25 Fevral 2021 00:31
989
Səhiyyə
A- A+

Əhalinin vaksinasiyası davam edir

 

Hazırda dünya üzrə koronavirusa yoluxma tempi yüksək olaraq qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19-a yoluxanların sayı 111 milyonu ötüb.  Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşür. Digər yerləri isə Avropa və Cənub-Şərqi Asiya bölüşür.

Koronavirusa yoluxma hallarının hələ də səngiməməsinə baxmayaraq, bu təhlükənin bitəcəyi vaxtın müəyyənləşdirildiyi barədə ümidverici proqnozlar da verilir. Belə ki, ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe Danimarka televiziyasına açıqlamasında bildirib ki, koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq. Qurum rəsmisinin sözlərinə görə, bu, onun subyektiv fikridir, sadəcə, proqnozdur: “İndiyə qədər heç kim vəziyyətin necə inkişaf edəcəyini dəqiq deyə bilmir. Ən pis ssenari arxada qaldı. Virus insanı tərk etməyəcək, lakin məhdudlaşdırmalara da ehtiyac qalmayacaq, çünki göstərilən tarixə qədər yox olacaq”.

Digər tərəfdən də hazırda əksər ölkələrdə sürətli vaksinasiya prosesi həyata keçirilir. Bununla bağlı ÜST-ün Baş direktoru A.Gebreyesus bildirib ki, dünyada COVID-19-a qarşı 210 milyon peyvənd edilib, lakin bunların yarısı yalnız iki ölkədə, digər yarısının isə 80 faizi 10 ölkədə istifadə edilib. Onun sözlərinə görə, xeyli sayda ölkə hələ bir doza belə peyvənd istifadə etməyib. Buna görə də, baş direktor yüksək gəliri olan ölkələri koronavirus peyvəndlərinin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb.

Azərbaycan da qlobal bəlaya qarşı birgə mübarizəyə töhfəsini verən ölkələr sırasındadır. Buna görə də, ÜST COVID-19 pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb.

Yayılan məlumatda bir çox donor təşkilatların və hökumətlərin dəstəyi sayəsində həyata keçirilən tədbirlər geniş şəkildə qeyd olunub. Təşəkkür bildirilən ölkələr sırasında Azərbaycanın da adı var. ÜST bildirir ki, donorların və tərəfdaşların dəstəyi olmadan pandemiyaya qarşı mübarizədə həmin ölkələrə kömək mümkünsüz olardı.

Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən, hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/  saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidirlər. Bu zaman qeydiyyatçı həmin şəxslər üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

Vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq. Respublikamızda həyata keçirilən vaksinasiya ilə bağlı Səhiyyə Nazirliyinin açıqladığı son məlumatda bildirilir ki, artıq 200 mindən çox vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.

Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir.

Mütəxəssislərin də söylədiyi kimi, vaksinasiya mərhələsində COVID-19-dan maksimum qorunmaq, pandemiya şərtlərinə əməl etmək lazımdır. Düzdür, ölkəmizdə yeni növ koronavirusa qarşı kompleks tədbirlər görülməsi sayəsində son dövrlər müsbət tendensiya müşahidə olunur. Yoluxanların sayı və ölüm halları xeyli aşağı düşüb. Amma bu təhlükəli virus vətənimizdən birdəfəlik yox olmayıb və hələ də gündəlik yoluxma halları qeydə alınır.

Buna görə də, koronavirusa tamamilə qalib gəlməyin bir addımlığında olduğumuz bu həssas məqamda da diqqətli olmalı, maska taxmalı, sosial məsafə gözləməli və gigiyena qaydalarına riayət edilməlidir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video