20 Yanvar 2021 18:05
589
SİYASƏT
A- A+

20 Yanvar faciəsinə həsr olunan Ukrayna-Azərbaycan elmi onlayn-konfrans keçirilib  

 

Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Bakıda 1990-cı ilin Qara Yanvarı. Sovet İttifaqı cəza maşını azadlıq və ədalətə qarşı” mövzusunda Ukrayna-Azərbaycan elmi onlayn-konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundova açıb. Səfir çıxışında qeyd edib ki, konfransa təkcə politoloqlar, jurnalistlər, alimlər deyil, həm də Ukrayna gəncləri – 31 il bundan əvvəl baş verən hadisələrin nəticələrinin təhlilinin onlar üçün faydalı olacağı tələbələr dəvət ediliblər.

Diplomat deyib: “Həmin dövrdə erməni separatçıları və Mixail Qorbaçov tərəfindən təşkil edilən Qarabağ avantürası artıq iki il idi ki, davam edirdi. Mərkəz bu problemi sivil vasitələrlə həll etmək qabiliyyətində olmadı. Baxmayaraq ki, əslində bunu qısa müddətdə həll etmək mümkün olardı. 1989-cu ilin dekabrın sonunda Azərbaycanda hakimiyyətdə iflic baş verdi. 1990-cı illərin əvvəlində isə artıq Sovet hakimiyyəti Azərbaycanın ərazisinin yarısında mövcud deyildi. Şahidlərin çoxsaylı məlumatlarında, - mən özüm də həmin hadisələrin şahidləri siyahısındayam, - qoşunların Bakıya yeridilməsi heç nəyə əsaslanmırdı. SSRİ DİN-in daxili qoşunlarının çoxminli kontingenti Bakıda yerləşirdi. Lakin onlar tərksilah edilmiş və qarşılarına yalnız baş verənləri izləmək vəzifəsi qoyulmuşdu. Qara Yanvar hadisələrinin səbəbləri barədə müxtəlif fikirlər mövcuddur, lakin mən bu aksiyanın bilavasitə təşkilatçısı barədə dəlillər gətirmək istərdim. SSRİ daxili işlər naziri Vadim Bakatin qoşunların Bakıya yeridilməsinə Qorbaçovu inandıranlardan biri idi.

Bakatin yazır ki, “qurbanlar bahasına Azərbaycan SSR-də Sovet hakimiyyəti bərpa olundu, Konstitusiya qaydası yaradıldı”. Bu qətliamın təşkilatçılarının başlıca məqsədi bu idi. Lakin bunun əksi baş verdi. İngilis tədqiqatçısı Tomas de Vaalın fikrincə, “məhz 1990-cı il yanvarın 20-də Moskva Azərbaycanı mahiyyətcə itirdi”, çünki yanvarın 20-də sovet ordusu təkcə dinc azərbaycanlıları deyil, eyni zamanda, sovet ideologiyasına inamı güllələdi. Buna görə də, bizim cəmiyyət 1990-cı il 20 Yanvar hadisələrini dəyərləndirmədə həmrəydir: həmin faciəli gündə həlak olanlar öz canlarını ölkənin azadlığına və müstəqilliyinə qurban verdilər. Buna görə də, onlar bizim azadlığımızın həqiqi qəhrəmanları və mübarizləridir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov bildirib ki, 20 Yanvar Azərbaycan tarixində və Azərbaycan xalqının yaddaşında faciəli gündür, eyni zamanda, bu, Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi və dönüş anıdır. Rəvan Həsənov deyib: “Bakıya qoşunların yeridilməsi, günahsız insanların öldürülməsi və digər vəhşiliklər SSRİ Konstitusiyasının və Azərbaycan SSR Konstitusiyasının kobud şəkildə pozulması idi. Əslində, 20 Yanvar faciəsi sovet imperiyasının süqutunu tezləşdirdi. Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkədə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqının üzləşdiyi problemlərin öhdəsindən gələ bilməyən mərkəzin səriştəsizliyini üzə çıxardı. 20 Yanvar faciəsinin digər səbəbi Azərbaycanın hakimiyyət orqanlarının siyasi səriştəsizliyi idi. Bu faciə bir daha sübut etdi ki, dövləti təsadüfi insanlar, onun xalqı ilə bağlılığı olmayan insanlar idarə edə bilməz. İstefada olmasına baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev baş verən faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və sovet rəhbərliyinə qarşı qətiyyətli etirazını ifadə etdi”.

