20 Yanvar 2021 11:04
683
SİYASƏT
A- A+

Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb  

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi qanlı Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

“1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26min nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu.

Bu faciəvi hadisələrdən əvvəl - 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.

Lakin üzərindən 31 il keçməsinə baxmayaraq, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 1990-cı ilin 20 Yanvar hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.

Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu rahatlıq tapıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu onilliklər ərzində düşmənin işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi və dövlətçiliyin təməlini təşkil edən bu ali prinsipləri şübhə altına qoyanların, eləcə də revanşizm fikirlərindən çıxış edənlərin layiqincə cavablandırılması bundan sonra da tərəfimizdən təmin ediləcək və Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video