19 Noyabr 2022 00:57
727
İQTİSADİYYAT
A- A+

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına dəstək verəcək

 

2015-ci ildən başlayaraq hər il Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantılarında Albaniya da yüksək səviyyədə təmsil olunur. Çünki bu ölkə "Cənub qaz dəhlizi" layihəsinin iştirakçılarından biridir və həmin amil Azərbaycanla Albaniyanın iqtisadi əlaqələrinin daha da genişlənməsinə təkan verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri zamanı bu mövzu diqqət mərkəzində olub.
"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) Albaniyanın da ərazisindən keçir. Belə ki, 878 kilometr məsafə boyu uzanan bu kəmər Yunanıstanda 550 kilometr, Albaniyada 215 kilometr, Adriatik dənizinin dibində 105 kilometr və İtaliyanın quru ərazisində 8 kilometrlik yol qət edir. Xatırladaq ki, TAP-la kommersiya qaz nəqlinə 2020-ci ilin sonuncu günü başlanıb və həmin vaxtdan bu xətlə Azərbaycandan Avropaya fasiləsiz olaraq mavi yanacaq daşınır.
Bu il noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay təkbətək görüşdən sonra mətbuata bəyanatlarla çıxış edərkən dövlətimizin başçısı demişdir: "O ki qaldı qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və "Cənub qaz dəhlizi"nin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanmışdır. Həmin memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir".
Üstəlik, İon-Adriatik boru kəməri bütün bu işlərə kömək göstərəcək. Belə ki, layihə başa çatdıqdan sonra Cənub-Şərqi Avropanın bir sıra ölkələri qaz nəqli üçün TAP-a qoşula bilər. Uzunluğu 516 kilometr olan İon-Adriatik boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçərək Xorvatiyada başa çatacaq. Tikilməkdə olan kəmərin buraxılış gücü ildə 5 milyard kubmetr qaz təşkil edəcək. Bu həcmdən Albaniyanın 1 milyard kubmetr, Monteneqronun 500 milyon kubmetr, Bosniya və Herseqovinanın 1 milyard kubmetr, Xorvatiyanın 2,5 milyard kubmetr təbii qaz alacağı gözlənilir.
Albaniya Prezidenti Bayram Beqay bəyanatında bu məsələyə toxunaraq demişdir: "Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon-Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik".
Albaniyada indiyə qədər qaz şəbəkəsi yaradılmayıb. Odur ki, Azərbaycan bu ölkədə qaz təsərrüfatının inkişafına da töhfə verə bilər. İki ölkənin dövlət başçıları Azərbaycanın bu sahədə investor kimi iştirak edə biləcəyi və energetika sahəsi ilə bağlı olan digər məsələləri də müzakirə etmişlər.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan qazına artan tələbatı və mavi yanacaq ehtiyatlarımızın zəngin olduğunu bir daha xatırladaraq demişdir: "Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni bu layihə - "Cənub qaz dəhlizi" cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni bu onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video