Azərbaycanın Xalq yazıcısı, publisist, ictimai xadim, “Qara Yanvar” kitabının müəllifi Çingiz Abdullayev öz çıxışında qeyd edib ki, bu, böyük dövlətin konvulsiyası, qıc olması idi. Oxşar hadisələr Riqada, Vilnüsdə, Gürcüstanda baş vermişdi. Ç.Abdullayev deyib: “Bütün bu hadisələr ölənlərin sayına görə Bakı hadisələri ilə müqayisəedilməz idi. Müxtəlif millətlərin nümayəndələri, o cümlədən uşaqlar öldürülürdü. Hərəkət edən hədəflərə, balkonlara güllə atılırdı, qoşunlara insanları qorxutmaq, vahiməyə salmaq əmri verilmişdi. Lakin bu, işə yaramadı. Bu, qorxutmaq cəhdi, sovet hakimiyyətini bərpa etmək cəhdi idi. Baş verənlər bir tərəfdən dəhşətli faciə, digər tərəfdən, özünü qurban vermək aktı idi... Mənim əlimdə “Qara Yanvar” kitabıdır. Burada həmin hadisələr barədə məlumatlar və materiallar toplanıb. Kitabın hazırlanmasında Elmira xanımın böyük rolu olub”.

Ukraynanın xalq deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası münasibətlər qrupunun həmsədri Valeri Kolyux bildirdi ki, 1990-cı ilin Qara Yanvarında Sovet hakimiyyəti Bakıda yüzdən artıq günahsız dinc insanı təkcə öldürmədi. V.Kolyux dedi: “Bu, ovaxtkı mərkəzi hakimiyyətin biganəliyini nümayiş etdirən amansız cinayət idi. Mən ümidvaram ki, Qara Yanvarı təkcə Azərbaycan xalqı deyil, bütün dünyada unutmayacaqlar! Buna bənzər cinayətlərin təkrar olunması yolverilməzdir. İnsan həyatına laqeydlik göstərmək olmaz. Əfsuslar olsun ki, ölənləri həyata qaytarmaq mümkün deyil. Lakin onların xatirəsi yadda saxlanılmalı və bu, vacibdir! Onlar təkcə azərbaycanlıların deyil, keçmiş SSRİ-nin digər xalqlarının azad yaşamalarından ötrü özlərini qurban veriblər. Rahat və dinc həyatın nəyin bahasına başa gəldiyi unudulmamalıdır”.

Ukraynanın xalq deputatı, Azərbaycan Respublikası ilə Parlamentlərarası münasibətlər qrupunun həmsədrinin müavini Lyudmila Marçenko çıxışında deyib: “Bizim xalqlarımız üçün müstəqillik, sadəcə, kəlmə deyil. Tarixən xalqlarımızın taleyi belə olub, biz öz müstəqilliyimiz uğrunda əsrlərboyu mübarizə aparmışıq. Qara Yanvar – Bakıda baş verən qanlı “Maydan” hadisəsidir. Azərbaycan tarixinin yeni səhifəsi sovet imperiyasının güllə səsi ilə açılıb və şəhidlərin qanı ilə yazılıb. Əlbəttə, bütün həmin qorxunc mənzərələr daim yaddaşlarda olacaq. Mən hər dəfə Bakıda olarkən Şəhidlər xiyabanını ziyarət edirəm. İndi Maksim Rılskinin sözlərini təkrar etmək istərdim: “Keçmişini xatırlamayanın gələcəyi yoxdur!”. Mən Ümumxalq Hüzn Günündə bütün Azərbaycan xalqına başsağlığı verirəm”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş müşaviri Tofiq Abbasov çıxışında Azərbaycan xalqının təxminən 150 il ərzində davam edən milli müstəqillik uğrunda mübarizəsinə toxunub. O deyib: “1980-ci illərin sonu həlledici xarakterə malik mərhələ idi ki, mərkəz artıq ideologiya böhranı səbəbindən ölkəyə rəhbərlik edə bilmirdi. Zəif rəhbərlər zamanın çağırışına layiqli cavablar tapa bilmir və xalqların təbii sorğularına repressiyalarla cavab vermək qərarına gəlirdilər. 20 Yanvar təkcə faciəli səhifə deyil, həm də qəhrəmanlıq xarakterli hadisədir ki, bu vəhşilik aktı xalqın iradəsini sındıra bilmədi. Çətin anda Heydər Əliyev cəmiyyətin sağlam qüvvələrini, onların xoş niyyətlərini dəstəklədi. O, partiya rəhbərliyinin iş bacarığının olmamasını etiraf etməyə özündə güc tapmamasını əvvəlcədən görürdü... Xalq qarşıya qoyulan məqsədə nail oldu və müstəqillik əldə etdi”.

Konfrans iştirakçıları qarşısında, həmçinin tarix elmləri doktoru, Kiyev Milli Universitetinin “Kiyev-Mogilyan Akademiya”sının Humanitar elmlər fakültəsinin professoru Fərhad Turanlı, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi katibi Həcər Verdiyeva, fəlsəfə elmləri doktoru, dosent, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Nigar Gözəlova, tarix elmləri namizədi, Ukrayna MEA-nın V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının böyük elmi işçisi Aleksandr Dudnık və digərləri çıxış ediblər.

Tədbirin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video