başlandığı barədə məlumat daxil olan kimi Sumqayıt şəhərinin prokuroru, baş ədliyyə müşaviri İsmət Qayıbov cinayət işinin qaldırılması və istintaqa başlanılması barədə aşağıdakı məzmunda qərar qəbul etmişdi. İstintaqın ilkin mərhələsində 1050 nəfər şübhəli şəxs qismində tutulmuş, onlardan bir hissəsi inzibati, bir hissəsi isə cinayət məsuliyyətinə cəlb edilmişdir. 97 nəfər barəsində 55 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdi. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 183 nəfər barəsində, o cümlədən qəsdən adam öldürməyə görə 38 nəfər, zorlamaya görə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş 42 nəfər barəsində əməllərində cinayət tərkibi və ya cinayət hadisəsi olmadığından işin icraatına xitam verilmişdi.

Hadisələrlə bağlı saxlanılanlar arasında müxtəlif millətlərdən olan adamlar - azərbaycanlılar, ermənilər, ruslar, yəhudilər və başqaları var idi. Sumqayıtda “xuliqanlıq” edənlərin arasında ermənilər tərəfindən satın alınmış ekstremist qruplar, cinayətkarlar, təxribatçılar, narkomanlar və spirtli içki düşkünləri var idi. 30 nəfər isə ümumiyyətlə heç bir ictimai-faydalı əməklə məşğul olmurdu.

İstintaq materiallarında göstərilir ki, 444 adam məhkəmə qarşısında cavab vermiş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmışdı. Bir neçəsi uzunmüddətli həbs cəzasına, Əhməd İman oğlu Əhmədov isə ölüm cəzasına məhkum olunmuşdu. Məlumat üçün bildirək ki, Əhmədovun məsələsinə Moskvada tələsik baxılmış və onu Sumqayıtda baş verən hadisələrin “təşkilatçısı” kimi qələmə vermişdilər. 1988-ci ilin mart ayının 12-də SSRİ Baş Prokurorluğunun bir qrup nümayəndəsi Əhmədovun evinə basqın etmiş, onu vanna otağından yarıçılpaq vəziyyətdə sürükləyib həyətdəki maşına mindirmişlər.

1988-ci il oktyabr ayının 18-də SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə başladı. Məhkəmə prosesi başlayan gün “Ostankino” telekanalının “Xəbərlər” proqramında bütün dünyaya xəbər verdilər ki, Sumqayıt hadisələrində “başkəsən” üç nəfərin məhkəmə işinə başlanılır. Ertəsi gün Moskvada nəşr olunan kütləvi informasiya vasitələri də bu barədə ictimaiyyətə məlumat çatdırdılar. Moskvada, SSRİ Ali Məhkəməsinin binasında Sumqayıtda kütləvi iğtişaşların baş verməsində müqəssir bilinən şəxslərin mühakiməsi başlandı. Müttəhimlər kürsüsündə əyləşən Ə.Əhmədov, T.İsmayılov, Q.Cəfərov talanlar, yanğınlar, qətllərlə nəticələnən kütləvi iğtişaşların təşkilində və yaxından iştirakında təqsirləndirilirdilər.

O dövrdə SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun “Novoye vremya” jurnalında müsahibəsi çap olundu. Terebilov məhkəmə proseslərinə yuxarıların, xüsusilə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi aparatından təzyiqlər olduğundan şikayətlənirdi. Və tələb edirdi ki, məhkəmə müstəqil olmalıdır. Terebilov daha sonra qeyd edirdi ki, hazırda SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə baxır. Məhz yuxarıların təzyiqi nəticəsində məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub, Əhmədovun timsalında, nəyin bahasına olursa-olsun, “təşkilatçı” obrazı yaratmaq niyyətinə düşüb.

“Moskovskiye novosti” qəzeti 1988-ci il noyabr ayının 20-də yazırdı: “Vəkillər belə hesab edirlər ki, işin istintaqı tam aparılmayıb. Cinayətlərin təşkilatçıları üzə çıxarılmayıb, baş verməsinin səbəbləri və şəraiti aşkar edilməyib”. Buna baxmayaraq, 1988-ci il noyabr ayının 18-də SSRİ Ali Məhkəməsinin kollegiyası belə bir qərar çıxarır: “Cəfərovun və İsmayılovun cinayət materialları yenidən yoxlanılmaq üçün istintaqa qaytarılsın. Ə.Əhmədov isə ən ağır cəzaya layiq görülsün”.

Məhkəmə prosesinə SSRİ Ali Məhkəməsinin üzvü R.K.Brize sədrlik edirdi. Məhkəmənin tərkibinə SSRİ Ali Məhkəməsinin xalq iclasçıları V.A.Kuznetsov və S.Smirnov daxil idilər. Dövlət ittihamçısı, SSRİ Baş prokurorunun köməkçisi D.Kozlovski idi.

 

Gizlədilən həqiqət

 

Əslində hadisələrin təşkilatçısı 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunaraq üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan olub. O, Albert və Ernis adlı iki qardaşı ilə birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylayıblar.

Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayətə meyilli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırıb, əlində burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri “Qarabağ bizimdir!”, “Erməniləri qırın!” kimi şüar və çağırışlarla “Qarabağ” (komitəsi) və “Krunk” (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirmiş, talan və digər cinayətlərdə fəal iştirak etmiş və şəxsən 6 nəfər ermənini qətlə yetirmişdir.

O, hətta hadisələr zamanı Marina və Karina Mejlumyanlar adlı erməni qızlarını da zorlamışdı (İstintaq zamanı onlar E.Qriqoryan tərəfindən zorlandıqlarını etiraf etmişlər. Həmin qızlar onun insan yox, vəhşi olduğunu bildirmişlər).

Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etmişdi. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verilmişdi.

6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb. Həmin dövrdə “Novoye vremya” jurnalı, “Moskovskiye novosti” qəzeti və digər mətbu orqanları Sumqayıt hadisələri ilə bağlı öz səslərini qaldırsalar da, bir nəticə olmayıb. Yazılarda istintaqın düzgün aparılmadığı, cinayətin kim tərəfindən törədilməsinin aşkar edilmədiyi qeyd edilirdi.

Sumqayıt hadisləri də başvermə xüsusiyyətinə görə böyük bir terrorun başlanğıcı idi. Məhz bu saxta “genosid”dən sonra minlərlə azərbaycanlı qətlə yetirildi. Azərbaycanın 20 faizi işğal edildi.

Lakin bu, son deyildi. Ermənilər sonradan neçə-neçə belə terror aktları törətdilər, torpaqlarımızın bir hissəsini işğal etdilər. Amma işğalçılar, terroristlər, müharibə caniləri bir gün öz cəzalarını almalı idilər. Nəhayət, 44 günlük Vətən müharibəsi erməni faşistlərinin başını əzdi, onları məhv etdi. Müzəffər Ali Baş Komandan və qəhrəman ordumuz 44 gün ərzində ermənilərin şah damarını qırdı. Onların 30 il ərzində viranə qoyduqları Qarabağ azad edildi.

 

Akif ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM