17:10 12 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ali dəyərlərin daşıyıcısı

ANA SƏHİFƏ / SİYASƏT
04:08 21.02.2021

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir

 

Hazırda biz özümüz də hiss etmədən Azərbaycan xalqının tarixində parlaq bir mərhələni yaşayırıq: bu, XXI əsrdə Azərbaycanın yeniləşməsi, möcüzə kimi davam edən intibah dövrüdür!

Prezident İlham Əliyevin yüksək iradəsi, qətiyyəti, idarəçilik məharəti sayəsində respublikamız son 17 ildə böyük nailiyyətlər əldə edib. Bir çox taleyüklü məsələnin həllinə nail olub. 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizlə bütün dünyanı heyrətdə qoyub. Bu günlərin hər biri dövlətçilik tariximizi şərəfləndirir. Uğurlarımıza, keçib gəldiyimiz sınaqlara bələdçilik edir.

Ölkə başçımız bir zamanlar bizə xəyal kimi görünən uzaq arzuları həyata keçirir. Real əmələ, parlaq nəticələrə əsaslanan fəaliyyətlə keçmişin möhkəm təməlləri üzərində Azərbaycanın bugününü və gələcəyini yaradır. Xalq Prezident İlham Əliyevi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı öz sevgisi ilə əhatə edir. Əslində belə bir ucalıq çox az siyasət adamlarına nəsib olur.

Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir. Cəmiyyətin firavanlığına bu proseslərin əsas məqsədi kimi yanaşır, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edir. Bu baxımdan Mehriban xanımın fəaliyyətində məsuliyyət yükü ağır və şərəflidir. Çünki onun həyata keçirdiyi ali məqsədlərdir, yüksək amallardır. Bunlar o dəyərlərdir ki, tarixin heç bir dönəmində başqalaşmır, məzmununa xələl gətirmir. Dünyanı yaşadan, gələcəyə ümidi, inamı sarsılmaz edən belə dəyərli insanların haqq yolunda apardıqları qətiyyətli fəaliyyəti və hər addımda ümumxalq dəstəyi ilə əhatə olunmasıdır.

 

Milli dövlətçilik tariximizdə bir ilk

 

Qadınların ictimai həyatda aktiv iştirakı məsələsi zaman keçdikcə daha da aktuallaşır. İslam dünyasının elm, təhsil və mədəniyyət təşkilatı olan ISESCO 2021-ci ili islam aləmində “Qadın ili” elan edib. Bu, həmin qurumun 2020-2030-cu illərdə strateji planının tərkib hissəsidir. Belə bir qərarda əsas məqsəd isə islam dünyasında sosial, iqtisadi və mədəni həyatda qadınların rolunu gücləndirmək, gənc qızların müasir standartlara uyğun daha mükəmməl təhsil almasını təmin etməkdən ibarətdir.

ISESCO-nun bu qərarı Azərbaycan üçün xüsusilə müstəsna əhəmiyyət daşıyır. Çünki Azərbaycan islam aləminin bir hissəsi kimi həmin mütərəqqi məqsədləri hələ ötən əsrin əvvəllərindən həyata keçirərək bütün müsəlman dövlətləri üçün xoş bir nümunə yaradan ölkələrdəndir. Azərbaycanda qadın fəallığının çox zəngin tarixi ənənələri var. Ölkəmizin Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ötən əsrin 90-cı illərinin ortalarından başlayan ictimai-siyasi fəaliyyəti isə bu ənənələrdə yeni tarixi səhifə açdı. Mehriban xanım öz parlaq şəxsiyyəti ilə Azərbaycan qadınını dünyaya yenidən təqdim etdi. Onun şərəfli adını layiq olduğu ən yüksək zirvələrə ucaltdı. Tarixən böyük fədakarlıqlar göstərən, vəfası, əhdinə sadiqliyi, qayğıkeşliyi, zəhmətsevərliyi ilə qürur yerimiz olan, milli-mənəvi dəyərlərə sahib çıxan, evin, ocağın, yurdun bütövlüyünü qoruyan, vətən üçün layiqli övladlar yetişdirən Azərbaycan qadınını dünya bir daha Mehriban xanımın timsalında görüb tanıdı. Onun şəxsiyyətinə, zəkasına, amallarına, mənəvi keyfiyyətlərinə heyran qaldı.

Təkcə bir faktı xatırladaq ki, Mehriban xanım Əliyeva eyni zamanda həm Qərb dünyasına aid UNESKO-nun, həm də islam dünyasının dəyərlərini təmsil edən ISESCO-nun xoşməramlı səfiri missiyasını daşıyan yeganə şəxsiyyətdir. Müasir dünyamızda iki dünyagörüşünü, sivilizasiyanı şəxsiyyətində bir araya gətirən və fəaliyyəti ilə hər iki qurumun ali məqsədlərinə xidmət edərək öz missiyasının icrasında böyük uğurlar qazanan ikinci bir ictimai-siyasi xadim yoxdur. Qərb və Şərq, iki mədəniyyət, onların fərqli dəyərləri, baxışları, bəşəriyyətə faydalı olmaq niyyətləri Mehriban xanım Əliyevanın həyata keçirdiyi real işlərdə bir araya gəlir.

Bu günlərdə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse- prezidenti kimi fəaliyyətinin dördüncü ildönümü tamam olur. Prezident İlham Əliyev 2017-ci ilin 21 fevralında Mehriban xanımı belə yüksək, məsuliyyətli vəzifəyə təyin edərkən əslində xalqımızın sosial sifarişini yerinə yetirmişdi. Ölkənin birinci xanımı bu illər ərzində öz fəaliyyəti ilə milli dövlətçilik tariximizdə daha bir ilkin əsasını qoymuş oldu, müstəsna xidmətləri ilə bu tarixin yeni ənənələrini formalaşdırdı. Azərbaycanda birinci xanım institutunun fəaliyyəti, Heydər Əliyev Fondu kimi ölkə miqyasından kənarda da böyük nüfuza malik olan qurumun uğurları, milli mədəniyyətimizin dünyada təbliği ilə bağlı effektiv həllər, mədəniyyət diplomatiyasının nailiyyətləri bilavasitə bu şəxsiyyətin adı ilə bağlıdır. Azərbaycanda Birinci vitse-prezidentlik institutunun ən gözəl fəaliyyət örnəyini də məhz Mehriban xanım Əliyeva yaratdı.

 

İnam və güvən mənbəyi

 

Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, ümumən bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.

Azərbaycanın informasiya müharibəsindəki qələbələrində də Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Məlumdur ki, müharibə təkcə səngərlərdə, döyüş meydanlarında aparılmır. Müasir dünyamızda öz həqiqətlərini beynəlxalq aləmə düzgün çatdıra bilməyin, düşmənin informasiya təxribatlarının qarşısını almağın və bu sahədə də işğalçılara qalib gələ bilməyin ciddi önəmi var.

Ali Baş Komandan İlham Əliyev mahir sərkərdə və diplomat kimi ordumuzu düşmən üzərinə səfərbər edərək, eyni zamanda müxtəlif müsahibələri vasitəsilə Azərbaycanın mövqeyini dünyanın siyasi dairələrinə, güc mərkəzlərinə, beynəlxalq ictimaiyyətə çatdırdığı kimi Mehriban xanım Əliyeva da öz çağırışları, bəyanatları, tövsiyələri ilə hər bir cəmiyyət üzvünü, hər bir vətəndaşı düşmənlə informasiya savaşına səfərbər etməyə, haqq davamızda insanlarımızın öz imkanlarını birləşdirməsinə çalışırdı.

Hələ hərbi əməliyyatların ilk günlərindən “hamımız əsgərik” deyən Mehriban xanım “Instagram” səhifəsində paylaşım edərək yazmışdı: “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri, sadəcə, kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik”.

