16:54 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.04.2021

DƏMİR YUMRUĞUN ABİDƏSİ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın son illərdəki sosial-iqtisadi yüksəlişinin daha bir göstəricisi

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 25.02.2021

 

Hər il 1000 kilometrdən çox yeni yol

 

Yolların ölkənin sosial-iqtisadi həyatında necə mühüm əhəmiyyət daşıdığının şərhə ehtiyacı yoxdur. Qısaca ifadə etsək, yolların rahat və keyfiyyətli olması, ümumiyyətlə, hər bir xalq, o cümlədən hər bir insan üçün həyati vacib məsələdir.

Məhz bu baxımdan Prezident İlham Əliyev yol tikintisini mühüm vəzifə kimi qarşıya qoymuş, bu, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında prioritetlər sırasına daxil edilmişdir.

Beləliklə, son 17 ilin hər birində ölkəmizdə ən azı 1000 kilometr yeni yol salınmış, yaxud əsaslı şəkildə yenidən qurulmuşdur. Təqdirəlayiq haldır ki, yol tikintisi Azərbaycanın hər tərəfini əhatə etmişdir. Bu müddət ərzində çoxsaylı magistrallar çəkilmiş, eyni zamanda bölgələr və kəndlər arasında əlaqə yaradan yollar tikilmiş və ya tam təmir edilmişdir. İndi ən ucqar dağ kəndlərimizə də rahat yollarla çatmaq mümkündür.

2020-ci il də yeni yolların tikintisi sarıdan istisna təşkil etmədi. Koronavirus pandemiyası ortaya bir çox çətinliklər atsa da və daha sonra mənfur düşmənə qarşı ağır müharibə aparsaq da, ölkəmizdə həyata keçirilən yol tikintisi layihələri dayandırılmadı. Üstəlik, hələ müharibə gedərkən ərazilərimiz düşməndən təmizləndikcə yollar çəkməyə başladıq.

Keçən il Azərbaycanda 1385,3 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir edilib. Bunlardan 254,6 kilometri respublika əhəmiyyətli, 767,2 kilometri yerli əhəmiyyətli yollardır. Bakıda 342,1 kilometr və Sumqayıtda 21,4 kilometr yolun inşası və təmiri həyata keçirilib.

Tikilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ilk 30 kilometr hissəsində yol-tikinti işləri başa çatdırılıb və keçən il dekabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Hazırda magistralın qalan hissələrində tikinti işləri davam etdirilir. Cari ilin ikinci yarısında işlərin başa çatdırılması nəzərdə tutulur.

Yeni yolun ödənişli olacağını nəzərə alaraq, ödəmə məntəqələrində avadanlıqların quraşdırılması, 240 kilometr uzunluğunda optik kabelin çəkilməsi həyata keçirilir. Qeyd edək ki, ödənişlərin “ASAN xidmət”in “ASANPAY” ödəniş servisi vasitəsilə yığılması və birbaşa olaraq xəzinədarlığa toplanılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24,5 kilometr olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi də davam edir.

53 kilometrlik Ağsu-Kürdəmir-Bəhrəmtəpə və 42 kilometrlik Zərdab avtomobil yolunun tikintisi isə artıq yekunlaşıb.

Ölkəmizin şimal və şimal-qərb istiqamətindən Bakı şəhərinin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artan intensiv hərəkətini nizamlamaq, tıxac problemini həll etmək üçün Bakı-Sumqayıt yolunun “20 Yanvar” tunelindən Masazır körpüsünədək olan hissəsində genişləndirilmə işləri hələ ötən ilin iyun ayında başa çatdırılıb. Xırdalan dairəsindəki mövcud tunel yenidən qurularaq hər iki istiqamətdə 4 hərəkət zolaqlı olmaqla, 8 hərəkət zolaqlı tunel və 4 hərəkət zolaqlı yan yollardan ibarət yol qovşağı yaradılıb.

İl ərzində paytaxtda bir yeraltı və altı yerüstü piyada keçidi inşa edilib. Bütün maliyyə mənbələri hesabına respublikanın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü, 2 avtomobil tuneli, bir yeni metal dəmir yolu ötürücüsü və 9 piyada keçidi tikilib. Bundan başqa, 29 kəndlərarası avtomobil yolları layihəsinin, 2 körpünün, Bakı şəhəri və onun 12 rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib. Bunlardan 27 avtomobil yolu və 2 körpünün tikintisi və yenidən qurulması layihəsi artıq başa çatdırılıb.

Hazırda Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi yekunlaşmaq üzrədir. Bu, iki yol ötürücüsündən ibarət olan qovşaqdır. Yol ötürücüləri Şamaxı, eləcə də Bakının Biləcəri və Binəqədi rayonları istiqamətində yerləşən yaşayış məntəqələrindən gələn avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxta doğru və əks tərəfə rahat hərəkətini təmin edəcək. Beləliklə, dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldırılacaq.

Paytaxtın Xətai rayonunda isə “Ağ şəhər” layihəsi çərçivəsində 2,5 kilometr uzunluğunda daxili küçələrin tikintisi başa çatdırılıb.

İndi işğaldan azad edilmiş ərazilərimizdə tikilən yollar əsas diqqət mərkəzindədir. Məlum olduğu kimi, bu bölgələrimizdə bir neçə istiqamətdə yeni yollar çəkilir. O cümlədən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun tikintisi aparılır. Uzunluğu 29 kilometr olan bu yolun bərpası işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən, Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edilən kimi başlanıb. 9 metr enində asfalt-beton örtüyü olan, ümumi eni isə 12 metr təşkil edən avtomobil yolu artıq tikilib. Hazırda Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndindən və Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək davam etdirilməsi istiqamətində işlər aparılır. Bununla Tərtər rayonu ilə Goranboy və Naftalan rayonları arasında alternativ yeni avtomobil yol bağlantısı yaradılacaq.

Bunlar ölkəmizin ərazisində çəkilməkdə olan və tikintisi artıq başa çatdırılan yolların yalnız bir qismidir. Prezident İlham Əliyev keçən ilin yekunlarına həsr olunmuş videoformat şəklində keçirilən müşavirədə bildirmişdir ki, yol layihələrimiz davamlıdır. Deməli, 2021-ci ildə yurdumuzun qoynunda açılan yeni yolların uzunluğu yenə də 1000 kilometrdən əskik olmayacaq.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM