20 Yanvar 2021 03:24
628
SİYASƏT
A- A+

Ermənistanın dağıtdığı evləri Azərbaycan yenidən tikir

 

İkinci Dünya müharibəsi zamanı Hitler faşizmi olmazın vəhşiliklər törətdi. Bunlardan biri də hitlerçilərin 1943-cü ildə Belarus torpağında Xatın kəndini Yer üzündən silməsi idi. Faşistlər bu kəndin bütün sakinlərini bir-bir güllələdilər, yaxud diri-diri yandırdılar... İndi Xatının təkcə adı qalıb, orada yalnız memorial kompleks ucaldılıb ki, insanlar faşizmin nə demək olduğunu unutmasınlar, bir daha dünyada bu cür hadisələrin təkrarına yol verməsinlər.

Erməni faşistləri isə öz sələfləri olan hitlerçilərdən “mükəmməl dərs” alaraq onlardan da “qabağa” getdilər. Həmin hadisədən təxminən yarım əsr sonra kəndləri, şəhərləri oda qaladılar, misli-bərabəri olmayan Xocalı soyqırımını törətdilər, neçə-neçə kəndi, şəhəri viranə qoydular. Onlar bu vəhşilikləri Azərbaycan torpağında etdilər, qonşuluğa, bizdən gördükləri yaxşılıqlara, kəsdikləri çörəyə xain çıxdılar, qatı düşmən olduqlarını göstərdilər.

2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev bunları bir daha vurğulamışdır: “İşğal edilmiş bütün torpaqlarda vandalizm aktları törədildi, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz dağıdıldı və ya təhqir edildi, bütün yaşayış binalarımız dağıdıldı, Ağdam, Füzuli şəhərləri yoxdur, kəndlər yoxdur, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərində tək-tük bina qalıb, orada da Ermənistan hərbçiləri yerləşmişdilər. Kəlbəcər və Laçın rayonlarında daha çox qanunsuz məskunlaşma aparılmışdır.

Ancaq Ermənistana o rayonlardan çıxmaq üçün vaxt verildiyi müddət ərzində onlar oranı da dağıtmışlar, bütün dünyaya öz vəhşiliklərini göstərmişlər. Bütün dünyanın gözü qarşısında evləri yandırıb, meşələri kəsib, qırıb, yandırıb, vandalizm aktları törətmişlər. Bütün dünya gördü ki, biz kiminlə üz-üzə idik. Bu vəhşiliyin, bu qəddarlığın bəlkə də tarixdə analoqu yoxdur. Heç İkinci Dünya müharibəsində işğalçı qüvvələr bu qədər qəddarlıq törətməmişlər. Onlar hesab edirdilər ki, biz bu bölgələrə qayıtmayacağıq, amma biz qayıtmışıq və qayıdırıq”.

Dağıdılmış bütün şəhərlərimizi, kəndlərimizi yenidən quracağıq. Qarabağı cənnətə çevirəcəyik. Bunun üçün hər imkanımız var. Eyni zamanda Prezidentimizin tapşırıqlarına əsasən, bərpa işləri aparılarkən hər şəhərin dağıdılmış bir hissəsi qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. İndidən müəyyən edilməlidir ki, şəhərsalma işləri zamanı şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalacaq. Bunlar erməni işğalçılarının vəhşiliklərinin açıq səma altında muzeyi olacaq. Bununla yanaşı, Vətən müharibəsinin gedişində Ermənistan ordusunun Gəncəyə raketlər ataraq dağıtdığı evlər şəhərin başqa yerlərində bərpa olunacaq. Həmin ərazilər isə xatirə komplekslərinə çevriləcək.

Erməni vandalları 30 ildir talançılıq etdikləri, insanları yurd-yuvasından didərgin saldıqları azmış kimi, Vətən müharibəsində də cinayətlərindən əl çəkmədilər. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları silahlı hərbi cinayət törədərək ölkəmizdə mülki əhalini, şəhər, rayon və kəndləri atəşə tutdular. Bu təcavüz nəticəsində dinc insanlara, dövlət əmlakına, infrastruktura, sahibkarlara çox ciddi zərər vuruldu. Zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi istiqamətində Prezident İlham Əliyev 6 noyabr 2020-ci il tarixli sərəncam imzalayıb. Sərəncamla yaradılan Dövlət Komissiyası işini davam etdirir. Verilən tapşırıqların icrası ilə əlaqədar İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu fəaliyyət göstərir. İşçi qruplarına mərkəzi icra orqanlarının nümayəndələri - nazirlərin və komitə sədrlərinin müavinləri rəhbərlik edirlər. Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar işlərə 200-dən çox məsul şəxs cəlb olunmuşdur.

Ötən ilin yekunlarına həsr olunmuş müşavirədə bu barədə də ətraflı bəhs edilmişdir. Bildirilmişdir ki, zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmış, müvafiq aktlar tərtib edilmiş və təqdim olunmuşdur. Tərtər rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə çox olduğu nəzərə alınaraq, orada işlər davam etdirilir.

Dağılmış və qəzalı vəziyyətə düşmüş, o cümlədən ziyan dəymiş əmlakın bərpa dəyəri əsasında, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və digər daşınmaz əmlak orta bazar qiyməti prinsipinə uyğun olaraq qiymətləndirilmişdir. İndiyədək hesablanmış ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir. Vətəndaşların əmlakı ilə bərabər, dövlət əmlakına da ciddi ziyan dəymişdir. Belə ki, dövlət əmlakına - əsasən yol infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə və digər infrastruktur obyektlərinə dəymiş ziyan toplam olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir. Ümumiyyətlə, aparılmış qiymətləndirmə 91 milyon manat təşkil edir. 264 ev, o cümlədən Gəncə şəhərində 10 çoxmənzilli bina dağıdılmış və qəzalı vəziyyətə düşmüşdür. Zərər çəkmiş fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, digər 18 obyektə, məktəblərə və sosial obyektlərə, 518 aqrar təsərrüfata ziyan dəymişdir.

Bu rəqəmlərin özü də cəbhədən xeyli aralıda yerləşən yaşayış məntəqələrinin sakinlərinə qarşı törədilən vəhşiliyin miqyasını göstərir. Odur ki, vətəndaşların evlərinin bərpası əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Məsələ qısa müddət ərzində öz həllini tapmalıdır.

Prezidentin sərəncamına əsasən, tamamilə dağıdılmış, zərər çəkmiş binalarda yaşayan insanların şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar 9 milyon 100 min manat vəsait ayrılıb. Qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması nəzərdə tutulub. Bu kontingent 6143 ailədən ibarətdir. Yaxın günlərdə onlara vəsaitlərin ödənilməsi başa çatdırılacaq. Müharibə zamanı zərər çəkmiş bütün ailələrə müvafiq yardımlar göstərilir.

Biz erməni vandallarının dinc əhaliyə qarşı törətdiyi vəhşiliyi beynəlxalq ictimaiyyətə də olduğu kimi çatdırırıq. Prezident İlham Əliyev bu barədə xarici KİV-ə çoxsaylı müsahibələrində ətraflı məlumat vermişdir. Prezidentimiz MDB Dövlət Başçıları Şurasının keçən il dekabrın 18-də videokonfrans formatında keçirilən iclasında demişdir: “Münaqişənin 44 günü ərzində Azərbaycanın 94 nəfər dinc vətəndaşı, o cümlədən 11 uşaq öldürüldü, 400-dən çox dinc sakin yaralandı, 5 mindən çox ev tamamilə dağıdıldı və ya ciddi zədə aldı. Erməni silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərə, o cümlədən Gəncə şəhərinə hücum etdilər, Qəbələ, Bakıdan təqribən 100 kilometr məsafədə yerləşən Siyəzən, Xızı şəhərlərinə ballistik raket zərbələri böyük tələfata səbəb oldu. Başqa sözlə desək, dinc əhalini məhv etməyə və beləliklə, günahsız insanları öldürməklə təşviş yaratmağa yönəlmiş hərəkətlər və ermənilərin döyüş meydanında məruz qaldığı itkiləri bir növ kompensasiya etmək cəhdləri göstərilirdi”.

Dəymiş ziyana aid məlumatlar Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara və xarici nümayəndələrə çatdırılır. Qiymətləndirilmələrin və görülən işlərin şəffaf olması üçün “ASAN xidmət” vasitəsilə vahid elektron baza da yaradılıb.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video