Mehriban xanım dövlətimizi Azərbaycan insanına doğmalaşdıran bir şəxsiyyətdir. O, vətəndaşların sevgi ünvanı, inam və güvən mənbəyidir. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. 30 illik işğaldan sonra torpaqlarımızın addım-addım düşməndən təmizləndiyi o qürur dolu günlərdə Birinci vitse-prezident öz qəhrəman övladlarının igidliyi ilə öyünən, nisgilli yurdlarımızın azadlığına sevinib fərəhlənən, amma eyni zamanda həm də döyüş meydanındakı övladlarımızın taleyinə görə həssas ana qəlbi ilə həyəcan keçirən, onların bu haqq savaşını sağ-salamat başa çatdırıb Zəfərlə geri dönməsini arzulayan, şəhid məzarları önündə, yaralanmış oğullarımızın mətinliyi, iradəsi qarşısında göz yaşlarını boğa bilməyən Azərbaycan analarının ümumi obrazı idi.

Azərbaycan Respublikasının Prezidenti özünün idarə etdiyi avtomobildə Mehriban xanım Əliyeva ilə birgə artıq azad olan yurdlarımıza səfər edir, yolboyu bu səfərlərdən sosial şəbəkələrdə çox maraqlı videogörüntülər paylaşır. Onu sevgi ilə izləyənləri “Sizin Mehriban” kəlmələri ilə salamlayır və onun cəmiyyətimizə müraciətləri bu iki kəlmə ilə tamamlanır. Mehriban xanımın nəcib əməlləri kimi, bu təqdimat tərzi də insanlarımız üçün artıq doğmalaşıb.

 

Əməllər və həqiqətlər

 

Mehriban xanım dörd ildir ki, Azərbaycanın Birinci vitse-prezidenti kimi məsuliyyətli bir vəzifəni yerinə yetirir. Ölkəmiz möhkəm daxili sabitlik, həmrəylik şəraitində özünün inamlı gələcəyini qurur. Bu, tərəqqinin ardıcıllığını təmin edən Prezident İlham Əliyevin məharətlə həyata keçirdiyi xəttdir. Ölkəmiz artıq 2030-cu ilə qədər öz milli inkişaf prioritetlərini elan edib. Onların sayı beşdir: dayanıqlı şəkildə artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bütün bu strateji hədəflərə çatmaq müasir üsullarla çalışan çevik, effektiv idarəetmə sistemi tələb edir. Ötən dörd il ərzində Mehriban xanım Birinci vitse-prezidentlik institutunu dövlətimiz və xalqımız üçün faydalı bir təsisat kimi tam formalaşdırıb.

Mehriban xanımın təşəbbüsü ilə inşa olunmuş səhiyyə müəssisələri minlərlə insana həyat bəxş edib. Onun bütün ölkə boyu tikdirdiyi məktəblər düşüncələrdə maarif nurunu daha da gücləndirib. Mehriban xanım Əliyeva kimsəsizlərin himayədarı olub, ata-anasız körpələrə analıq edib, əzizlərindən naxələflik görmüş valideynlər onun timsalında ən qayğıkeş övladın varlığına seviniblər. O, yurdunun insanlarına ən doğma adamları kimi sahib çıxıb.

Birinci vitse-prezident hər zaman hər kəsə vətəndaş olmağın meyarlarını anladır. İnsanlara vətəndaş məsuliyyəti aşılayır. Ona olan ümumxalq sevgisi bu vətəndaşlıq dərslərinin, dövlətçilik tərbiyəsinin təsir gücünü təmin edir. İnsanlarımız öz davranışlarında onun tövsiyələrini nəzərə alırlar. Çünki ona inanırlar. Bilirlər ki, əgər bunu Mehriban xanım deyirsə, deməli, insanların faydasınadır. Koronavirus pandemiyasına qarşı karantin tədbirlərinin həyata keçirildiyi vaxt bunun Birinci xanımın cəmiyyətimizə ardıcıl müraciətlərində, vətəndaşların həmin müraciətləri sevgi və anlayışla, əsl dost tövsiyələri kimi qarşılamalarında da şahidi olduq.

