24 Yanvar 2021 00:43
1002
SİYASƏT
A- A+

Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalıdır

 

Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının Moskvada keçirdiyi üçtərəfli  görüşdə bu məsələ diqqət mərkəzində oldu

 

Azərbaycanın tarixi və əzəli torpaqlarının Ermənistanın təcavüzkar siyasəti ilə işğalının 28 ildən sonra başa çatması yalnız Cənubi Qafqazın deyil, əslində dünya düzənində təhlükəsizliyin təminatında mühüm məsələlərdən biri hesab edilir.

Baxmayaraq ki, 1994-cü ildə Ermənistan-Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu yaradılmışdı, onlar müharibə sona çatanadək məsələnin həllində bir addım belə irəli gedə bilməmişdilər. Bunlar azmış kimi, üstəlik, daim münaqişə tərəflərini kompromisə dəvət edirdilər ki, bu da təcavüzə məruz qalanla işğalçını bir-birindən fərqləndirməmək qədər təhlükəli, ikili standart siyasəti demək idi.

Əraziləri işğala məruz qalan Azərbaycan dəfələrlə regiona səfər edən bu “üçlük” qarşısında məsələni ciddi şəkildə qaldırsa da, belə bir beynəlxalq qurum sanki  dünya erməni lobbisinin təsiri altında olması təəssüratı yaradırdı.

Bu “fəaliyyət” BMT Təhlükəsizlik Şurasında da müşahidə edilirdi. Təşkilatın 1993-cü il aprel ayının əvvəllərində Kəlbəcərin işğalı ilə əlaqədar qəbul etdiyi 822 nömrəli qətnamənin təcavüzkar Ermənistan tərəfindən saya salınmaması münaqişənin daha da dərinləşməsinə, sonra Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının da işğalına  zəmin yaratdı. BMT TŞ bundan sonra Azərbaycanın yuxarıda adlarını çəkdiyimiz rayonlarının işğalında illərlə kağız üzərində qalan daha üç qətnamə qəbul etdi. Bu gün də təəssüf hissi ilə qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində beynəlxalq təşkilatlar ya birbaşa təcavüzkarı dəstəklədilər, ya da dolayısı ilə loyal münasibət  sərgilədilər. Avropada nüfuzu ilə seçilən bəzi dövlətlərin erməni lobbisinin təsirindən çıxa bilməmələri, münaqişənin ötən il sentyabrın 27-dən  ikinci mərhələyə - müharibəyə keçməsi zamanı özünü daha qabarıq şəkildə göstərdi.

 

“Dəmir yumruq” problemi həll edə bilərmiş

 

Azərbaycan Prezidenti münaqişə dövründə beynəlxalq tədbirlərdə dəfələrlə bəyan etmişdi ki, bu məsələnin həlli yolu var, o da sülh danışıqlarına səmimiyyətdən keçir.

Ermənistan hər dəfə sülh danışıqlarını pozur və beləliklə də onun alternativ yolu qaçılmaz olurdu. Beynəlxalq təşkilatlar sülh vasitəsilə məsələnin həllini dəfələrlə bəyan etsələr də, Ermənistanın iki ildən bir dəyişən rəhbərliyi tamamilə bunun əksini nümayiş etdirirdi. Nəticə özünü ötən ilin noyabr ayının 10-da imzalanan kapitulyasiya aktında göstərdi: münaqişə sülh yolu ilə həll edilmədikdə “dəmir yumruq” məsələni bitirdi.

44 günlük Vətən müharibəsi Azərbaycanın haqq yolunda olduğunu təsdiqlədi. Azərbaycan, Rusiya və Ermənistanın rəhbərlərinin noyabrın 10-da imzaladığı sülh sazişinə əsasən, münaqişə və sonrakı mərhələsi olan Vətən müharibəsi zəfərimizlə sona çatdı. Təcavüzkar Ermınistan bu müharibədə verdiyi hərtərəfli itkiyə görə diz çöküb, aman dilədi. Rusiyanı köməyə çağırdı və beləliklə, Qafqazda dinclik və əmin-amanlıq xatirinə Ermənistanın yalvarışları nəzərə alındı: müharibə bitdi.

Müharibəyə son qoyan (baxmayaraq ki, erməni silahlı quldur dəstələri həmin saziş imzalandıqdan sonra da Qarabağda bir neçə dəfə təxribat törətməyə çalışdı və layiq olduğu cavabı aldı) sənədin bəzi bəndlərinin icrası ilə bağlı Moskvada Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşdə bəzi məsələlərə aydınlıq gətirildi.

 

48 mindən çox erməni Dağlıq Qarabağa qayıdıb

 

Rusiya Prezidenti Azərbaycan və Ermənistanın rəhbərlərini atəşkəsə ciddi əməl edilməsi ilə bağlı təşəkkürünü bildirdikdən sonra yeni mərhələnin, dinc  quruculuq və  nəqliyyat-kommunikasiyaların bərpası ilə bağlı olduğunu deyərək diqqəti ona çəkdi ki, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır. Ona görə də bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm: “...Çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam.

Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər”.

Rusiya Prezidenti əmin olduğunu da gizlətmədi ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına  və heç şübhəsiz, bütövlükdə regiona da fayda verəcək.

Noyabrın 10-da bəyanatı imzalamış  hər üç ölkənin liderlərinin Moskvada toplaşması onu göstərir ki, nəticə əldə etmək, sentyabrdan noyabraadək baş vermiş hadisələrə yekun vurmaq vaxtı çatıb.

Azərbaycan Prezidenti İlham Əliyev onu da vurğuladı ki, bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir: “...Ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

 

Ermənistan nəticə çıxarmasa, böyük problemlərlə üzləşəcək 

 

10 noyabr tarixli birgə bəyanatın uğurla həyata keçirildiyini bildirən dövlət başçısı onu da vurğuladı ki, həmin sənədin bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə aparır və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar isə əminlik yaradır ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb.  Gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə çalışmaq, regiondakı mövcud sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.

Moskva görüşündə fikrini dəqiq ifadə edə bilməyən Paşinyanın düşdüyü vəziyyət onun Ermənistandakı hakimiyyət böhranını açıq şəkildə təsdiqləyirdi. “Nala-mıxa vuran” Ermənistanın baş naziri sözünün əvvəlində “Dağlıq Qarabağın statusu” məsələsinin həll olunmamasından əndişələnməsini dilə gətirməsi də, təbii ki, onun hakimiyyətinin laxlamasından irəli gəlir. Bu şaşqınlıq onun görüşdəki  davranış və hərəkətlərində də özünü açıq-aşkar  büruzə verirdi. O, unuda bilməzdi ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan da öncə Dağlıq Qarabağ və onun hər hansı bir statusu “cəhənnəmə getdi!”

İndi Ermənistanın yeganə yolu Azərbaycanın humanist siyasətindən nəticə çıxarmaqdır. Bundan sonra ermənilər təxribatçı addımlar atmamalıdır. Əks təqdirdə, bunun cavabı sərt olacaq, Ermənistan böyük problemlə üzləşəcək.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video