24 Fevral 2021 21:13
703
SİYASƏT
A- A+

Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir təşkil edilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı faciəsi qurbanlarının, eləcə də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı faciəsi barədə ümumi məlumat verildikdən sonra faciənin dəhşətlərini əks etdirən film nümayiş olunub.

Rəsmi hissədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı Xocalı soyqırımının səbəb və nəticələrindən danışıblar. Onlar türkdilli xalqların və ölkələrin tarixlərinin dərindən öyrənilməsinin vacibliyini bildiriblər.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attarın sədrliyi ilə keçirilən mərasimin panel hissəsində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev və Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran çıxış ediblər.

Xocalı soyqırımına siyasi qiymət verilməsi, dünya birliyi tərəfindən tanınması proseslərinə dair geniş məlumat verən professor Aygün Attar diqqətə çatdırıb ki, təcavüzkar Ermənistan Azərbaycana qarşı təkcə Xocalı soyqırımını törətməyib, eyni zamanda, otuz il işğal altında saxladığı torpaqlarda bütün tikililəri dağıdıb, meşələri yandırıb, doğrayıb məhv edib, yeraltı və yerüstü sərvətləri talayıb, su mənbələrinə və təbiətə qarşı sistemli terror törədib.

İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı yalnız Xocalı soyqırımını deyil, davamlı olaraq çoxistiqamətli cinayətlər törətdiyini xatırladan səfir Xəzər İbrahim bildirib ki, bu cinayətlər 44 günlük Vətən müharibəsində müasir dünyanın gözü qarşısında ən ağır formalarda davam etdi. Azərbaycanın infrastrukturu, mülki əhali, yaşayış məskənləri ağır artilleriya və raketlərlə hədəf alındı. Lakin bütün bu vəhşiliklərə sinə gərən Azərbaycan savaşdan üzüağ və qalib çıxdı. İndi biz Zəfər qazanan qalib xalq kimi başımızı dik tutaraq Xocalıya ədalət tələb edirik.

Tarixdə yaşadığımız bütün acılardan dərs alaraq gələcəyə nikbin baxmağın vacibliyindən danışan Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib ki, türk xalqları bir-birinə dəstək verərək daha mübariz olmalıdır. Bir olsaq təhdid və risklərə qarşı daha təsirli tədbirlər görərik. Azərbaycan 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu öz rəşadəti ilə bütün dünyaya göstərdi. Bizi güclü edən birliyimiz və dəyərlərimizdir.

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyətindən danışan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev diqqətə çatdırıb ki, biz təkcə Xocalı soyqırımının dəhşətlərini tanıtmaqla kifayətlənməməliyik. Erməni vandallar bütün cinayətlərini xalqlarımıza və ölkələrimizə qarşı məqsədyönlü planlaşdıraraq həyata keçiriblər. Bu cinayətlərin böyük bir hissəsi müasir dünyanın gözü qarşısında işğaldan azad olunan ərazilərimizdə üzə çıxır.

Xocalı soyqırımının təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ortaq acısı olduğunu diqqətə çatdıran Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib ki, türkdilli ölkələr və xalqlar bu soyqırımını heç zaman unutmayacaq. Türk Şurası olaraq “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasında hər zaman Azərbaycanla çiyin-çiyinə olduq, 44 günlük Vətən müharibəsində siyasi dəstəyimizlə qardaşlığımızı nümayiş etdirdik.

Çıxışlarda müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı Zəfərin regionda yaratdığı yeni münasibətlərdən bəhs olunub. Bu haqlı mübarizədə türk dünyasının, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin siyasi mənəvi dəstəyi tarixi hadisə kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, bundan sonra da Xocalıya ədalətə nail olana qədər daha fəal şəkildə mübarizə aparılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video