Pandemiyanın ən şiddətli, ağır zamanında Mehriban xanım insanlara müraciətlərində o qədər sadə və səmimi idi ki, sözlərini ayrı-ayrı fərdlərə ünvanlayarkən uzun müddət evdən çıxmamağın, doğmalardan ayrı qalmağın çətinliklərini də unutmurdu. Amma bu məhdudiyyəti də məhz əzizlərimizin, özümüzün taleyimizi düşünərək qəbul etməli olduğumuzu böyük səmimiyyət hissi ilə anladırdı. Birinci xanımın müraciətlərində insanın qəlbini ovunduran bir məqam da vardı. Bu, gələcəyə böyük bir ümidlə, xalqımıza, ölkəmizə dua və sevgilərlə tamamlanan hər bir müraciətin yenə də “Sizin MEHRİBAN” imzası ilə bitməsidir.

Bəli, o bütün Azərbaycanındır. İllərdir ki, qəlbinin sevgisi, şəfqəti, həsrəti ilə xidmətində dayandığı xalqın, məmləkətin, ümumilikdə isə sülh səfiri kimi ən ali insani dəyərlərin dörd bir qütbünə yayılması üçün zəhmət çəkdiyi, əmək sərf etdiyi, nəcib əməlləri ilə işıq saldığı bütün dünyanındır!

 

“Qadınlar və qızlar elmdə”

 

Mehriban xanım Əliyeva Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələrini “Qadınlar ili”nin ilk tədbirlərindən biri kimi fevralın 11-də ISESCO-nun təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirilmiş videokonfransdakı çıxışında da diqqətə çatdırdı. Bu tədbirdə fəxri qonaq qismində çıxış edən Mehriban xanım

44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəyərli dəstəyinə görə ISESCO-ya, onun Baş direktoru doktor Salim əl-Malikə dərin minnətdarlığını ifadə etdi.

Bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvəti ilə Baş direktorun rəhbərliyi altında ISESCO-nun nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu xatırlatdı. Onların işğaldan azad olunmuş bəzi ərazilərimizə səfər edərək məscidlərimizin təhqir olunması və tarixi abidələrimizin məhv edilməsi də  daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasına şahidi olduqlarını yada saldı.

Mehriban xanım onu da nəzərə çatdırdı ki, hazırda dövlətimizin qarşısında işğaldan azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır: “Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”. Çıxışda işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ISESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğu yüksək qiymətləndirildi. Eyni zamanda ISESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə dövlətimiz adından xüsusi minnətdarlıq bildirildi. Mehriban xanımın fikrincə, həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınların və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığı gücləndirə bilər.

 

“Mən yalnız onunla fəxr etmirəm ki…”

 

Mehriban xanım Əliyevanın fəxri qonaq qismində bu tədbirdəki çıxışı həm də Azərbaycan qadınının ucalığının daha bir təcəssümü idi.

Onu da xatırladaq ki, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnamə BMT Baş Assambleyası tərəfindən qəbul olunub. Mehriban xanım öz çıxışında qadınlar üçün gələcək inkişafın başlıca yollarını göstərdi. Qlobal çağırışlara cavab vermək niyyəti ilə elm, texnologiya və innovasiyaların həyatımızda artıq bir zərurətə çevrildiyini qeyd edərək bildirdi ki, elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir.

Onun fikrincə, ISESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsü yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Bu, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Mehriban xanım onu da vurğuladı ki, biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Mehriban xanım dedi: “Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır”.

Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizdə qadınların elmi fəallığı ilə bağlı maraqlı göstəriciləri iştirakçıların diqqətinə çatdırdı. Hazırda Azərbaycanda savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu, qadınların elmə böyük töhfələr verdiyini xatırlatdı: “Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.

Qeyd etdiyim kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır”.

Bu gün Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada layiq olduğu şöhrətə, ucalığa yüksəlib. XXI əsrin məşhur, görkəmli qadınları sırasında onun adı, pozulmaz dəstxəti var. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının qazandığı nailiyyətlər hazırda qadın fəallığı ənənələrinə yeni nəfəs verir, indiki və gələcək nəsillər üçün davamlı inkişafa yol açır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM